Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, hələlik Laçın rayon mərkəzi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərimizi azad etdik. Bundan sonra görüləcək əsas iş nə olmalıdır?
- Biz addım-addım Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməliyik. Paralel olaraq dağıdılmış şəhər və kəndlərimizin yerində müasir yaşayış məskənlərinin salınmasına başlamalıyıq. Tezliklə xüsusi dövlət proqramı qəbul olunmalı, beynəlxalq təşkilatlar, donor ölkələr, xarici şirkətlər bu işə cəlb edilməlidir. Çalışmalıyıq ki, qısa zaman kəsiyində köçkünlərin əhəmiyyətli hissəsini ata-baba yurdlarına qaytaraq.
Eyni zamanda, Azərbaycan dövləti sərhədçilərimizin Laçın dəhlizində Ermənistanla sərhəddə dayanıb Rusiya sülhməramlıları ilə birgə nəzatət həyata keçirməsinə nail olmalıdır. Dağlıq Qarabağda sakinlər tərk-silah olunmalı, onların təhlükəsizliyinə Rusiya və Azərbaycan dövləti təminat verməlidir. Azərbaycanda yaşamaq hüquqları araşdırılmalı, qanunsuz məskunlaşmış şəxslər ölkədən çıxarılmalı, digərlərinə pasport verilməlidir. İlk növbədə azərbaycanlı köçkünlərin Dağlıq Qarabağdakı yurdlarına qaytarılmasını təmin etməliyik. Qondarma rejimin keçirdiyi seçkiləri heç kim, o cümlədən Rusiya tanımadığından və bölgənin hər hansı siyasi-inzibati statusu olmadığından, ən qısa müddətdə yaşayış məntəqələri üzrə bələdiyyə seçkiləri keçirilməlidir. Çünki qondarma rejimin “prezidenti”, kriminal və axtarışa verilmiş Araik Arutyunyanla Azərbaycan rəsmilərinin təması mümkün deyil. Erməni sakinlərin Azərbaycanın yurisdiksiyasına qaytarılması üçün iqtisadi, maliyyə və sosial sferada ciddi addımlar atılmalıdır. Bölgənin Rusiyanın yox, Azərbaycanın idarəetməsinə keçməsi üçün Rusiya ilə ciddi müzakirələr aparılmalıdır.
- Rusiya ilə bu məsələdə anlaşmağı mümkün sayırsınızmı?
- Vaxtilə çoxları Rusiya ilə torpaqlarımızın işğaldan azad olunması istiqamətində hər hansı danışığın nəticəsi olmayacaq əhəmiyyətsiz vaxt itkisi hesab edirdi və etiraf etməliyik ki, hətta bəzi insanlar torpaqlarımızı geri qaytara biləcəyimizə ümidlərini itirmişdi. Mən isə həmişə iqtidarı bağlı qapılar arxasında Rusiya ilə danışmağa çağırırdım. Çünki dövlətlərin əbədi dostu yox, daimi maraqları var. İndi də Rusiyanı inandırmalıyıq ki, söhbət kiçik bir ərazidən getmir. Dövlətin öz ərazisində suveren hüquqlarını bərpa edə bilməməsi həmin dövlətin nüfuz məsələsidir. Xalqımız hiss etsə ki, Rusiya həqiqətən buna mane olmaq istəyir, o zaman deyirlər ki, böyük sevgi ilə böyük nifrət arasında məsafə çox kiçikdir. Rusiya marağında olmalıdır ki, təkcə hökumət yox, xalqımız da Rusiyanı yaxın dost və strateji tərəfdaş kimi görsün. Biz Rusiyanın qonşu dost ölkə və böyük dövlət kimi regionda maraqlarını mütləq nəzərə aldığımız kimi, Rusiya da xalqımızın bu istəyini nəzərə almalıdır.