“İlham Əliyev Putinlə danışıqda Şuşa məsələsini qəti şəkildə qoyub və Putin də Əliyevin şərtini Paşinyana çatdırıbmış...”

Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 10-da Dağlıq Qarabağda 44 gün davam edən hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanatın imzalanmasından əvvəl Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların bəzi detallarını açıqlayıb.

Paşinyan öz facebook hesabında bildirib ki, özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezident”i kimi təqdim edən Araik Arutyunyan oktyabrın 19-da ona zəng edərək müharibəni dayandırmalı olduqlarını deyib.

 

“Mən Rusiya prezidenti Vladimir Putinə zəng vurdum. Elə həmin gün Təhlükəsizlik Şurasının iclasını çağırdım. Ermənistan prezidenti də iştirak etdi. Müxalifət xəbəri könülsüz qəbul etdi. Bildirdim ki, mən uğur qazana bilməyəcəyəm və ya xalqdan gizli bir şey etmək istəmirəm.

 

Heç bir açıq bəyanat verə bilmədim, çünki Azərbaycan açıq bəyanatımdan sonra təklifi rədd etsəydi, bu, bütün müqavimət sistemimizin çöküşü olardı. Yenidən Rusiya prezidentinə zəng etdim və dedim ki, razıyam. Bunu səhərədək Əliyevlə müzakirə edəcəyini və mənə zəng edəcəyini söylədi.

 

Putin bildirdi ki, erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması üçün öhdəlik götürməlidir. Şuşanı təhvil verməyə razı olsaydım, Azərbaycan yeni bir şərt qoyacaqdı. Beləliklə, atəşkəs mümkünsüz oldu, çünki dedim ki, Hadrutla razılaşsam da, Şuşanın Azərbaycana verilməsini təsəvvür edə bilmirəm. Beləliklə, heç bir razılıq əldə edilmədi. O zaman Cəbrayıl, Hadrut və yaxınlıqdakı bir neçə kənd, Füzuli və Talış Azərbaycan ordusunun nəzarətinə keçmişdi".

 

Paşinyan qeyd edib ki, bundan sonra da müharibə davam edib.

 

Paşinyan sosial şəbəkədə həmçinin yazıb ki, hələ 2011-ci ildə Kazanda hazırlanan razılaşmaya görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu keçid (son olmayan) status və gələcəkdə referendum qarşılığında verməyə hazır idi.

 

Paşinyan qeyd edib ki, Şuşa məsələsi 2007-ci ildə razılaşdırılan Madrid prinsiplərində müəyyənləşdirilmişdi. Bu sənədə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 1988-ci ildəki nisbətdə olmalı idi: “Bütün bunlarla 2018-ci ildə baş nazir vəzifəsinə gəldikdən sonra tanış oldum. Nə edə bilərdim? Xalqa müraciət edib, ”Dostlar, vəziyyət belədir - ya Qarabağın statusu olmadan yeddi rayondan imtina edirik, ya da müharibə olacaq" deyə bilərdim. Onda insanlar nə deyəcəkdilər? Onlar vətənlərini müdafiə edəcəkdilər. Müharibə başlayacaqdı və elə alınacaqdı ki, müharibəni Ermənistan başladıb. “Əraziləri qaytarırıq” desəydim, bu dəfə insanlar “Nikol xaindir” deyəcəkdi və yenə müharibə başlayacaqdı".

 

Baş nazirin sözlərinə görə, məsələni danışıqlar yolu ilə iyuldakı gərginlik və sentyabrdakı müharibə aralığında həll etməyə çalışsaydı, ondan qoşunların geri çəkilməsi üçün xüsusi qrafik tələb olunacaqdı. Buna razı olduğu təqdirdə isə yenə xain adlandırılacaq və yenə müharibə başlayacaqdı: “Beləliklə, 2018-ci ildən sonra Qarabağ məsələsi çıxılmaz vəziyyətə gəldi, bundan yalnız bir çıxış yolu vardı - ərazilərin qeyd-şərtsiz geri qaytarılması”. Yəni nəticə təxminən indiki kimi olacaqdı.

 

Serj Sərkisyanın müxalifətdə olan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına reaksiya verib.

 

Şarmazanov N.Paşinyanı “həyasızcasına yalan danışmaqda” və “torpaqları satmaqda” ittiham edib: “Hələ 12 oktyabrda, təkrar edirəm, 12 oktyabrda mən Paşinyana təklif etdim ki, Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin. Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq. Ancaq o bunu etmədi və xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”.

 

Onun sözlərinə görə, 19-20 oktyabr danışıqlarında da Paşinyan Rusiya liderinin təklifindən imtina etdi və bu, Putin üçün anlaşılmaz idi: “Amma bu gün o, həyasızcasına yalandan deyir ki, Putin onun cavabını ”məntiqli" adlandırıb".

