Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsini təqdim edirik:
- Elmar müəllim, söhbətə atəşkəsin pozulması haqda xəbərlərdən başlayaq. Müdafiə Nazirliyi dekabrın 27-də Xocavənddə bir hərbçinin həlak olması, bir nəfərin yaralanması haqda məlumat yayıb.
- Mən bəyanatı gördüm, əfsuslar olsun ki, bir nəfər şəhid olub. Atəşkəsin pozulması təbii məsələlərdi. 30 illik məsələni bir gecəyə həll etmək çətindir. Belə məsələlər yəqin yenə olacaq. Ermənilər özlərini o qədər aldadıblar, əfsanə yaradıblar ki, onun içindən çıxmaq onlar üçün də çətindir. Ona görə belə hadisələr olacaq. Ancaq Azərbaycan ordusu, Daxili İşlər Nazirliyi bunu yavaş-yavaş həll edəcək, bütün torpaqlarımızı nəzarət altına alacaqlar. Necə Bakıda, Lənkəranda, Qubada... Eyni şəkildə o tərəfdə də nəzarət olacaq.
- İndi Rusiyanın üçtərəfli bəyanata əməl etmədiyini düşünənlər də var, çünki Qarabağdakı proseslərə sülhməramlılar nəzarət etməliydilər. Siz necə fikirləşirsiz?
- Noyabrın 10-da imzalanan bəyanatda sülhməramlıların harada dayanması qeyd olunub, yalnız təmas xəttində. Amma hadisələrin olduğu yerlər Azərbaycanın nəzarəti altındadır axı. Sülhməramlıların orda işi yoxdur. Bunlar bir-birinə mane olmamalıdır.
- Elmar müəllim, yeri gəlmişkən, sülhməramlıların Azərbaycana gəlməsi narazılıqla qarşılandı, bunu məğlubiyyət kimi dəyərləndirənlər var. Onların fikrincə, Azərbaycan qələbə qazansa da, Rusiyanın bölgəyə gəlməsi ilə bu, məğlubiyyətə çevrildi. Hətta bunu "gec partlayan mina" adlandıranlar da az deyil.
- İnanmıram ki, bu, gec partlayan minadır. Tarixdən də görürük ki, burda əvvəl də Rusiya qoşunları vardı. Müstəqillik qazanandan sonra sovet qoşunlarını (sonradan Rusiya qoşunları idi) danışıqlar yolu ilə burdan çıxardıq. Axırıncı Rusiya əsgəri Qəbələdən (Qəbələ RLS – A.R.) çıxdı. Bu bizim tarixdə var və biz bilirik sülhməramlıların danışıqlar yolu ilə burdan çıxarılmasına necə nail ola bilərik. Ona görə inanmıram nəsə problem olsun. O ki qaldı Sizin sualınıza, bu, müharibə idi, əməlli-başlı müharibə. Ona görə də təmas xəttində kimsə dayanmalı idi. Sağ olsun, Rusiya da əsgərlərini verib. Onlar dedilər ki, bəs biz gələk Azərbaycan və Ermənistan qoşunlarının arasında dayanaq və müharibəni dayandıraq. Ona görə də Azərbaycan tərəfi buna getdi və bəyanatı imzaladı. Amma bunda qorxulu bir şey görmürəm.
- Rusiya sülhməramlıları tək Azərbaycanda deyil, Moldovada, Gürcüstanda da var. İllərdir müşahidə edilən budur ki, Rusiya sülhməramlıları girdikləri ərazilərdən çıxmırlar. Siz də bilirsiniz ki...
- Axı orda saziş yox idi, bəyanat yox idi. Azərbaycanda rus sülhməramlılarının mandatı var. Yəni, nəyə görə gəliblər, harada dayanıblar, neçə il dayanacaqlar, müddəti uzatmaq məsələsi var və s. Mexanizm var, başa düşürsünüz? Rusiya qoşunlarının çıxarılması ilə bağlı mexanizm var. Bəyanatda yazılıb ki, 5 ildən sonra hansı tərəf... O ki qaldı dediyiniz Moldovaya, Gürcüstana, orda belə mexanizm yoxdur.
- Bəzi şərhçilər Rusiyanın öz rəsmi strukturlarını Dağlıq Qarabağda yerləşdirməsindən narahatdırlar. Bəzi rəsmi qurumların, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dağlıq Qarabağa gəlir və qorxu var ki...
- Məndə belə qorxu yoxdur.
- Belə qorxu var ki, Abxaziyada olduğu kimi, Rusiya Dağlıq Qarabağda separatçı rejimin tərəfdarlarına pasport verəcək və Dağlıq Qarabağ Rusiyanın anklavına çevrilə bilər.
