Son günlər koronavirusun ölkəmizdə yaratdığı vəziyyətdən hər kəs təşvişə düşüb. Xüsusilə də ölənlər arasında cavan şəxslərin olması daha çox narahatlıq yaradıb. İnsanlar isə düzgün aparılmayan müalicədən, onun fəsadlarından, ən əsası isə diqqətsizlikdən narazılıq edirlər. Digər anlaşılmayan məqam isə evdə müalicə olunan COVİD-19 xəstələrinə müxtəlif müalicələrin yazılmasıdır. Bəs görəsən, xəstələrə ilkin olaraq nə kimi müalicə tətbiq edilməlidir?
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Koln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev “Yeni Müsavat”ın bu və digər suallarını cavablandırıb.
- Doktor, son günlər evdə müalicə ilə bağlı bir sıra suallar yaranıb. İnsanlar bilmir nə etsin. Əksəriyyət həkim nəzarətində deyil. Bəzi həkimlər də koronavirusun müalicəsində Arbidolu məsləhət gördüyü halda, digər həkimlər bunun yanlış olduğunu deyir. Satışda da bu dərman tapılmır. Preparatın təlimatında isə koronavirus əleyhinə olduğu bildirilir...
- Arbidol nə dünya, nə də Avropa protokollarına daxildir. Arbidolu Azərbaycanda ev şəraitində verib, qeyd edirlər ki, bu, xaricdə olan protokollara əsaslanır. Amma bu səhvdir. Protokolların heç birində Arbidoldan istifadə edilmir. Əslində evdə müalicə ala biləcək insanlara heç bir dərman vasitəsinə ehtiyac yoxdur. Sadəcə olaraq, hərarətsalıcı və bol maye içmək kifayətdir. Amma bu həqiqətən evdə müalicə almalı olan xəstələrə aiddir.
Çünki təəssüflər olsun ki, Azərbaycanda bəzən həqiqətən ağırlaşmış xəstələr var ki, onlar həkim tapa bilmirlər, məcbur olub evdə müalicə alırlar, o insanların müalicəsi fərqli olmalıdır artıq. Ümumiyyətlə, koronavirusa yoluxmuş adamlara tibbi xidmət göstərilməli, problemlərinə baxılmalı, onların diqqət mərkəzində olduqları əməl ilə göstərilməlidir. İnsanlar evdə nəzarətsiz qaldıqlarına görə başqa dərmanlar axtarırlar.
- Son günlər koronavirusa yoluxanların ciyərində deyil, digər orqanlarında ciddi fəsadlar yaranır. Koronavirus formasını dəyişir, yoxsa başqa səbəb var?
- COVİD-19 virusu daha əvvəldən də nəinki ağciyərdə, bağırsaqda da, böyrəklərdə də, ürəkdə də, beyində də tapılıb. Vacib olan amil isə ondan ibarətdir ki, bəzən düşünürdülər birinci ağciyərə gedib daha sonra başqa orqanlara fəsadlar törədir. Amma bu virusa xas olan əlamətdən biri də odur ki, ağciyərə getmədən də birbaşa beyinə, ürəyə, başqa orqanlara təsir edə bilir. Bağırsaqlarda da həmin virusun təsiri var. Bu, virusun formasının dəyişməsi demək deyil. Bu əvvəlcədən də belə idi.
- Koronavirusun zədələdiyi orqanları sonra necə bərpa etmək lazımdır, bunun üçün xüsusi dərman varmı?
- Onun xüsusi dərmanı və ya xüsusi yolu yoxdur. Sadəcə, yoluxmamağa çalışmaq lazımdır. Artıq yoluxub müəyyən simptomları keçirdikdən sonra diqqətli olmaq lazımdır ki, başqa simptomlar varsa, həkimə müraciət etmək lazımdır. Ürəkdə simptom varsa, ürək həkiminə, başda varsa, nevropotoloqa müraciət olunmalıdır. Başqa elə bir vasitə, dərman hələ yoxdur ki, onu qəbul edib bütün xəstəliyin qarşısı birdən alınsın.
- Doktor, vaksinlərin yaxınlarda ölkəmizə gətiriləcəyi bildirilir. İnsanlar bu peyvəndlərin yan təsirindən ehtiyatlanırlar. Nə kimi yan təsirləri var, insanlar etibar etməsinlərmi? Siz də bir yazınızda vaksinlərin yan təsirinə toxunmusuz...