“Artıq münaqişə tarixi kontekstdə öz həllini tapıb. Azərbaycan Ordusu və onun Ali Baş Komandanı Minsk Qrupunun həll etməli olduğu missiyanı həyata keçirib, erməni qoşunları Azərbaycan torpaqlarından çıxarılıb və bu proses digər istiqamətlərdə də davam edəcək. Buna görə də, Dağlıq Qrabağın statusu ilə bağlı hansısa müzakirələrin aparılmasına lüzum görmürük. Amma görünür, bölgədə mövqelərinin zəifləməsindən narahat olan Fransa bununla barışmaq istəmir”.
Politoloq Elşən Manafovun müsahibəsini təqdim edir:
- Rusiya “Dağlıq Qarabağın statusu” məsələsində gündəmdə saxlamağa çalışır. Prezident Vladimir Putindən sonra Federasiya Şurasının spikeri Valentina Matvyenko da bu məsələyə diqqət çəkdi, dedi ki, statusun müəyyən edilməsi yeni danışıqlar tələb edir. Əgər münaqişə Putinin də əvvəllər dediyi kimi, öz həllini tapıbsa, hansı statusdan söhbət gedə bilər və Rusiya tərəfinin bu səyləri nəyə hesablanıb?
- Rusiyanın bütün səyləri Cənubi Qafqazda, xüsusən də Azərbaycanda maraqlarının təmin edilməsinə hesablanıb. Rusiya hələ XIX əsrdə - 1828-ci ildə Qacarlarla Türkmənçay müqaviləsini imzaladıqdan sonra Azərbaycanda maraqlarını təmin etmək üçün erməniləri Qarabağ və Naxçıvan ərazilərinə köçürmüşdü. Bu baxımdan, Vətən müharibəsindən sonra Azərbaycan ərazilərində erməni faktorunun aradan qaldırılması Rusiyanın bölgə ilə bağlı maraqlarına cavab vermirdi.
Rusların burada təmsil olunması və bölgədə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya zaman-zaman statusla bağlı məsələləri müzakirəyə çıxarmağa çalışacaq. Noyabrın 10-da əldə edilmiş anlaşma həm də Rusiya sülhməramlılarının bölgəyə gətirilməsini ehtiva edirdi. Beynəlxalq hüququn müddəalarına istinad etsək, sülhməramlıların qarşısında mühüm vəzifələr durur: sülhü qorumaq, sülhü yaratmaq və ya sülhə məcbur etmək. Amma görürük ki, sülhməramlılar beynəlxalq hüquqla onların üzərinə qoyulmuş problemlərin həlli istiqamətində addımlar atmaqdansa birtərəfli mövqe sərgiləyirlər. Bu yolverilməzdir.
Rusiya sülhməramlıları Azərbaycanla razılaşdırmadan müharibə vaxtı qaçan erməniləri Ermənistan ərazilərindən yenidən Xankəndinə qaytarır. Ermənilərin təhlükəsizliklərinin təmin edilməsi istiqamətində Rusiyanın atdığı addımlar anlaşılan olsa da, sosial problemlərin həlli ilə bağlı məsələləri öz üzərinə götürməsi anlaşılan deyil. Çünki Dağlıq Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və onların sosial problemlərinin həlli Azərbaycan dövlətinin üzərinə düşən missiyadır. Həmin məsələlər o zaman Azərbaycan dövlət tərəfindən həll ediləcək ki, onlar Azərbaycan dövlətinin qanunlarını tanıyacaq və ölkəmizin suveren hüquqlarını qəbul edəcəklər. Hələlik ermənilər anlaşmada əksini tapmış bu müddəalara əməl etmirlər.
Nə erməni xalqı, nə Ermənistan iqtidarı, nə də hakimiyyətə can atan erməni müxalifəti kapitulyasiya ilə bağlı fikirləri yaxın buraxırlar. Bunlar da Ermənistana havadarlıq edən və erməni təmsilçiliyinin Qarabağda qalmasında maraqlı olan məlum güc mərkəzlərinin təhriki ilə baş verir.
Qeyd edim ki, ermənilərin Qarabağda qalması ilə bağlı məsələlər Rusiya ilə yanaşı Fransanın da gündəmindədir. Rusiya və Fransa prezidentləri arasında baş tutan son danışıqlarda da Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub. Təəssüflər olsun ki, noyabrın 10-da əldə edilmiş anlaşmanın şərtləri Rusiya tərəfindən pozulur. Rusiyanın siyasi rəhbərliyi bunu etiraf etmir.
Vladimir Putin mətbuat konfransında da xüsusi eyhamla vurğuladı ki, Dağlıq Qarabağ beynəxalq hüquqa görə Azərbaycan ərazisidir. Əgər Dağlıq Qarabağ Azərbaycan ərazisidirsə, o zaman həmin ərazilərdə Azərbaycanın suveren hüquqları gözlənilməli, Azərbaycan özünün suveren hakimiyyətini orada bərqərar etməlidir. Amma biz hələlik Rusiya tərəfindən bu istiqamətdə addımların atıldığını görmürük.
- Matvyenkonun açıqlamasında diqqətçəkən məqamlardan biri də yeni danışıqlarda Fransa Prezidenti Emmanuel Makrona, daha doğrusu, “onun müsbət səyləri”nə vurğunun edilməsidir. Makron bundan əvvəl Qarabağ məsələsini Putinlə də müzakirə etmişdi, siz də buna diqqət çəkdiniz. Bəs Rusiyanın Makronla bu yaxınlığı, onu bu prosesə qatmaq cəhdləri nədən irəli gəlir?
- İki ölkə arasındakı yaxınlıq Ümumavropa məsələlərində ayrı-ayrı vaxtlarda Fransanın Rusiyanın dəstəyinə olan ehtiyacından irəli gəlir. XIX əsrdə Napoleon Fransasının Rus İmperiyası ilə apardığı müharibədən sonra Avropada sülh və sabitliyin yaranmasında rusların xüsusi rolu olmuşdu. Onu da qeyd edim ki, İkinci Dünya Müharibəsindən sonra Fransanın BMT Təhlükəsizlik Şurasında yer alması da Stalinin səyləri nəticəsində baş vermişdi. Etiraf edək ki, Fransa İkinci Dünya Müharibəsində məğlub tərəf idi. Dünya müharibəsində Almaniyanın məğlub edilməsində Fransanın ciddi rolu olmamışdı. Bu rol SSRİ və ya ABŞ ilə nisbətdə müqayisəyə gəlməyəcək qədər az idi. Amma Sovet İttifaqı BMT Təhlükəsizlik Şurasında Qərb alyansı ilə təkbətək qalmamaq üçün Fransanın bura daxil edilməsində maraqlı oldu.
Fransa Şarl de Qollun dövründə Sovet İttifaqı ilə münasibətləri inkişaf etdirmək üçün fərqli addımlar atdı. De Qoll o zaman Böyük Britaniyanı Avropa Birliyinə yaxın buraxmaq istəmirdi. Yəni tarixi kontekstdə Fransa-Rusiya münasibətlərində bu kimi hallar yaşanıb.
İkitərəfli münasibətlərdə bu gün də ortaya çıxan məqamlar Rusiyanın Avropada baş verən olaylarda maraqlarından irəli gəlir. Fransa da ABŞ-dan ola biləcək təzyiqlərdən qurtulmaq və ya ona qarşı “çətir” əldə etmək üçün Rusiya ilə əməkdaşlıq etməyə çalışır.