Ermənistanın 16 müxalif siyasi partiyasının vahid namizədi kimi baş nazir vəzifəsinə irəli sürülən Vazgen Manukyan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı aparılan işlərin dayandırılmasını tələb edib. Müxalifətinin vahid namizədi 10 noyabr tarixli üçtərəfli Bəyanatda sərhədlərin delimitasiyası ilə bağlı heç bir tələbin olmadığını əsas gətirərək sərhəd boyu ərazilərdə Azərbaycan torpaqlarından geri çəkilməməyə çağırır. Deməli, son aylarda Qarabağda nəyin baş verdiyini Ermənistan siyasiləri hələ də dərk etmir və ya özlərini bilməməzliyə qoyurlar. Hər iki halda Ermənistan siyasi partiyalarının gündəliyində erməni xalqının mənafeyinin olmadığı görünür.
Əgər doğrudan da, müxalifət partiyaları torpaqların işğalını davam etdirmək niyyətini güdürlərsə, bu cəhd sadə erməniləri yenidən Azərbaycan əsgəri ilə üz-üzə gətirəcək və bundan erməni dövlətinin və xalqının nə isə əldə edəcəyinə inanmaq axmaqlıqdır. Bu erməni xalqını və dövlətini intihara sürükləməkdir. Bunu müxalifət partiyalarının başa düşməməsi mümkün deyil.
İkinci halda, əgər Ermənistan müxalifəti özlərini bilməməzliyə qoyursa və sona qədər müharibə ritorikası əsasında siyasi hakimiyyətə yiyələnmək niyyəti güdürsə, bu da erməni xalqına yaxşı heç nə vəd etmir. Belə çıxır ki, mövcud hökümət əleyhinə keçirilən mitinqlərdə söylənilən pafoslu çıxışlar müharibənin nəticələri ilə bağlı deyil və məhz siyasi hakimiyyətə gəlmək üçün növbəti dəfə ictimai fikri çaşdırmaq cəhdidir.
Belə düşünmək olardı ki, Paşinyanın və onun timsalında Ermənistanın düşdüyü bu günkü ağır vəziyyətdə Ermənistanı və erməniləri sevən bütün siyasi qüvvələr öz aralarındakı mübarizəni kənara qoyub birlikdə Ermənistanı xilas etməyə çalışacaqlar. Amma görünən odur ki, erməni siyasətçiləri öz mahiyyətlərinə uyğun olaraq ən çətin anda bir-birinə qarşı çıxmağa və siyasi hakimiyyətə gəlmək naminə “Paşinyanın satqınlığı” ilə manipulyasiya etməkdən çəkinmirlər. Hakimiyyətə gəldikdən sonra xalqa nə vəd edirlər - bu barədə isə susmağa üstünlük verirlər. Çünki müxalifətin hələlik öz xalqına təklif etdiyi yeganə seçim məhz müharibəni davam etdirməkdən ibarətdir və özündən əvvəlki iqtidarlar kimi bu günkü müxalifətin də hakimiyyətə gələcəyi halda yeni bəlalardan başqa erməni xalqına verəcəyi bir şeyi yoxdur. Buna baxmayaraq Ermənistan müxalifəti 22 dekabradək Paşinyana hakimiyyətdən getmək haqqında ultimatum verib.