“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib. Dövlət başçısının sözlərinə görə, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: “Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”. Deməli, Azərbaycan təkcə hərb meydanında yox, həm də siyasi sferada qalib gəldi və gücünü bütün dünyaya göstərdi. Millət vəkili Tahir Kərimli əldə olunan nailliyyətə dair fikirlərini “Sherg.az”la bölüşüb: “Beynəlxalq ekspertlərin sözləri də, müşahidələr də təsdiqləyirdi ki, ötən illər ərzində ən güclü istehkamlar məhz Kəlbəcərdə qurulmuşdu. Həmçinin Laçın da olduqca strateji yerdir.
Əlbəttə, biz həmin əraziləri döyüşərək azad edərdik. Amma itkilərimiz də çox olacaqdı. Kapitulyasiya müqaviləsi şərait yaratdı ki, üç rayonumuzu qan tökülmədən geri alaq. Əlbəttə, bu, ilk növbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün oldu.