1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, əslən ağdamlı Çimnaz Əliyeva sualları cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandı, doğma Ağdam geri qayıtdı. Təəssüratlarınız necədir?
- Sanki dünyaya yenidən gəlmişəm. 27 ildir Ağdamdan çıxmışam. Bu illər ərzində hər gün fikirləşmişəm ki, ay Allah, səhər oyananda deyərdilər Ağdama qayıdırıq... 44 günlük müharibədə qalibiyyətimiz, müzəffər ordumuzun igidliyi, dünya siyasətçiləri arasında öz yerini, mövqeyini təsdiq etmiş Ali Baş Komandanımızın gördüyü işlər, xalqla dövlətin birliyi, bütün bunlar hamısı qələbəmizə gətirib çıxardı.
Mən də bir ağdamlı olaraq deyirdim ki, kaş leksikologiyamızdan məcburi köçkün sözü silinəydi. O sözlər üzərimizdən qalxdı, elə bilirəm ki, təzədən doğulmuşam...
İlk növbədə şəhidlərimizin qarşısında baş əyir, onların ailələrinə səbr diləyirəm. Doğrudur, gedən heç kimin yerini kimsə doldura bilmir. Ondan sonra nə qədər övlad dünyaya gəlsə, dost-tanış da olsa, onları kimsə əvəz edə bilməz. Hamısı bizim övladımızdır. Mən onların hər biri üçün bir ana, bir bacı qədər yanmışam. Ağrılıdır, çox ağrılı... Sosial şəbəkədə şəkillərə baxıram. Baxdıqca deyirəm ki, ilahi, sən bunların hamısını elə o məqama yüksəltmək üçün yaratmısanmış. Hamsının üzündə nur var. Hamısı çox göyçək...
Həqiqətən də o, ali məqamdır, hər kəs o məqama çata bilməz. Allah sevdiyi bəndələri o məqamla mükafatlandırır. Bu gün ancaq onlara rəhmət diləmək, onları yaşatmaqdan başqa heç nə əlimizdən gəlmir.
Kiçik nəvəm, Abdulxaliq 3-cü sinifdə oxuyur. Eşitmə məhdudiyyətli insanlar üçün şəhidlər haqqında kiçik videoçarx hazırlayıblar. Deyirəm ki, sən niyə bunu etdin? Deyir, eşitməyən adamlar başa düşmür axı, jestlərlə onlara izah edirik. Bu gün körpə uşaqlar da şəhidlərimiz haqqında nəsə etmək istəyir, yaddaşlarına həkk edirlər. Bu, xalqımızın böyüklüyü göstərir, uşaqlar gələcəyimizdir. Təbii ki, bütün məcburi köçkünlər kimi mən də ürəkdən sevinirəm.
Ömür boyu Ali Baş Komandana minnətdar olacağam ki, bizi o məcburi köçkün sözünün ağırlığından xilas etdi. Mən ürəklə deyirəm ki, ağdamlıyam, ağdamlı olduğum üçün fəxr edirəm.
- Ağdam xatirələrinizdə necə qalıb?
- Ağdam qayğısız uşaqlığımın, bəxtəvər gəncliyimin ünvanıdır. Ağdamda anadan olub, orada böyümüşəm, məni Ağdam mühiti formalaşdırıb. Ağdamda məktəbi bitirmişəm, ali təhsili qiyabi formada almışam. Mən Ağdamsız yaşamağı təsəvvürümə gətirə bilmirəm. Qiyabi oxumağıma baxmayaraq məni universitetdə saxlamaq istəyirdilər. Rəhmətlik Mircəlal Paşayev diplom rəhbərim olub. Hətta 10 gün diplom müdafiəmi gecikdirdilər ki, universitetdə qalmağa razılıq verim. Mən Ağdamsız qala bilmədim.
O vaxt Respublika Komsomoluna işə dəvət olundum, amma Ağdamsız çətin olduğu üçün getmədim. Təsəvvür edə bilməzdim ki, hardasa 27 il Ağdamsız yaşayacağam. Mənim Ağdamdan çıxmağım balığın sudan çıxarılması kimidir. Yaşadıq, amma nə bilim... Toy, qonaqlıq, şənliklərimiz olub, amma yarımçıq... Ağdamdakı qədər sevinə bilməmişik. Ağdamda adi bir şeyə qəhqəhə ilə gülürdüksə, burada ən məzəli hadisəyə ürəkdən sevinə bilmirik. Bu günə çox şükür.
