Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu gün yenidən Maştoç prospektini bağlayıblar. Aksiya zamanı etirazçılar və polis arasında qarşıdurma yaşanıb.
Aksiya iştirakçıları polis qüvvələrinin sərt müqaviməti ilə üzləşiblər. Polislər narazı kütləni dağıtmaq üçün zorakılığa yol veriblər. Onlarla etirazçı saxlanaraq polis bölmələrinə aparılıb.
Aksiya zamanı hətta media işçiləri də polisin hücumuna məruz qalıblar. Polislər hadisə yerində çəkiliş aparan operatorlardan birini sürüyüblər.
Qarabağ müharibəsində itkin düşən əsgər valideynləri də etiraz aksiyalarına ara vermirlər. Hərbi hissələrdən birinin yaxınlığında toplaşan əsgər valideynləri və onların yaxınları döyüşlərdə itkin düşən əsgərlərin tapılmasını tələb ediblər. Valideynlərdən biri 45 gündür övladından xəbər almadığını və ona heç bir kömək göstərilmədiyini bildirib.
İtkin düşən hərbçilərin axtarılması ilə bağlı aparılan işlərdən narazı qalan valideynlər Ermənistan Müdafiə Nazirliyinin önündə də etiraz aksiyası keçiriblər. Onlar Müdafiə Nazirliyinin binasına daxil olmağa çalışsalar da, polisin müdaxiləsi ilə üzləşiblər.