 

Siyasi ekspertlərin fikrincə, Paşinyanın dedikləridən belə görünür ki, o, prosesin başından Putinə hər gün zəng edirmiş. Rusiya prezidentinin təkliflərini isə faktiki olaraq qəbul etmirmiş. Eyni zamanda Azərbaycan Prezidenti Şuşa məsələsində qəti mövqeyini sonadək ortaya qoyub və şərtini Putinə bildirib. Putin də bu şərti Paşinyana şəxsən çatdırıb. Ancaq Paşinyan Şuşa məsələsində dirəniş göstərib və bu da Şuşanın Azərbaycan tərəfindən döyüşlə azad edilməsinə gətirib çıxarıb. Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan özünü təmizə çıxarmaq üçün tez-tez yenə də sosial şəbəkədə statuslar yazır, paylaşır: “Sonuncu statusuna diqqətlə baxsaq görünür ki, yenə də özünü müdafiəyə keçib. Əsas tezisi də budur ki, guya o, torpaqları əldən verməyib, ondan öncəkilər vəziyyəti bu həddə gətiriblər, Azərbaycanın 7 rayonunun verilməsinə guya Kazanda və digər şəhərlərdə razılaşıblar, sadəcə, status məsələsi gündəmdə qalırmış və buna görə də bu məsələ həll olunmurmuş. Amma Paşinyanın yazdıqları bir həqiqəti üzə çıxardı ki, danışıqları Ermənistan pozub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyirdi ki, danışıqları Ermənistan pozur. İndi Paşinyan faktiki olaraq bunu etiraf edir. Paşinyan etiraf edir ki, böyük dövlətlər də Ermənistana təzyiq edirdi ki, 7 rayon məsələsini həll etmək lazımdır, erməni tərəfi isə bunu uzadırdı və status məsələsini ortaya atırdı. Statusa da Azərbaycan razılaşa bilməzdi. Paşinyanın ikinci etirafı separatçıların lideri Araik Arutyunyanla bağlıdır. Əvvəllər belə deyilirdi ki, Araik Nikolun adamıdır. Amma bu statusunda Paşinyan Arutyunyanı da günahlandırmağa çalışır. Deyir ki, guya o, oktyabrın ortalarında Putinlə danışanda onun şərtlərinə razılaşıb, amma Araik Arutyunyan və Ermənistanın keçmiş rəhbərləri onu inandırıblar ki, status əldə etməyincə razılaşmaq olmaz. Razılaşmamanın isə nəticəsi bəllidir. Bununla Paşinyan Arutyunyanı da günahkar çıxarmağa çalışıb.

 

Paşinyan eyni zamanda Putinə mesaj göndərir. Çünki Putin bugünlərdə dövlət televiziyasına müsahibəsində bildirmişdi ki, 19 oktyabrda Paşinyana zəng edib atəşkəsin lazım olduğunu deyib, eyni zamanda İlham Əliyevin Şuşaya azərbaycanlıların qayıtması şərtini irəli sürdüyünü söyləyib. Paşinyan isə buna razılaşmayıb, deyib ki, bu, mümkün deyil. Paşinyan isə indi bunu belə izah edir ki, guya o, Putinə Şuşanı təhvil verməyin çətin olduğunun səbəbini izah edib və guya RF rəhbəri onu anlayıb. Halbuki Putin müsahibəsində belə fikir dilə gətirməmişdi. Deməli, bununla Paşinyan Putini də çətin durumda qoyur və özünü vəziyyətdən çıxarmağa çalışır. Müxalifət də Paşinyanın yalan danışdığını açıqlayıb. Paşinyanın müharibəni davam etdirmək yolunu tutması həm Ermənistanın itkilərini çoxaltdı, həm də Şuşanın Azərbaycan Ordusu tərəfindən döyüşlə azad edilməsi ilə nəticələndi. İndi Paşinyanın o cür statuslar yazması əslində özünü vəziyyətdən çıxarmır, əksinə, vəziyyətini daha da qəlizləşdirir".

 

Politoloq qeyd etdi ki, Paşinyanın populist siyasətçi olması yanlış qərarlar verməsinə, yanlış addımlar atmasına səbəb olub. Son yazdığı statuslardan da bu bir daha aydın olur: “Paşinyan populist siyasətçi olmasaydı, Şuşada yallı getməzdi, separatçıların liderinin ”andiçmə mərasimi"ni Şuşada keçirməzdi, separatçıların “parlamenti”nin Şuşaya köçürüləcəyi açıqlamasını Şuşada verməzdi. O anlamalıydı ki, bunlar hamısı Azərbaycanda ciddi narazılıqla qarşılanacaq və müharibə riskini artıracaq. Heç Paşinyandan əvvəlkilər bu cür təxribatlara açıq getmirdilər. O isə populist olduğudan bütün bunlara getdi, sülh çağırışlarına, şərtlərinə qulaq asmadı, atəşkəsə razılaşmadı və axırda da məğlub oldu. Paşinyanın yazdıqlarından o da bir daha məlum oldu ki, İlham Əliyev Putinlə danışıqda Şuşa məsələsini qəti şəkildə qoyub və Putin də Əliyevin şərtini Paşinyana çatdırıbmış. Lakin Paşinyan yenə də qabaqgörənlik nümayiş etdirməyərək razılaşmayıb. Nəticədə Şuşanı Azərbaycan Ordusu döyüşlə azad etməli olub. Biz döyüşərək qanımızla Şuşanı azad etdik. Bu da ermənilərə və Paşinyan kimi populistə dərs oldu".

Tarix: 1 Dekabr 2020, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin