Azərbaycan əsgəri işğalçı Ermənistan ordusunu Qarabağın bir hissəsindən və ətraf rayonlardan çıxartdı. Ancaq bölgədə erməni silahlıları hələ də qalır. Bundan başqa, Qarabağa Rusiyanın sülhməramlı hərbi qüvvələri də yeridilib. Deməli, Azərbaycan ərazisində iki ölkənin silahlıları var. Eyni zamanda separatçılar da orada qanunsuz silahlı dəstə saxlayırlar.
Erməniləri Cənubi Qafqaza, daha doğrusu, Azərbaycan torpaqlarına Rusiya yerləşdirib, Ermənistanı SSRİ və ya Rusiya yaradıb, ermənilərin ən böyük himayəçisi Rusiyadır, Ermənistan və Qarabağ ermənilərdən çox Rusiyaya lazımdır və bu istiqamətdə olan başqa həqiqətləri deyəndə bəziləri özlərini obyektiv göstərmək üçün tarix-mənbə oyunu oynayır, miladdan öncədən də ilkin mənbə kimi istifadə edirlər. Ancaq azından son 200 ildə baş verənlər erməni-Rusiya münasibətlərinin mahiyyətini görüb anlamaq üçün ən yaxşı güzgüdür.
Qarabağın sovet və Rusiya hərbçilərinin iştirakı ilə işğal olunduğunu da əsaslandırmağa ehtiyac yoxdur. Yuxarıda qeyd etdiyimiz birliyin keçmiş fəaliyyəti də bunu təsdiqləyir. 1990-cı ildə azərbaycanlılar Qarabağda öz evlərini ov tüfəngi ilə qoruyurdu. Həmin illərdə ermənilər onların yurdlarının üstünə sovet tankları, əli avtomatlı əsgərləri ilə gedirdi. Yaxud 1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd faciəsini də bu yerdə xatırladaq. Onda Rusiyanın İTAR-TASS agentliyi helikopterin dumanlı havada qayalara çarpıldığını bildirmişdi. Ancaq istintaq zamanı onda raket partlayışına uyğun gövdə deşikləri aşkar olunmuşdu. Həmin tarixdə Ermənistan və Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Ermənilərə helikopteri vurmaqda Rusiya hərbçilərinin yardım etdiyi də təsdiqləndi.
Başqa bir misal. 1992-ci il fevralın 26-da erməni silahlıları və Rusiya sülhməramlılarının birgə fəaliyyəti nəticəsində Xocalı soyqırımı törədilib. 6 həftəlik döyüşlər zamanı Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında tikdiyi sığınacaq, səngərlər, başqa mühəndis-istehkam obyektləri aşkarlandı, dağıdıldı. Bu tikililəri ermənilərin təkbaşına etdikləri şübhə doğurur. Ona görə ehtimal edilir ki, bu işlərdə Rusiya, Fransa və ABŞ mühəndisləri də ermənilərə sxemlərlə yardım ediblər.
Ermənistan ianələr hesabına mövcud olan siyasi-inzibati obyektdir. Döyüşlər zaman onun hərbi texnikasının zəif olmadığı da məlum oldu. Onları ermənilərə “ianə” olaraq Rusiyanın verdiyi də istisna edilmir. Elə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamazdan bir neçə gün qabaq Rusiyanın İran ərazisindən keçərək Ermənistana ötürdüyü hərbi texnika barədə xəbəri xatırlamaq yetərlidir. Deməli, Azərbaycanın Qarabağdakı torpaqlarının işğal altında saxlanılmasında ermənilərə yardım edilməsi istisna deyil. Çünki ianələr hesabına yaşayan bir ölkə və xalq nə qüdrətli ordu yarada, nə də müharibə edə bilər. 44 günlük döyüşlərdə erməni gənclərinin ölümünün məsuliyyətini ermənilik ideologiyasının daşıyıcıları ilə yanaşı, Ermənistanı quran, erməniləri Azərbaycan torpaqlarına gətirənlər və onları himayə edənlər də daşıyır.
