İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi müsahibə verib.
– Cənab səfir, İran İslam Respublikasının Ali Lideri, ayətullah əl-üzma Seyyid Əli Hüseyni Xameneyi cənabları Azərbaycanın apardığı 44 günlük Vətən Müharibəsinin gedişi zamanı ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı bəyanatla çıxış etdi. Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu bəyanat sözsüz ki, Azərbaycan xalqı və dovləti tərəfindən böyük məmnunluq hissi ilə qarşılandı. Dost və qonşu İran dövlətinin səfiri kimi bu istiqamətdə nələri qeyd edə bilərsiniz?
– Qeyd etdiyiniz kimi Ali rəhbərin sözləri İran islam Respublikası xarici siyasətinin əsas prinsiplərinin, beynəlxalq birliyin qəbul etdiyi, İslam və bəşəri normalara söykənən və ədalət üzərində qurulan prinsiplərin açıq və şəffaf bəyan edilməsi idi. İslam Respublikasının rəsmiləri dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsinin ölkəmizin prinsipial mövqelərindən biri olduğunu bildiriblər. Müstəqil ölkənin ərazisinin işğal edilməsi bu gün heç kəs tərəfindən qəbul edilmir və ərazisi işğal olunmuş ölkənin öz ərazilərini işğaldan azad etmək üçün mübarizə aparması və döyüşməsi onun haqqıdır. Biz son müharibənin əsas səbəbini işğalda görürük və işğala son verilməsini istəyirik. Bizim Azərbaycan Respublikası və Qarabağ torpaqları barədə mövqeyimiz daim açıq və şəffaf olub. Biz işğal olunmuş ərazilərin və Dağlıq Qarabağın azad edilməsi üçün Azərbaycan Respublikasının mövqeyini müdafiə etmişik. Çünki İran bu ərazilərin Azərbaycan Respublikasına məxsus olduğuna inanır. Azərbaycan Respublikasının ərazi bütövlüyü və milli suverenliyi bizim üçün həmişə vacib olub. Ali Rəhbərin son açıqlamaları bu inama uyğun idi.
– Azərbaycanın apardığı Vətən Müharibəsi nəticəsində İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğaldan azad edildi. Bu amil iki ölkənin sərhədyanı ərazilərinin inkişafına, qarşılıqlı gediş-gəlişin artmasına, ikitərəfli münasibətlərin daha da sıxlaşmasına nə kimi təsir edəcək?
– Şübhəsiz ki, bu günə qədər Ermənistan tərəfindən işğal olunmuş İran İslam Respublikasının sərhədləri yaxınlığında yerləşən Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin azad edilməsi ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün bir çox yeni imkanlar yaradacaqdır. Bu məsələ iki ölkə arasında tarixi və mədəni ortaqlıqlara və mehriban qonşuluq prinsipinə əsaslanan əməkdaşlığı genişləndirəcək və müxtəlif səviyyələrdə görüşlərin artması üçün uyğun bir platforma yaradacaqdır. Xatırlatmaq istərdim ki, Azərbaycanın işğal olunmuş əraziləri azad olunmadan əvvəl də İran İslam Respublikasının Azərbaycan Respublikası ilə Araz çayı bölgəsində əməkdaşlığı qurulub, ölkəmiz işğal olunmuş bölgədə “Xudafərin” su bəndinin inşasında fəal iştirak edib. Belə ki, su bəndi haqqında saziş illər əvvəl – 2016-cı ildə Azərbaycan Respublikası ilə bağlanaraq işğalçılara bu mesaj verilmişdi ki, İran onların bu regionda varlığını rəsmən tanımır. Bu iş qeyd olunan əməkdaşlığın bariz nümunəsi idi. Daha əvvəl də qeyd edildiyi kimi, İran və Azərbaycan Respublikasının ortaq tarixi, mədəni və dini kökləri iki ölkənin sərhədlərini həmişəlik sülh və dostluq sərhədlərinə çeviribdir. Bundan sonra iki ölkənin ortaq sərhəd bölgələrinin inkişafını və yüksəlişini görəcəyimizi ümid edirik.
– Bu amil, yəni dövlət sərhədlərimizin 132 kilometrinin işğaldan azad edilməsi İran İslam Respublikasına hansı üstünlüklər qazandıracaq?
