Sosial Tədqiqatlar Mərkəzi tərəfindən azərbaycanlılarla ermənilərin Qarabağda birgə yaşaya biləcəyinə, habelə yeni müharibə ehtimalına dair keçirilmiş rəy sorğusunda təsadüfən seçilmiş 603 nəfər iştirak edib. Sorğu iştirakçılarının 66,2 faizi Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşamasının heç vaxt mümkün olmayacağını, 19,4 faizi bir neçə ildən sonra mümkün olacağını, cəmi 4,8 faizi yaxın gələcəkdə mümkün olacağını bildirib.
Bu sorğunun məhdud sayda iştirakçıları olsa da, onun nəticələrini tamamilə əhəmiyyətsiz hesab etmək də səhv olardı. Qarabağda iki icmanın birgə yaşayışını, qarşılıqlı etimadını təmin etməyin yollarına dair fikirlərini politoloq, şərqşünas, Birinci Qarabağ müharibəsinin iştirakçısı Rauf Rəcəbov bölüşüb.
Bir vaxtlar torpaqlarımızın işğal altında olduğu, azərbaycanlıların etnik təmizləmələrə məruz qaldığı halda azərbaycanlılarla ermənilər arasında xalq diplomatiyasının nə dərəcədə məqbul olacağına dair mübahisələr gedirdi. Həmin vaxtlar hansı regional layihələr həyata keçirmisiniz və həmin layihələr indi də əhəmiyyətini saxlayırmı?
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ münaqişəsinin qaynar mərhələsi artıq tarixdir, yəni Azərbaycan ilə Ermənistan arasında hərbi qarşıdurma başa çatıb. İndi də Qarabağ bölgəsində azərbaycanlı və erməni icmalarının birgə yaşaması məsələsi ön plandadır. Hələ ümummilli lider Heydər Əliyevin sağlığında da, sonrakı dövrdə də Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu dəfələrlə dilə gətirmişik. Yəni onlarla dinc münasibətlər qurulmalı, erməni vətəndaşlarımız da Azərbaycan cəmiyyətinə qovuşmalıdırlar. Burada məsələnin iqtisadi, hərbi-siyasi cəhətlərini bir kənara qoyaraq yalnız humanitar tərəfindən, yəni bərpa edəcəyimiz dəyərlərdən danışacağam. Əfsuslar olsun ki, müharibə millətlərarası, dinlərarası, bir çox mənəvi, əxlaqi dəyərlərimizi məhv etdi. Lakin bunları necə bərpa edəcəyimizi hələ 2007-ci ildə düşünürdük.
O vaxt Qafqazın hər üç ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan tarixçilərindən ibarət bir komanda qurmuşduq. Bu komandaya həm ölkəmizdə, həm də xaricdə tanınan alimlərimiz profesorlar Rauf Hüseynzadə və uzun illər ərzində Avropa Şurasının eksperti çalışmış Aydın Aslanov da daxildi. Layihənin icra olunduğu beş il ərzində erməni və gürcü həmkarlarımızla ərsəyə gətirdiyimiz kitabların azərbaycanlılarla ermənilərin birgə yaşayışı məsələsi üçün çox mühüm olduğunu düşünürəm. Həmin kitablar “Cənubi Qafqaz ölkələrinin tarixinə dair məqalələr”, “Cənubi Qafqaz ölkələri tarixinə dair məqalələr”in çarpaz təhlili”, “Cənubi Qafqaz xalqları və ölkələrinin qonşuluq tarixinə dair müsbət misallar (rus və ingilis dillərində)”, “Tarix və kimlik: Cənubi Qafqaz və keçid dövrünü yaşayan başqa regionlar” (rus və ingilis dillərində), “Cənubi Qafqaz ölkələrinin məktəb dərsliklərinin çarpaz təhlili” bu gün də maraq doğurur. Bu kitablar geniş oxucu üçün, xüsusilə də xalqlar arasında sülh və əməkdaşlıq məsələlərilə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər, siyasətçilər üçün nəzərdə tutulur. Onu da deyim ki, Ermənistan və Gürcüstanın bir sıra dövlət ali məktəblərində hazırladığımız kitablar dərsdən kənar vəsait qismində istifadə olunur. Həmçinin üzv olduğumuz “EuroClio” Avropa Tarix Müəllimləri Assosiasiyası ilə də birgə layihə çərçivəsində Bakı, Sumqayıt, Biləsuvar şəhərlərində tarix tədqiqatlıarının yeni üsullarına dair təlim, seminar, ustad dərsləri keçirmişik. Tarix elmində hisslərə yox, yalnız həqiqi faktlara əsaslanaraq fikir yürütməyin xüsusi əhəmiyyəti var. Yalnız belə olan halda aramızda olan ixtilafları yoluna qoya, düşmənçiliyi mehriban qonşuluqla əvəzləyə bilərik. Bunun üçün Ermənistan rəhbərləri arasında lazımi iradənin olduğunu düşünmürəm. Onlar yalnız Azərbaycan ordusunun “dəmir yumruğu”na təslim olmaq məcburiyyətində qaldılar.
Bir neçə il bundan əvvəl üzərində işlədiyiniz layihələr nə dərəcədə faydalı olub? Çünki İkinci Qarabağ müharibəsindən sonra da Ermənistan ictimai rəyində hər hansı müsbət dəyişiklik görünmür.
ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik deyib ki, Azərbaycan və Ermənistan xalqları üçün xalq diplomatiyası olduqca əhəmiyyətlidir. Bununla razılaşmamaq çətindir. Lakin Cənubi Qafqazda bu istiqamətdə həyata keçirilən layihələrin bir çoxu münaqişənin tərəfləri kimi Azərbaycan, Ermənistan, Dağlıq Qarabağı təqdim edərək ölkəmizin ictimaiyyətini bu saxta fikirə inandırmağa yönəldiyini qeyd etmək istərdim. Biz isə münaqişə və müvafiq olaraq danışıqlar prosesinin, habelə xalq diplomatiyasının tərəfləri kimi yalnız Azərbaycanla Ermənistanı görür, eyni zamanda Qarabağın azərbaycanlı və erməni icmalarını da müəyyən məqamlarda iştirakını məqbul sayırdıq. Azərbaycan hökumətinin siyasətinə tam uyğun olan bu mövqeyimiz nəticəsində Ermənistanda dərk etdilər ki, Azərbaycan hakimiyyətində kim olursa-olsun Qarabağın müstəqil olması danışıqlar mövzusu olmayacaq, ola bilməz.
Bütövlükdə, xalq diplomatiyasına qarşı bütün tənqidlərə baxmayaraq, vətəndaş cəmiyyəti nümayəndələri həyata keçirdikləri bütün layihələrdə Qarabağın Azərbaycan torpağı olduğunu əsas götürüblər, bunu etiraf etmək lazımdır. Bu fikir bizim də Gürcüstan və Ermənistan nümayəndələrilə birgə həyata keçirdiyimiz layihələrdə yeridilib.