Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü məni cəmiyyətə Rusiyanın agenti kimi təqdim etdilər”

1 757
Paylaş:
“Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü məni cəmiyyətə Rusiyanın agenti kimi təqdim etdilər”

“Vətən Müharibəsindəki şanlı qələbəmiz çox böyük uğurdur və ona bilərəkdən kölgə salmaq cəhdləri düşmənlərə xidmət etməkdir. Bununla yanaşı, bu müddət ərzində ən böyük qələbəmiz Vətən Müharibəsində milli birliyə nail olub özümüzə güvənməyimiz və birliyimizdə olan gücümüzü anlamağımızdır. Nə qədər ki, bu milli birliyi saxlayacağıq ən böyük çətinliklərin də öhdəsindən gələcəyik. Görünən isə odur ki, Vətən Müharibəsindən az müddət keçməsinə baxmayaraq düşmən qüvvələr bu birliyimizi pozmağa çalışırlar”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, bunun üçün maksimum səbrli olub, müharibədən sonra ortaya çıxan bütün çatışmazlığı kampaniyaya, qarşılıqlı ağır ittihamlara çevirmədən həll etməyə çalışılmalıdır: “Bu çatışmazlıqlarda məmur sinfinin nöqsanlarını, bəzən isə sui-istifadə hallarına yol verildiyini istisna etmirəm, bir çox hallarda isə buna inanıram. Bununla belə bilməliyik ki, biz çox çətin bir müharibədən çıxmışıq. İnsan həyatı üçün isə ən ağır vəziyyət müharibədir. Bəzən bir-birimizin çətinliklərini görəndə “a kişi, müharibə deyil ki, öhdəsindən gələrik” deyimi də elə belə deyilməyib. Ona görə də müharibə dövrü və ondan sonra ortaya çıxan çətinlikləri, anlaşılmazlıqları şişirtmədən, səbrlə, bir-birimizi dinləməklə, lazımi strukturlara müraciətlə, tələblə həll etməliyik. Bilirəm ki, bu gün müharibədən sonra şəhid ailələrinin, yaralıların, müharibə iştirakçılarının həll olunmamış çoxlu sayda problemləri var. Ancaq onların da həlli qaydaları var və əminəm ki, çoxları da həll ediləcək. Bu gün müharibə dövrü susub, bəzən müharibədə ordumuza məğlubiyyət arzulayanların indi bəzi problemləri həll etmək üçün yox, insanları ümumilikdə narazı salmaq üçün şişirtdiklərini də çox yaxşı görürəm. Məhz bu qüvvələr mənim ümumi kontekstdən çıxarılmış bir cümləmi tam əksinə şərh edərək yaydılar və məni həmvətənlərimə xalq düşməni kimi qələmə verməyə, səhifələrimi tərk etməyə çağırdılar. Hərçənd ki, müharibədən sonra da onlarla qazilərin, şəhid ailələrinin probleminin həlli üçün müvafiq strukturlara müraciət etmişəm və o problemlərin bir çoxu həllini tapıb, bir çoxları isə həll edilmə ərəfəsindədirlər. Müharibə dövrü işlərini ancaq hərbi forma geyinib özlərinin reklamları ilə məşğul olanlar da artıq bu dəfə belə problemləri şişirtməklə yenə də öz reklamları ilə məşğuldurlar”.