– Azərbaycanın azad edilmiş şəhərlərinin İran İslam Respublikasının sərhədlərinə yaxınlığı yalnız İran üçün deyil, həm də Azərbaycan üçün əlverişli fürsət və danılmaz üstünlükdür. Azərbaycan Respublikası İranda olan tikinti materiallarını daha asan əldə etmək, ixtisaslaşmış və təcrübəli işçi qüvvəsindən istifadə etməklə yeni azad olunmuş ərazilərin inkişafını daha az və sərfəli xərclərlə sürətləndirə bilər. Digər tərəfdən, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə ortaq sərhədlərinin uzunluğunun 132 km artırılması iki ölkənin gömrük və nəqliyyat əməkdaşlığının inkişafında yeni addımlar atmasına və yeni keçidlər yaratmasına imkan verəcəkdir. Lazımi infrastruktur yaratmaqla, iki ölkənin sərhəd münasibətləri ilə yanaşı təhlükəsizliyin də artacağını gözləyirik. İki ölkənin sərhəd bölgələrində sülh, sabitlik və təhlükəsizliyin daha artacağına ümid edirik və Azərbaycan Respublikasının möhtərəm prezidentinin dediyi kimi bu sərhəd “dostluq sərhədi”dir.
– Cənab səfir, bildiyiniz kimi, 1994-cü il martın 17-də İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsi Xankəndi şəhəri yaxınlığında erməni silahlı qüvvələri tərəfindən “Osa” zenit raket kompleksi ilə vurulub. Nəticədə 19 sərnişin (onlardan 9-u uşaq idi) və 13 ekipaj üzvü olmaqla təyyarədə olan 32 nəfərin hamısı həlak olub. Sərnişinlər İranın Rusiyadakı səfirliyinin əməkdaşlarının ailə üzvləri idilər. Qarşıdan İranda və Azərbaycanda böyük təntənə ilə qeyd olunan, bizim xalqların ortaq bayramı olan Novruz bayramı gəlirdi. Bu dinc, heç bir günahı olmayan, məsum insanlar sevinc içində öz Vətənlərinə – doğmalarının yanına bayramı qeyd etməyə gedirdilər, ancaq onlar bir anda amansız erməni terroruna qurban getdilər... Bu faktı xatırlatmaqda məqsədimiz odur ki, İranın qonşuluğunda özünü “dqr” adlandıran belə bir separatçı, qanunsuz və terrorçu rejimin mövcud olması əslində İran İslam Respublikasının milli təhlükəsizliyini ciddi təhdid edirdi. Siz də bu fikirləri bölüşürsünüzmü?
– İran İslam Respublikası sərhədləri yaxınlığında belə bir respublikanın mövcudluğunu heç vaxt tanımayıb və tanımayacaq. İslam Respublikası həmişə beynəlxalq sərhədlərin toxunulmazlığı və ölkələrin ərazi bütövlüyünün qorunması prinsipini vurğulayır və dünyanın istənilən bölgəsində işğalçılığa, separatizmə və hər hansı qondarma ölkənin yaradılmasına müxalif olduğunu bəyan edir.
– Hərbi əməliyyatların gedişi zamanı – oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. Nümayəndə heyəti həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildi. Biz bilirik ki, İran İslam Respublikası regionun aparıcı dövlətlərindən biri kimi bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinin tərəfdarıdır. Eyni zamanda rəsmi Tehranın regionda davamlı sülhün təmin olunması istiqamətində bir sıra təklifləri var. Bu təkliflərin mahiyyətini açıqlaya bilərsinizmi?
– Əvvəla, Prezidentin xüsusi elçisi olaraq Dr. Əraqçinin səfəri, İran İslam Respublikası rəsmiləri üçün Azərbaycanın qonşu, dost və qardaş kimi necə önəmli olduğunu göstərir. Bu səfər müharibənin, qan tökülməsinin və zorakılığın davam etməsinin qarşısını almaq və iki tərəfin ən qısa müddətdə sülh yolu ilə ədalətli bir həll tapması üçün xüsusi niyyət və məqsədlə həyata keçirildi. Ədalətli həll o deməkdir ki, Azərbaycan Respublikası ərazi bütövlüyünə nail olsun və işğal olunmuş əraziləri Azərbaycana qayıtsın.
Tehran planı humanitar prinsiplərə əsaslanır və əlaqəli tərəflərin tələblərinə diqqət yetirir və bu planın əsas məqsədi Dağlıq Qarabağ böhranının bitməsinə kömək etməkdir. İran İslam Respublikası öz təşəbbüsü ilə regional əməkdaşlıq yolu ilə Bakı-İrəvan mübahisəsinə həmişəlik son qoymağa çalışır.
İran planının ilk addımında bölgə ölkələrinin işğala son verməsi, ərazi bütövlüyünə hörmət, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı prinsipi, humanitar huquqlara və azlıqların hüquqlarına hörmət, mülki mərkəzlərə və şəxslərə hücum etməmək də daxil olmaqla bir çox prinsip üzrə praktik öhdəliyi yer alır.