Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tarixə qızıl hərflərlə həkk olunmuş zəfərin əldə edilməsinə səbəb olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq, hərbi qulluq vəzifəsini icra edərkən nümayiş etdirdikləri igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çoxsaylı hərbi qulluqçuları Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif ediliblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğal olunmuş ərazilərin azad olunması üçün əks hücum əməliyyatlarının başlanıldığı ilk gündən Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin hücuma məruz qalmasına baxmayaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Azərbaycan ordusuna yalnız döyüş meydanında düşmənin legitim hərbi hədəflərinə zərbələr endirmək, hərbi əsir və mülki əhaliyə münasibətdə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən Cenevrə Konvensiyalarının tələblərinə dönmədən əməl olunmasına dair tapşırıq verib. Ali Bas Komandanın göstərişlərini rəhbər tutan Azərbaycan Ordusunun əsgər və zabitləri torpaqlarımızın işğaldan azad edilməsi zamanı mülki əhali, o cümlədən qadın, uşaq və ahıl şəxslərə, əsir götürülmüş hərbçilərə, din xadimlərinə münasibətdə xalqımıza məxsus yüksək mədəniyyət və humanizm nümayiş etdirərək diqqət və qayğı ilə yanaşıb, bu münasibət həmin şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşləri, yerli və kütləvi informasiya vasitələrinə müsahibələri vasitəsilə geniş işıqlandırıılıb.
Təəssüf hissi ilə qeyd olunmalıdır ki, müharibənin törətdiyi ağır psixoloji durumun təsiri altında bəzi hərbi qulluqçular tərəfindən düşmənə qarşı mübarizənin metod və üsullarının dərk edilməsində yanılmalar Silahlı Qüvvələrin göstərdikləri rəşadət və əzmə, eləcə də əldə olunmuş qələbəyə kölgə sala biləcək qanunsuz hərəkətlər törədilməsinə gətirib çıxarıb.
Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.
Əvvəllər bu barədə mətbuata verilmiş məlumata əlavə olaraq bildiririk ki, qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.