- Ona da inanmıram. Çünki məndə Xarici İşlər Nazirliyinin əməkdaşının gəlməsi haqda məlumat yoxdur. Pasport haqda eşitmişəm, oxumuşam. Mətbuatda var idi. Amma mətbuatda pasport məsələsini yalnız erməni tərəfi qaldırıb, Rusiya müzakirəyə də çıxarmayıb. Bu, erməni tərəfinin təxribat cəhdi də ola bilər, bunu bilə-bilə ortaya ata da bilər ki, Azərbaycanı içəridə qızışdırsınlar. İkincisi, pasport məsələsi... Bizim azərbaycanlılar da Rusiyada yaşayırlar və ora vətəndaşıdırlar, Rusiya pasportu gəzdirirlər. Yəni, pasport məsələsi ciddi məsələdir. Amma o qədər də ciddi deyil ki, camaat desin: "Vay, dədəm, vay, Qarabağ getdi, Kalininqrad oldu". Bu, inanılmaz məsələdir mənim üçün.
- Prezident İlham Əliyev çıxışlarının birində status məsələsi haqda danışarkən "status cəhənnəmə getdi, gora getdi" demişdi, yəni, bu məsələnin qapandığını bildirmişdi. Amma Rusiya prezidenti Vladimir Putin son mətbuat konfransında status məsələsinin gələcəyə qaldığını bəyan etdi. Status məsələsi niyə yenidən gündəmə gəlir və...
- Mən sual vermək istəyirəm: Siz niyə fikirləşirsiniz ki, status deyəndə ancaq müstəqillik nəzərdə tutulur? Düzgün deyil axı. Lənkəranın da statusu var, Naxçıvanın da, Qubanın da, amma Azərbaycanın tərkibində. Siz status deyəndə camaat qızışır ki, vay, dədəm, vay, söhbət müstəqillikdən gedir. Nəyə görə müstəqillik? Xankəndi, Ağdərə, Xocavənd Lənkəranın statusunda olacaq.
- Tarix var, iddialar var. 1988-ci ildə də məsələ belə qalxmışdı, Dağlıq Qarabağda ermənilər müstəqillik istəmişdilər.
- Qələbədən sonrakı, indiki Azərbaycanı 1988-ci illə müqayisə edə bilmərik ax. İndi tam şəkildə kontekst dəyişilib, vəziyyət dəyişib. 1988-ci ildə SSRİ-nin dövründə Azərbaycanda heç nə yox idi, nə silah, nə də sursat. Azərbaycan 30 ildə əməlli-başlı ordu yaradıb, beynəlxalq səviyyədə Azərbaycanın nüfuzu çox böyükdür. 10 milyonluq ölkə kimi hörmətimiz çox böyükdür.
- Amma Rusiya, onun hərbçiləri yenə burdadırlar.
- Qonşu ölkədir. Rusiya burdadır, Türkiyə də o biri tərəfdədir. Qonşunu sən seçmirsən, inkişaf üçün gərək onunla dil tapasan. Ermənistanın problemi odur ki, heç kimlə dil tapa bilmir.
- Türkiyə bölgədədirmi, Sizcə? Yarıgizli-yarıaşkar hiss olunan budur ki, Moskva Ankaranın Azərbaycanda oturuşmasına meylli görünmür, belə niyyəti yoxdur.
- Bu, Moskvanın qərarı deyil axı. Bu, Azərbaycanin qərarıdır. Müstəqil ölkəyik, BMT-nin, 50-yə yaxın beynəlxalq təşkilatın üzvüyük. Azərbaycanın hökuməti var, prezidenti var və qərarları qəbul edir.
- Üçtərəfli bəyanat imzalanandan sonra cəmiyyətdə müzakirə edilən məsələlərdən biri də bu idi ki, Azərbaycan Türkiyə sülhməramlılarının burda yerləşdirilməsinə nail ola bilmədi. Siz də yəqin etiraf edərsiniz ki, Bakı bunu istəyərdi.
- Amma düz deyək də, indiki vəziyyətdə Qarabağdakı ermənilər bunu qəbul edə bilməzdilər. Bəlkə sabah qəbul edərlər. Əgər sabitlik olarsa, Türkiyənin gəlməsini bəlkə də istəyərlər. Amma müharibənin dayandırıldığı vaxtda... Əlbəttə, biz çox istəyərdik Türkiyə qoşunları bura gəlsin, sabitlik baxımından bir nömrədir. Türklər də, ruslar da bir yerdə dayansalar, sabitlik baxımından heç nə şübhə altına düşməz. Amma suallarınızdan başa düşürəm ki, şübhələr çoxdur.
- Rus və türk hərbçilərinin birgə Monitorinq Mərkəzi yaradılır. Bu qurumun səlahiyyəti, əhəmiyyəti nədir, Sizcə? Bu qurumla bağlı da, dediyiniz kimi, şübhələr və ya suallar var, deyəsən.