“Ermənistan dövlət sərhədində Rusiya sülhməramlıları dayana bilməz, Azərbaycanın sərhəd qoşunları, Gömrük Komitəsi burada yerini almalıdır”.
Üçtərəfli razılaşmaya əsasən, sabah, dekabrın 1-nə qədər Laçın rayonu boşaldılıb, Azərbaycana təhvil verilməlidir. Amma razılaşmaya görə, bu rayonda Dağlıq Qarabağla Ermənistanın əlaqəsi üçün 5 km enində dəhliz olmalıdır. Dəhlizin də Laçın rayon mərkəzinə düşəcəyi gözlənilir…
Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı “Turan” agentliyinə açıqlama verən Milli Məclisin sədr müavini Fəzail İbrahimli də deyib ki, qarşı tərəfin Laçın rayonundan çıxması Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatında yer alır.
Onun fikrincə, həm də bu məsələdə “ağsaqqallığı” Rusiya öz üzərinə götürüb: “Burada baş verən hər hansı cüzi anlaşılmazlıq Rusiya tərəfinin ya özünün içindən gələ bilər, ya da ona qarşı hörmətsizlik olar. İndi Rusiya tərəfi bu işə hansı qəribə düşüncələrlə girişsə, özünü nüfuzdan salar, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirər”.
Onun fikrincə, bu məsələdə hər hansı yubanma olsa idi, (Kəlbəcərin boşaldılması 10 gün yubadılmışdı-red) yəqin, indiyə kimi elan edilərdi və Azərbaycan tərəf də bilərdi ki, bu çıxış yubanır: “Artıq günün yarısı gedib, yarım gün qalır. Belə məlumat yoxsa, günün yarısı (noyabrın 30-u-red) gedib. Odur ki, erməni tərəfi Laçından çıxacaq. Laçından çıxmaqları razılaşmada əksini tapıb, digər boşaldılan rayonlar kimi, Laçın da boşaldılmalıdır”.