Azərbaycanın bir sıra siyasi partiyaları, ictimai təşkilatları və ictimai xadimləri Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı müraciət edilib.
Pravda.az xəbər verir ki, müraciət Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatına, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT-ə, Qoşulmama Hərəkatının Koordinasiya Bürosuna, NATO-ya NATO Parlament Assambleyasına, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatına (UNESCO) ünvanlanıb.
Müraciəti Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Klassik Xalq Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu, ABŞ-ın Şimalı Karolina Universitetinin professor Əli Əskərov, texnika elmləri doktoru, professor Tofiq Şahtaxtinski, Demokraik Dəyişim Platformasının rəhbəri Əli Mustafayev, Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl, Hüquq doktoru, Amerika Vəkillər Kollegiyasının üzvü İsmail Şahtaxtinski, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri, professor Qulu Məhərrəmli, Beynəlxalq “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli imzalayıb.
Müraciətdə bildirilir ki, Azərbaycan Ordusunun işğalçı Ermənistana və onun himayə etdiyi separatçı –terrorçu Dağlıq Qarabağ rejiminə qarşı həyata keçirdiyi antiterror əməliyyatı – Vətən müharibəsi nəticəsində cəmi 44 gün ərzində işğal olumuş ərazilərimizin böyük hissəsi, o cümlədən ölkəmizin mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri Ermənistanın işğalından azad edildi.
Bu tarixi zəfər Azərbaycan xalqının müzəffər Ordumuza, dövlət hakimiyyətinə böyük dəstəyi və qardaş Türkiyə dövlətinin misilsiz siyasi-hüquqi və hərbi-texniki yardımı sayəsində əldə olunub. “Bu tarixi nailiyyətlər xalqımızda böyük sevinc və qürur hissi doğurur. Son vaxtlarda qəhrəman Türkiyə Ordu hissələrinin Qarabağa gətirilməsi xalqımızın ölkəmizin gələcəyinə, xarici qəsbkarlar üzərində tam və qəti qələbəsinə ümid və inamını daha da artırmışdır. Məhz bu çox xoş hisslərlə Sizə müraciət edirik.
Biz, bu sənədi imzalayan şəxslər belə hesab edirik ki, Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat-anlaşma nəticəsində ölkəmizin cənnət guşələrindən Ağdam, Kəlbəcər və Laçın rayonlarının da düşməndən təmizlənməsi, Naxçıvana dəhliz -yolun açılmasının nəzərdə tutulması Azərbaycan ordusunun möhtəşəm qələbələrinin məntiqi nəticəsidir. Lakin həmin üçtərəfli anlaşmanı əsas tutaraq Rusiya qoşunları çoxsaylı ağır hərbi texnika ilə “sülməramlı qüvvə” adı altında Azərbaycanın Qarabağ regionuna gətirilərək dəqiq təsvir olunmayan "təmas xəttində" və 5 km. enində nəzərdə tutulan Laçın dəhlizində yerləşdirilmiş və keçmiş “Dağlıq Qarabağ vilayəti”ndə yaradıılmış separatçı rejimi dirçəltmək üçün fəaliyyətə başlamışdır.
Tarixi faktlar subut edir ki, son 30 ilə yaxın müddət ərzində Rusiya “sülhməramlı qüvvə” adı altında hərbi kontingent göndəriyi bütün postsovet ölkələrində, o cümlədən Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım, Donetski və Luqanski bölgələrində işğalçılıq və ilhaq siyasəti həyata keçirmiş və keçirir. Qeyd etməliyik ki, keçmiş Sovetlər İttifaqının 366-cı motoatıcı alayı da ilk dəfə “sülhməramlı” adı altında Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmişdi. SSRİ-nin süqutundan sonra Rusiya silahlı qüvvələrinin nəzarəti altına keçən həmin hərbi birləşmə 1992-ci il fevralın 26-da erməni terrorçuları ilə birlikdə Qarabağın Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı vəhşi soyqırım törədilməsində iştirak etmişdir.
Yuxarıda göstərilən Bəyanat-anlaşma əsasında hazırda Rusiya silahlı qüvvələrinin “sülməramlı qüvvə” adı altında Azərbaycan ərazisində fəaliyyəti milli və beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə tamamilə zidd, qanunsuz aktdır. Bunu aşağıdakı hüquq normaları açıq-aydın subut edir:
1. Ölkəmizin qanunvericilik aktlarına görə üç dövlət başçısının imzaladığı “anlaşma sənədi”nin Azərbaycanda heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, 1991-ci il oktyabr ayının 18-də Ali Sovet (parlament) tərəfindən qəbul edilən və az sonra referendum yolu ilə xalq tərəfindən təsbit olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının” 12-ci maddəsinə görə, “dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır”. Bundan başqa Konstitusiya Aktının 12-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir”, “Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlərlərə və dövlət ittifaqlarına vermir”. Bu müddəalardan aydın şəkildə görünür ki, “sülhməramlı” adı altında Rusiya qoşunlarının Azərbaycana gətirilməsi və onların Qarabağda “təmas xətti” boyunca ərazilərimizə nəzarət etməsi həmin yerlərdə Azərbaycan dövlətinin suveren hakimiyyətini məhdudlaşdırır. Bu məhdudlaşdırıcı hallar isə azad surətdə keçirilən referendum yolu ilə bütün Azərbaycan xalqının razılığı (referendum) əsasında həyata keçirilmədiyinə görə xalqımızın iradəsinə zidd, işğalçılıq aktıdır.
2. Beynəlxalq hüquqa əsasən hər hansı ölkədə sülhməramlı qüvvələrin yerləşdirilməsi BMT-nin Təhlükəsizlik Şurasının qərarı və mandatı ilə həyata keçirilməlidir. BMT sülhməramlıları olmayan missiyalar da öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanmalı, qərəzsiz və tərəfsiz olmalı, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etməlidir. Lakin Ermənistanla hərbi ittifaq bağlayan Rusiyanın münaqişə zonasında qərəzsiz və tərəfsiz missiya ilə çıxış etməsi mümkünsüz olduğuna görə onun Azərbaycanın yurisdiksiyasına aid olan Dağlıq Qarabağa “sülhməramlılar” adı altında qoşun yeritməsi BMT-nin müəyyən etdiyi baza prinsiplərinə ziddir və qanunsuzdur.
Rusiya “sülhməramlıları” qısa vaxt ərzində keçmiş Dağlıq Qarabağ vilayəti ərazisində milli və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqla və həmin bölgədə işğalçılıq hərəkətlərinə yol verməklə ölkəmizin dövlət müstəqilliyi və suverenliyi üçün ciddi təhlükələr yaratmışdır. Bunu aşağıdakı hallardan və faktlardan aydın şəkildə görmək olar:
1. Rusiya qoşunları sülhməramlı fəaliyyətlə bir araya sığmayan hərbi döyüş silahları ilə təchiz olunaraq faktiki olaraq Dağlıq Qarabağda hərbi baza qismində fəaliyyət göstərir.