Əslində, döyüşlər nəticəsində Qarabağ məsələsi öz həllini birdəfəlik tapa bilərdi. Separatçılar bölgədən qaçmış, silahlıları mövqeləri tərk etmişdilər. Ancaq onların yardımına yenə də Rusiya çatdı. Noyabrın 10-da imzalanan məlum bəyanatla atəşkəs oldu. Bundan sonra ermənilər yenə əvvəlki kimi Azərbaycana qarşı qanunsuz əməllər törətməyə davam edirlər. Xankəndində hələ də Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanmır. Orada Rusiya və Ermənistanın bayraqları ilə yanaşı, separatçıların rəmzi asılıb. Bu isə öz-özlüyündə çox mətləblərdən xəbər verir... Odur ki, təbii olaraq sual yaranır: qərargahı Xankəndində yerləşən Rusiya sülhməramlıları kimi kimdən qoruyur?
Məlum atəşkəs bəyanatı imzalanan gecənin səhəri, yəni noyabrın 10-u gündüz saatlarında Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil oldu. Bundan sonra sülhməramlılar Qarabağdan getdiyi iddia olunan erməniləri bölgəyə daşımağa başladı. İndi onların sayı 50 minə çatır. Ancaq məsələ yalnız sayda deyil. Döyüşlər zamanı məlum oldu ki, ermənilər heç vaxt yaşamadıqları Azərbaycan ərazilərində məskunlaşdırlıblar. Onlar həmin rayonlardan çıxarılanda öz evlərini tərk edirlərmiş kimi təəssüflənir və tikililəri yandırır, meşələrin ağaclarını az qala kökündən çıxarıb aparmaq istəyirdilər. Bu baxımdan Rusiya sülhməramlılarının Qarabağa daşıdıqları ermənilərin Azərbaycan vətəndaşı olduqlarını təsdiqləyən sənəd varmı? Yaxud onların 1988-ci ildən əvvəl Qarabağda yaşadıqlarını kim yoxlayır? Rusiyanın Qarabağa gətirdiyi “qaçqın ermənilərin” perspektivdə Azərbaycan dövlətinə qarşı əli silahlı terrorçu olmayacağına hansı dövlət təminat verir?
Ermənilər az qala 200 il əvvəl olduğu kimi Qarabağa Rusiyanın yanaşması ilə məskunlaşdırılır. Sülhməramlı sayılan həmin qüvvələrin fəaliyyətinə Azərbaycan tərəfdən hələ də ictimai nəzarət təşkil edilməyib. Bu isə rusiyalı hərbçilərin fəaliyyətinin şəffaflığını şübhə altına alır. Separatçıların başçısı Araik Arutyunyan sülhməramlılarla birlikdə “işləyir”. Deməli, separatçıların nəzarəti altında olan silahlıların tərk-silah olunmasında heç bir problem yaşanmaz. Bundan başqa, Qarabağda ermənilərin silahlanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya da məsuliyyət daşıyır. İndiyədək danışıqlarda heç vaxt separatçıların tərk-silah olunması məsələsi gündəlikdə olmayıb. Başqa sözlə, vasitəçilər onları görməzdən gəlib, rəsmi saymayıb, əsasən Qarabağdakı Ermənistan silahlılarından bəhs edilib. Bu şəraitdə isə separatçıların silahlı dəstələri formalaşıb. Onlar hazırda da fəaliyyət göstərirlər. Deməli, Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsində Ermənistan hərbçiləri ilə yanaşı, separatçıların silahlıları da qalır. Bu isə Bəyanatın 4-cü maddəsinin Rusiya və Ermənistan tərəfindən pozulmasıdır: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...” Hər halda bölgədə erməni silahlıları olmazsa, atəşkəs daha tez təmin olunar.