"Ədliyyə Nazirliyinin rəhbərlik etdiyim partiyanın - Gələcək Azərbaycan Partiyasının dövlət qeydiyyatına alınması ilə bağlı qərarını alqışlayırıq. Bu, ölkədə iqtidar-müxalifət münasibətlərinin yeni düzəninə töhvə verəcək".
Bunu Pravda.az-a açıqlamasında partiya sədri Ağasif İbrahimov (Şakiroğlu) deyib.
A.İbrahimov qeyd edib ki, Azərbaycanda iqtidar-müxalifət münasibətləri yeni mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, Azərbaycanda çoxpartiyalı sistem mövcuddur: "Gələcək Azərbaycan Partiyasının dövlət qeydiyyatına alınmasını xoşniyyətli addım kimi qiymətləndiririk. Partiyamız ölkədə qeydiyyata alınan 62-ci partiyadır, bu, ölkədəki plüralizmin, siyasi sistemin inkişafının açıq göstəricisidir. Müxalifət partiyalarına olan bu münasibət iqtidarın müxalif düşərgəyə uzatdığı xoşniyyətli əldir. Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu münasibətləri qorumaq lazımdır. Biz bəziləri kimi dövlətə və dövlətçiliyə qarşı müxalifətdə deyilik, iqtidara qarşı müxalifətdəyik, belə də davam edəcək. Milli maraqlarımıza hər hansı təhdid olduqda dövlətimizin yanında olacağıq".
Qeyd edək ki, A.İbrahimova Gələcək Azərbaycan Partiyasının dövlət qeydiyyatına alınması ilə bağlı şəhadətnamə dekabrın 16-da təqdim edilib.
Dövlət qeydiyyatına alınan partiyanın sədri: "İqtidara qarşı müxalifətdəyik, belə də davam edəcək"