AXCP sədri Əli Kərimli Azadlıq Radiosuna bir müddət əvvəl verdiyi müsahibəsində “27 ildən sonra Azərbaycanın mübahisəsiz torpaqlarının 3-5 dəfə zəif rəqibinin əlindən geri alınması çox belə, həddindən artıq böyük uğur deyil” fikrini deməklə məncə, riyakarlıq edir. Əslində “riyakarlıq” sözü əvəzinə hansısa yumşaq ifadənin istifadəsi mümkün idi. Məsələn, “qeyri-səmimlik” kimi. Lakin bilərəkdən istifadə eləmirəm.
Hələ noyabrın 8-də Şuşa və bundan öncə digər rayonlarımız işğaldan azad olunanda Kərimli belə düşünmürdü. Hətta Şuşanın azad olunması xəbəri elan olunan gün o, başını dik tutaraq, əzmkar və qalibanə görkəm alaraq, xalqı şairanə pafosla təbrik edir və o təbrikin içində bu cümlələr yer alır: “İlham Əliyev xalqımıza güvənərək, axıra qədər getdi və Azərbaycan ordusu şanlı bayrağımızı Şuşadan asdı. Bu, böyük bir qələbədir. Və bu böyük qələbə münasibətilə Ali Baş Komandan olaraq İlham Əliyevi də təbrik edirəm”. Bu hissəyə yenə qayıdacağam.
İkinci Qarabağ savaşı zamanı müxalifətdə olan tanınmış ictimai siyasi adamları sosial şəbəkələrdə çox istifadəçi kimi mən də izləyirdim. Onlardan müəyyən kəsim susurdu. Mahiyyətcə bunun kədərli və məyusluq sükutu olmasını əksəriyyət sezmişdi. Çünki həmin adamlar müxtəlif vaxtlarda Azərbaycan ordusunun mövcud hakimiyyətlə Qarabağı azad edə bilməyəcəyini, qələbəyə qadir olmadığını inandırmağa çalışırdı. Həm də ona görə ki, onlar heç bir halda hazırkı hakimiyyətin Qarabağda uğur qazanmasnı istəmirdi. Hətta ola bilsin, əldə olan torpaqların bir qisiminin itirilməsinə belə razıydılar, təki hakimiyyətin qələbədə rolu olmasın.
Onları başa düşürəm. Daxili siyasətdə demokratiya, insan haqları, min cür problem var. Vətəndaş kimi daxili siyasətdə məni də çox şey qane eləmir. Lakin hakimiyyətə nifrəti səbəbindən Qarabağın azad edilməsini istəməyən kəsimin ölkəmizdə sosial rifahın, demokratiyanın reallaşmasını cani-könüldən istəməsi də şübhəlidir…
Bu mənada Kərimlinin hazırkı situasiyada davranışı, bədən dili, qaş-göz oynatması ilə müəyyən fikirlərinin emosional və siyasi qatını gücləndirməsi, onun Qarabağ məsələsində səmimiyyətinə birmənalı yanaşmağa yer qoymur. Mitinqlərdən birində “İlham Əliyevin 8 illik Qarabağ fəaliyyəti sıfırdır. Azərbaycan hökuməti Qarabağı qaytarmaq üçün heç bir real addım atımır” iddiasını ortaya qoyan Kərimli ikinci savaş zamanı başqa cür davrana bilməzdi. Əks halda elə sosial şəbəkələrdə istifadəçilərin qınağına tuş gələcəyini bilirdi. Ona görə Kərimli onun üçün nə qədər çətin olsa da, sevinmək, önəmli məsələdə hakimiyyətin yanında olmaq taktikasını oynamağa məcbur idi.