Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müsahibə verib.
Pravda.az müsahibəni təqdim edir:
-Hikmət müəllim, 2020-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı qeyd etdi ki, Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib. Lakin UNESCO bir dəfə də olsun missiya göndərməyib. 30 il Azərbaycanın missiya ilə bağlı çağırışlarına cavab vermədiyi halda son dövrlər UNESCO-nun ölkəmizə missiya göndərmək istəyini necə izah etmək olar?
-Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan işğal edilmiş ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin qəsdən dağıdılması və ya erməniləşdirilməsi kimi qanunsuz əməllər həyata keçirib.
Həmin ərazilərdə Ermənistan tərəfindən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzeylər dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb.
Ermənistanın qanunsuz əməllərini araşdırmaq və qarşısını almaq məqsədilə Azərbaycan dəfələrlə UNESCO missiyasının işğal olunmuş ərazilərimizə göndərilməsi təklifi ilə çıxış edib. İşğalçı dövlət olan Ermənistan isə qeyri-konstruktivlik nümayiş etdirərək Azərbaycanın UNESCO missiyası ilə bağlı bütün çağırışlarının qarşısını alıb.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO bütün bu illər ərzində davamlı şəkildə məlumatlandırılıb. Bu məqsədlə bir sıra nəşrlər hazırlanıb. Məsələn, 2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, Alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. Amma UNESCO tərəfindən adekvat reaksiya verilmədi.
Hələ 2008-ci ildə UNESCO-nun o zamankı Baş direktoru Koişiro Matsuuranın ölkəmizə səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkil olunmasını təklif etmişdi. O zaman Baş direktor məsələni izlədiklərini və missiyanın vaxtı haqqında dəqiq fikir söyləyə bilmədiyini qeyd etmişdi.
Yadımdadır, Xarici İşlər Nazirliyində mətbuat xidmətinin rəhbəri olduğum zaman bu mövzu ilə bağlı bir sıra açıqlamalarla çıxış etmişdim. 2015-ci ildə müsahibələrin birində qeyd etmişdim ki, Azərbaycan UNESCO-nu ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinq aparmaq üçün missiya göndərməyə dəvət edir. Amma Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan vermir. Çünki missiya həyata keçiriləcəyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq.
2016-cı ildə Ağdamın Cümə məscidinin Ermənistan tərəfindən hərbi məqsədlərlə istifadə edilməsi barədə məlumatlar daxil olmuşdu. Xarici İşlər Nazirliyinin bəyanatında bildirilmişdi ki, bu, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Haaqa Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Odur ki, rəsmi Yerevan indi timsah göz yaşları tökmək və siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, UNESCO missiyasına nəyə görə imkan vermədiyinə aydınlıq gətirməlidir. Təəssüf ki, UNESCO da bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirmədi, hətta bəyanat belə vermədi.
2020-ci il tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Nəticədə bütün dünya Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərin, barbarlığın bir daha şahidi oldu. Bu yaxınlarda Prezident İlham Əliyevin tapşırığı ilə biz ölkəmizdə akkreditə olunmuş diplomatları işğaldan azad edilmiş Fizuli və Ağdam şəhərlərinə apardıq. Orada bütün binalar, abidələr dağıdılıb, sökülüb. Ağdamda Qarabağ xanlarının dəfn edildiyi tarixi “İmarət” qəbiristanlığının dağıdıldığını və təhqir olunduğunu gördük.
İşğal edilmiş ərazilərimizdə muzey eksponatları, əlyazmalar, xalçalar, tarixi zinət əşyaları Ermənistan tərəfindən qanunsuz olaraq daşınıb, mənimsənilib və xaricə satılıb. Məsələn, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Şuşadakı ev muzeyi dağıdılıb və muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq talan edilib. Ağdamdakı məşhur Çörək muzeyi dağıdılıb. Bir çox dəyərli Qarabağ xalçaları Ermənistana aparılıb və xaricə satılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında və Ağdamda Ermənistan tərəfindən qanunsuz arxeoloji qazıntılar aparılıb və dəyərli tapıntılar Ermənistana daşınıb. Faktiki olaraq, Ermənistan dövlət səviyyəsində vandallıq, talançılıq, soyğunçuluq siyasəti həyata keçirib.
Ermənistanın bu kimi addımları beynəlxalq humanitar hüququn, xüsusilə “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-ci il Haaqa Konvensiyasının və UNESCO-nun “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Ermənistan bu qanunsuz əməllərinə görə məsuliyyət daşıyır, bu əməllərinə görə cavab verməli və oğurladığı daşına bilən mədəni irs nümunələrini öz qanuni sahibi olan Azərbaycana qaytarmalıdır.
Ermənistanın törətdiyi vəhşiliklər, vandallıq, talançılıq barədə son aylarda dünya mediasında çoxsaylı məlumatlar getdi, reportajlar hazırlandı. UNESCO Ermənistanın bu qanunsuz əməllərinə adekvat reaksiya verməli və bunları pisləməlidir. Lakin paradoksal odur ki, həm Vətən müharibəsinin gedişatı zamanı, həm də ondan sonra UNESCO anlaşılmaz, reallıqdan uzaq və yanlış istiqamətdə olan bir sıra bəyanatlarla çıxış etdi. Bu günlərdə isə UNESCO-nun Baş direktorunun müavini missiya ilə bağlı Azərbaycandan cavab gözlədikləri barədə açıqlama verib.
İlk növbədə, bildirmək istərdim ki, bu açıqlamanın məzmunu və tərzi Azərbaycan tərəfi üçün qəbuledilməzdir və açıq-aşkar qərəzli mahiyyət daşıyır. Azərbaycan multikultural və tolerant ölkə olaraq öz ərazisində yerləşən bütün mədəni, dini abidələrin qorunmasını təmin edir. İstər müsəlman abidəsi olsun, istər yəhudi, istərsə də xristian. Elə təkcə bir fakt – bu yaxınlarda Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilməsi bunun bariz nümunəsidir.
UNESCO və bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra missiya məsələsini qabartmaları bizdə bir sıra suallar doğurur. Bəs əvvəllər niyə UNESCO missiya göndərmirdi? İşğal edilmiş Azərbaycan ərazilərində məscidlər dağıdılanda, orada donuz, inək saxlanılanda UNESCO buna niyə reaksiya vermirdi?! Cənab Prezidentin qeyd etdiyi kimi, elə çıxır ki, məscidi dağıtmaq olar?!