A.İsmayılov qeyd edib ki, ikinci böyük narazılıq müharibə iştirakçılarının və müharibə dövrü imkanları çərçivəsində ön cəbhəyə kömək edənlərin təltif edilməsi məsələsidir: “Bu sahədə də çox narazılıq olduğunu bilirəm və onların bir çoxlarının da əsaslı olduğuna əminəm. Bunu da əsasən hansısa ayrı seçkiliklə yox, müharibə çətinliklərli ilə əlaqələndirirəm. Bu sahədə də kampaniyaya keçməzdən əvvəl müvafiq strukturlara müraciət edilməsini vacib sayıram. Bu sahədə də əlimdən gələni edirəm və edəcəm. Biz bilməliyik ki, olan hakimiyyətimiz budur və onlarla qarşıdurma yox, xahiş, izah, tələb etməklə problemlərin həllinə nail olmalıyıq. Bu gün qarşıdurma ziyandan başqa bir nəticə verən deyil. Bu ancaq bizi Dağlıq Qarabağda və ölkə içindəki qarşıdurmalara çəkməklə Vətən Müharibəsində qazandıqlarımızı geri almaq istəyənlərə sərf edəcək. 2021-ci ili də çox ehtiyatlı olmalı, zor gücünə hakimiyyət dəyişikliyinə nail olmaqdan çəkinməliyik. Bununla belə, müsbət dəyişikliklərin olmasını da hakimiyyətdən tələb etməyi unutmamalıyıq. Buradan bir daha hakimiyyət rəsmilərinə müraciət edərək bildirirəm ki, göstərdiyim iki hal cəmiyyətdə xüsusi narazılıq yaradıb və onların aradan qaldırılması üçün gecikmədən real işlər görmək lazımdır. Əks halda bu narazılıqların tez bir zamanda daha böyük qarşıdurmaya çevrilməsi qaçılmazdır və müharibədə qazanılmış uğurunuzu heçə endirəcək. Yaddan çıxartmayın ki, bu yöndə qonşu dövlətlər ciddi fəaliyyət göstərirlər. Burada yazdıqlarımdan da kampaniya düzələcəyini istisna etmirəm. Ona görə də mənə inanlardan xahiş edirəm ki, hadisələrin gedişatını diqqətlə izləsinlər. Az sonra Qarabağda hadisələrin gərginləşməsi ilə yanaşı, ölkə daxilində də hadisələrin gərginləşməsinə səy göstəriləcək. Ən əsası hamımızın bir məsələ barəsində düşünməyimizi xahiş edirəm. Əlbəttə, istənilən haqsızlığı qəbul etmək lazım deyil, bunun qarşısını almağa çalışmaq lazımdır. Onu da çox yaxşı bilirəm ki, haqsızlıq insanın özünə toxunanda buna dözmək çox çətin olur. Bununla belə, bilməliyik ki, Vətən Müharibəsində etdiyimizi ayrı-ayrı məmurlar, hakimiyyət üçün yox, Azərbaycan adlı Vətənimiz üçün etmişik. Bu Vətəni bizə qədər bizim əcdadlarımız canlarından keçib, qan töküb, haqsızlıqlara uğrasalar da qoruyublar, bundan sonra da bu Vətəndə bizim balalarımız, nəvələrimiz və onlardan olanlar yaşayacaqlarına görə biz heç nəyə baxmadan qorumalıyıq. Bu məsələdə mənə etiraz etmək istəyənlərə heç nədən və heç kimdən çəkinmədən bildirirəm ki, Vətənim Azərbaycana gəldiyim 31 il demək olar ki, daim haqqım yeyilib, pozulub, ancaq heç nəyə baxmayaraq, kimdənsə inciyib Vətən üçün çalışmaqdan çəkinməmişəm və çəkinən də deyiləm. 1989-cu ildə çoxlu təhqirlərə məruz qalsam da, Sumqayıt həqiqətlərini məhkəmə prosesində araşdırmağa çalışdım. Məhkəmədə istədiklərimə nail olmasam da, çalışmaqdan çəkinmədim. Sonralar daim bu barədə yazdım, müxtəlif qəzet, radio, TV-lərə müsahibələr verdim. Yenə nəticəsi olmadı. 2010-cu ildə “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabını yazdım, onu öz vəsaitim hesabına türk, rus, ingilis, alman dillərinə tərcümə edib, çap etdirib, təxminən 20 min nüsxəni təkbaşına Azərbaycanda və bütün dünyada təmənnasız yaydım. Kitabın müxtəlif dillərdə elektron versiyasını sumgayit1988 saytı üzərindən 10 minlər pulsuz əldə etdi. Əvəzində Rusiya nökərləri Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü tərəfindən daim təqib, təhqir olundum. Həyasızlıq o həddə çatdı ki, bu dəstə məni uzun illər Rusiyanın agenti, Sumqayıt hadisələrini batıran şəxs kimi cəmiyyətə təqdim etdilər. Bu böhtanlar bəzən bu günlər də təkrarlanır. 4 iyun 1993-cü ildə Azərbaycanda hərbi çevriliş edib öz adamlarını hakimiyyətə gətirmək istəyən Rusiya agentləri vasitəsilə rəhmətlik Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını almaq istəyəndə onu 17 avqust 1993-cü ildə Milli Məclisin tribunasından müdafiə etdim, satqınları ifşa etdim. Az sonra heç bir əsas göstərilmədən vəzifəmdən azad olundum, yenə eyni dəstə guya mənim Heydər Əliyevlə hansısa razılaşmam olması və mənim aldadıldığım kimi cəfəng fikri tirajlamağa başladılar. Belə halları onlarla sadalaya bilərəm. Ancaq haqqımda olan heç bir haqsızlıq məni Vətənimə qulluq etməkdən çəkindirməyib. Uzun illər hakimiyyət maşını məni Azərbaycan xalqına xain, düşmən kimi təqdim etmək istəsələr də, heç nəyə nail ola bilməyiblər. Ona görə də hamınızdan, xüsusən Vətən Müharibəsində şücaət göstərmiş gənclərdən xahiş edirəm, heç kimdəm incimədən mübarizəni davam etmək və Azərbaycan adlı Vətənə qulluq etmək lazımdır. Bu Vətən Azərbaycanı özlərinə yem yeri sayanların yox, ona canı yananlarındır!”

Paylaş:

Ən son xəbərlər