“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Qəbul zamanı dövlət başçısı bir sıra məsələlərə toxunub. Prezident bildirdi ki, Minsk qrupunu səfərə dəvət etməyib: “Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var”. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda yeni reallıqlar yaradıb. Bəli, status-kvo güc yolu ilə dəyişdirildi. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, yürüdülən müdrik siyasət, müzəffər ordumuzun şücaəti, xalqımızın həmrəyliyi bu qələbəni şərtləndirdi”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bəyanatlarında status-kvonun qəbulolunmaz olduğunu qeyd edirdilər: “Azərbaycan tərəfi də buna müsbət reaksiya verirdi. Zaman keçdikcə qeyd edilənlərin, sadəcə, kağız üzərində qaldığının şahidi olurduq. ATƏT-in Minsk Qrupu bu illər ərzində heç bir əməli fəaliyyət göstərmədi. Həmin ölkələr Ermənistana BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsini nəzərdə tutan 4 qətnaməsi ilə bağlı çağırışlar etsəydilər, münaqişə həll edilərdi. Onlar Ermənistana heç sanksiya tətbiq etmədilər. Gördük ki, ATƏT-in Minsk Qrupu status-kvonu saxlamağa çalışır. Həmsədrlər münaqişənin hərbi yolla həllini inkar edirdilər. Azərbaycan tərəfi isə dəfələrlə qeyd etmişdi ki, münaqişə sülh yolu ilə həll edilməyəcəksə, müharibə variantı gündəmə gələ bilər. Nəhayət, Azərbaycan sentyabrın 27-də əks-hücum əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi. 44 gün müddətində Azərbaycan ordusu erməni silahlı qüvvələrini darmadağın etdi, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat imzaladılar. Kəlbəcər noyabrın 25-də, Ağdam noyabrın 20-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarıldı. Bu, Ermənistanın tam məğlubiyyəti demək idi. Dövlət başçısı çıxışında da qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub… Erməni faşizmi baş qaldırmağa cəhd edərsə, dəmir yumruq onların belini qıracaq. Azərbaycan təkcə Paşinyanın deyil, o cümlədən Sarkisyan və Koçaryanın formalaşdırdığı siyasəti, mifi darmadağın etdi”.
C.Osmanov qeyd edib ki, münaqişə tarixə qovuşduğundan ATƏT-in Minsk Qrupunun da fəaliyyətinə xitam verilməlidir: “Azərbaycan qalib tərəfdir. Çünki onlara Qarabağ münaqişəsinə görə mandat verilmişdi, problem artıq həll edilib, əraziyə sülhməramlı kontingent yerləşdirilib. Daha ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə turist səfərləri etmələrinə ehtiyac yoxdur”.