Mən 40 ilin təxminən 30 ilə yaxın müddətini Ağdamda rəhbər vəzifələrdə işləmişəm. Ağdam rayon Komsomol Komitəsinin birinci katibi olmuşam. 25 min komsomolçuya rəhbərlik etmişəm, o dövrdə bu, çox böyük vəzifə sayılırdı. Komsomol təşkilatı kadr yetişdirməkdə, gənclərin tərbiyəsində, həyata hazırlanmasında çox böyük rol oynayırdı. Daha sonra rayon partiya komitəsində təbliğat və təşkilat şöbəsinin müdiri işlədim. Nəhayət, ən çox sevdiyim vəzifələrdən biri Ağdam rayon mədəniyyət şöbəsinin müdiri idi.
- O vəzifəni sevdirən nə idi?
- Çünki yaradıcı iş idi. "Bəzək vurduqca yaraşıqlanır" misalı... Mədəniyyət elə sahədir ki, nə qədər çox işləsən, yeniliklər əldə etsən, o qədər çox ideyalar yaranır. Nəhayət, 1995-ci il Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışında deputat seçildim. Gördüyüm işlərə yüksək qiymət verildi. Amma onların hamısından daha çox mənə doğma olanı mədəniyyət şöbəsinin müdiri vəzifəsidir.
- Ağdamda insanlar əsasən nə ilə məşğul olurdular?
- 1980-1990-cı illər Ağdamın intibah dövrü idi. Ağdamda istər kənd təsərrüfatı, istər sənaye, mədəniyyət, sosial quruculuq sahəsində həqiqətən çox yüksək inkişaf var idi. O dövrdə Ağdam rayon Partiya Komitəsinin birinci katibi işləyən Sadıq Murtuzayev çox təşəbbüskar insan idi. Ağdamda nə qədər maldarlıq kompleksləri, farel təsərrüfatı yarandı. Ergi düzü abadlaşdırıldı. Ağdam tikinti meydançasını xatırladırdı. Zavodlar, fabriklər...
Ağdam çox sürətlə inkişaf edirdi, onunla yanaşı olaraq da mədəniyyət sahəsi inkişaf edirdi. Elə günümüz olmurdu ki, hansısa tədbir, bayram keçirməyək. Ağdamda 1982-ci ildə Natəvan qızlar bayramını keçirdik. Pənahəli xanın zamanında Qarabağın mərkəzi Ağam olub. Ağdam da üzəri ağ daşlardan hörülüdüyü üçün belə adlandırılıb. Pənahəli xanın bütün şəcərəsi Ağdam imarətində dəfn olunub. Biz o dövrdə Ağdam imarətini bərpa etdirdik, orada Natəvanın heykəlini qoyduq. Elə həmin açılışla da Natəvan qızlar bayramını keçirdik.
Bayramda təkcə kənardan 150 nəfər qonağımız var idi. Daha sonra ən böyük tədbirimiz Beynəlxalq Xarıbülbül Festivalı oldu, cəmi 2 il keçirə bildik. Mənfur qonşular atışmalara başladıqdan sonra kütləvi tədbirlər keçirmək mümkün olmadı. Xarıbülbül Festivalında 11 xarici dövlətdən nümayəndələr iştirak edirdi. Meksikadan belə qonaqlarımız var idi. Xarıbülbül Şuşada Cıdır düzündə bitirdi. Simvolik olaraq festival belə adlandırıldı.
Adi vaxtlarda da daima muğam gecələri, poeziya axşamları, şairlərlə görüşlər, "Qarabağın səsi" poeziya məclisimiz keçirilirdi. "Şur" ansamblımız var idi, çox möhtəşəm çıxışlar edirdi.
Respublikada rayonlararası uşaq muğam musiqi məktəbi açdıq. Xan Şuşinskinin adını daşıyan bu məktəb professional səviyyəli kadrlar yetişdirirdi. Məktəbəbdə az sonra yeni "Qarabağ bülbülləri" ansamblı yarandı. Məktəbin uğurlarında onun ilk direktoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmovun böyük xidmətləri olub.
Hazırda operanın aparıcı müğənnilərinin əksəriyyəti həmin "Qarabağ bülbülləri" ansamblının yetişdirmələridir. "Təranə" qızlar ansamblı var idi. Bizim səyyar briqadalarımız kənd zəhmətkeşləri ilə tarlada xidmət edirdilər. Baxmayaraq ki, Ağdam muğam ocağı kimi səciyyələnir, həm də Aşıq Valehin vətənidir.
