Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüş keçirib.
Pravda.az-ın məlumatına görə, H. Hacıyev Prezident İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğuladığını, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasında və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdırıb.
Prezident köməkçisi 2013-cü ildə ölkədə ictimai nəzarət mexanizminin hüquqi bazasının yaradıldığını, “İctimai iştirakçılıq haqqında” qanun qəbul edildiyini, qanuna əsasən, mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkil etmək üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizminin təsbit edildiyini vurğulayıb. O, sözügedən qanunun qəbul edilməsindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun tətbiqində ciddi problemlərin qaldığını, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmadığını, mövcud olan əksər şuraların isə yaradılmasında və fəaliyyətində kifayət qədər nöqsanlara yol verildiyini bildirib.