Hərdən yolumu bizim xocalıların məskunlaşdığı Ağcakəndə salıram. Qarabağın bizdə olan yeganə bir gözəl məkanıdır: dağı, daşı, meşələri, İsa bulağının, Yüzbulağın dadını-tamını verən bulaqları, yağış yağmayanda göz yaşı kimi tər-təmiz çayı və bir də üz-gözlərindən Qarabağ dərdi, ağrısı tökülən mehriban insanları. Süleyman Rüstəmin təbirincə desək, cənnət görmək istəyən Ağcakəndə gəlsin. Hər dəfə də bölgəni qarış-qarış gəzirəm. Bu yerləri mənə ilk dəfə hazırda Şabran rayon İcra Hakimiyyətinin başçısı işləyən Novruz Novruzov tanıdıb. Bəzən dağlarda azıram, onda yenə Novruz müəllimə zəng edib yolu-irizi xəbər alıram.
Ağcakənddən keçib sola burulanda kəndin içində (vaxtilə burda ermənilər yaşayıb, indi bizimkilər yaşayır) düz yolun üstündə bir erməni qəbiristanlığı var. İki-üç dəfə düşüb maraq üçün bu qəbiristanlığı gəzmişəm.
Bu günlərdə yenə yolum düşmüşdü Ağcakəndə. Yenə qəbiristanlığın yanından keçəndə düşdüm gəzdim, elə maraq üçün də bir neçə şəkil çəkdim.
Allahverdi Bağırovun …
… Mehdi Hüseynzadənin (Mixaylo) Sovet İttifaqı Qəhrəmanı olduğunu hər dəfə təkrar etməyə ehtiyac olmadığı kimi, Allahverdi Bağırovun da (Qoca Qartal) hər dəfə Milli Qəhrəman olduğunu təkrar etməyə ehtiyac yoxdu…
… məzarının dağıdılması, başdaşının Xankəndində nümayişkarcasına parçalanması, hövsələsi gen olan xalqımızı bir dıqqax hövsələdən çıxartdı. Azca qalmışdıq duraq yaba-balta ilə gedək erməninin üstünə və Ağdamı azad edək, hər şey yaxşı qurtardı.
Ermənilər həm Ermənistandakı qəbiristanlıqları…
… şair Musa Urud bir dəfə rəsmi dövlət tədbiri ilə əlaqədar Ermənistanda olarkən öz doğma kəndlərinə getmişdi və istəmişdi bir qəbiristanlığı da ziyarət eləsin, qoymamışdılar. Xəlvətcə uzaqdan çəkə bilmişdi, yəni qəbiristlanlıq darmadağın idi. Bilmirəm Musa Urudun çəkdiyi həmin filmə baxmısınız, yoxsa yox. Musadan xahiş edərəm filmi verər, «Ədalət» saytının üstündəki «Dolu»nu çıxarıb onu yerləşdirərəm. Heç də «Dolu»dan az effektli bir film deyil. Həm də onsuz da «Dolu»nu «Youtube»dən yığışdırıblar, içimizdəki ermənilərin təşəbbüsü ilə ki , ermənilər baxıb dilxor olurlar…
… həm də işğal altında olan bölgələrdəki türk qəbiristanlıqlarını darmadağın ediblər. Sizə bir faktı da deyim ki, təkcə Ağdamın Qarağacı qəbiristanlığından apardıqları mərmər başdaşılarının qiyməti ən azı Ermənistanın yarımillik büdcəsi qədərdi. Bəli, bütün qəbiristanlıqları dağıdıblar və elə günə qoyublar ki, tarixçilər gələcəkdə sübut edə bilməsin ki, burda türklər yaşayıb, bu da onların qəbiristanlıqları. Amma nədənsə indiyədək gen olan hövsələmizdən çıxmamışdıq, indi çıxdıq.
Oxucu, səni yoracam ey…
… Qədir Rüstəmovun çox maraqlı bir millət təsnifatı vardı. Deyirdi:
- Bax, yaponlar çox balıq yediklərindən elə balığa oxşayırlar. Ruslar və ermənilər çox donuz əti yediklərindən donuza oxşayırlar (bunu Şopenhauer də deyib, amma Qədir nəinki Şopenhaueri… oxumayıb… Yox, deyəsən, mənim onun haqqında yazdığım povesti oxumuşdu. Səsi kimi danışığı da fəhmli idi, fəhmlə demişdi), ərəblər kərtənkələ yediyindən kərtənkələyə oxşayır, biz də yaman çox qoyun əti yeyirik ey. Hərdən hövsələdən çıxıb atılıb-düşürük ha, o da çolpa yeməyimizdəndi…
… gen hövsələmiz bir az daraldı…
Artıq bugünki nəslin yaddaşında deyil, deyirlər qəhrəmanlar unudulmur, unudulur, gop eləməyi yaman xoşlayırıq. Ötən əsrin 80-lərin sonlarında SSRİ-də qeyri-adi bir hadisə olmuşdu. Gürcüstanı sel basmışdı, yüzlərlə insan bu selin qurbanına çevrilmişdi. Həmin vaxt Gürcüstanda hərbi xidmət çəkən Ağdamın Mahrızlı kəndindən Rahib Məmmədov adlı bir əsgər selə atılaraq 28 nəfər gürcünü ölümdən xilas etmişdi və özü həlak olmuşdu. O vaxt gürcülər çox əziyyət çəkdilər, hətta SSRİ-nin böyüklərinə rüşvət də verdilər ki, bu 19 yaşlı igidə Sovet İttifaqı Qəhrəmanı adı alsınlar, ala bilmədilər. Nöşün ki, azərbaycanlı idi. Həmin Rahib Məmmədovun Mahrızlıda oxuduğu məktəbin önündə büstü də var. Mən demək olar ki, ayda ən azı iki dəfə o kənddən keçirəm və çox vaxt da düşüb o büstü ziyarət edirəm.
Bu hadisəni hansısa povestimdə yazmışam, bəlkə də romanımda, yadımdan çıxıb. Xatırlatmağa ehtiyac var. Oxucu, yorulma ey.
Rahib Məmmədov 28 gürcünü xilas edəndə Qarabağ hadisələri başlamışdı.
Bizim hörmətli yazıçımız, alimimiz, professor Kamal Abdulla həmin kənddə məktəblilərlə görüşür və belə bir sual verir:
- Siz də Rahib Məmmədovun igidliyini göstərə bilərdinizmi?











