“Azad edilmiş torpaqlarımızda hər şey qaydasna düşəndən sonra Ağdərə yolunun açılışı olacaq. İnanıram ki, Ağdərəyə yaxın olan kəndimizə - Ağdabana da gediş-gəlişimiz təmin ediləcək”.
Bu sözləri Kəlbəcərin deputatı Aqil Məmmədov söyləyib. O, bildirib ki, hələlik doğma kəndinə, o cümlədən Kəlbəcərə gedə bilməyib:
“Təxminən 10 gün əvvəl Göygöl rayonunda idim. Amma komendant rejimi qüvvədə idi və əraziyə buraxılış sənədim yox idi. Ona görə, Kəlbəcərə gedə bilmədim. Amma nəzərdə tutmuşam ki, yaxın vaxtlarda müvafiq qurumlardan rəsmi razılıq aldıqdan sonra gedim. Kəlbəcərlə gündəlik əlaqəmiz var. Orada polis idarəmiz fəaliyyət göstərir. Hər gün onlarla əlaqə saxlayırıq. Hər şey qaydasındadır. İş aparılır. Qışla əlaqədar çətinlik yaransa da, minalardan təmizlənmə prosesi davam etdirilir.
Bəziləri qeyri-qanuni halda getməyə cəhd edirlər. Mən bununla bağlı əhaliyə müraciət edərək bildirirəm ki, rəsmi icazə verilmədən azad olunmuş ərazilərimizə getməyə cəhd göstərməsinlər.
Təhlükəsizlik baxımından bu, uyğun deyil. Amma insanları da anlayıram. Biz 30 ilə yaxındır, öz doğma torpaqlarımızı görmürük, ziyarət edə bilmirik. Hər kəs istəyir ata-baba yurduna nəhayət ayaq bassın. Amma bu qədər gözləmişik, bir müddət də səbr edə bilərik. Minalardan təmizlənmədən sonra icazə verildikdə, sərbəst gediş-gəliş olacaq”.