Aşıq məclisləri çox gözəl təşkil olunurdu. Saz, aşıq sənətinin çox dərin kökləri var idi. Eyni zamanda Ağdamda muzeylər fəaliyyət göstərirdi. Tarix, diyarşünaslıq muzeyi var idi, Qurban Pirimovun, Rahib Məmmədovun ev muzeyi, şəkil qaleriyası, poeziya teatrı fəaliyyət göstərirdi. Tez-tez qızıl, gümüş toylar keçirir, təntənəli nişan mərasimləri təşkil edirdik. Günümüz toy-bayramlı keçirdi.
- Ağdamın işğalı necə baş verdi?
- 23 iyul mənim 1993-cü ilə qədər həyatımın ən xoşbəxt günü olub. Amma 1993-cü ilin 23 iyul tarixi mənim üçün ən ağrılı, ən dözülməz günə çevrildi. 1988-ci ilin əvvəlindən ermənilər mitinqlərə başladılar. 22 fevral 1988-ci ildə Ağdamda bir qrup gənc əliyalın, heç bir silahı olmadan Xankəndinə doğru hərəkət etdilər ki, gedək-görək bunlar nə istəyirlər? O zaman əliyalın gedən kütləyə ermənilər atəş açdılar. Ağdam həmin gün ilk şəhidlərini verdi, Əli Hacıyev və Bəxtiyar Quliyev. Sanki onların ölümü ilə Ağdamda şəhidlik cığırı açıldı, Ağdam birinci Qarabağ müharibəsində 6 min şəhid verdi.
O dövrdə bütün rayon səfərbər idi. Şəxsən özüm elə bil batalyon, döyüş bölgəsi yox idi ki, orada olmayım. Təbii ki, öz musiqi qrupumuzla onlara bacardığımız qədər bir ana kimi köməklik edirdik. Təsəvvür edin ki, döyüş zamanı bizim müdafiə batalyonlarının hamısının komandiri şəhid oldu. Ağdamın 16 milli qəhrəmanı var. Bu rəqəmlər Ağdamın necə döyüşdüyünün sübutudur. 1993-cü ilin may ayında nisbətən sakitlik oldu. İyul, iyun aylarında gündəlik atəş altında qalırdıq. 5 il atəş altında yaşamışıq.
1993-cü ilin iyul ayı dəhşətli oldu, demək olar ki, Ağdam fasiləsiz atəşə tutuldu. Gün ərzində 15 nəfər şəhid olurdu. İntensiv atışmalar gedirdi. O dövrdə mən də, işçilərim də hər gün işdə olurduq. Demək olar ki, son günə qədər işlədik.
Son günlər mən xanımları evə göndərdim ki, gedin, ayın 1-də işə qayıdarsınız. Elə bil onu Allah mənə dedirtdi. 23 iyulda Ağdam işğal olundu. O gün təbii ki, bütün ağdamlılar kimi mənim üçün də ağır gün oldu. 23 iyul axşam saat 8-də Ağdamdan çıxdım. Bakıdan qohumlar xəbəri eşidib, dalımca gəldilər. Həyat yoldaşım 3 güllə yarası almışdı. O gəlmədi, qaldı. Uşaqları Bakıya göndərdik, mən 23-ü gecə Bakıda qalıb, 24-ü səhər rayona qayıtdım. İdarənin mədəniyyət şöbəsinin fəaliyyətini Qərivənd kəndində bərpa etdik. Kim haradadır, yerlərini öyrəndik.
1993-cü il sentyabr-oktyabr aylarında Ağdam rayon icra hakimiyyətinin göstərişi ilə Bakıda məskunlaşan ağdamlı məcburi köçkünlərin problemləri ilə bağlı Bakı qərargahına ictimai əsaslarla rəhbər təyin olundum. Təbii ki, mədəniyyət şöbəsinin müdiri kimi vəzifəmi icra edirdim, əlavə olaraq da bu işi görürdüm.
- Siz həm də Xocalı faciəsinin şahidlərindənsiniz...
- Ən ağrılı günlərimizdən biri də Xocalı faciəsi oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dəhşətli hadisə olduqdan sonra xocalılılar meşələrlə qarın içində Ağdama pənah gətirdilər. Təbii ki, Ağdam camaatı bütünlüklə o adamlara qucaq açdı, nə bacardılarsa onu etdilər. Allah rəhmət eləsin, milli qəhrəman Allahverdi Bağırov batalyon komandiri idi, o dövrdə 1000 nəfərdən artıq Xocalı əsirini ermənilərdən aldı. Xocalıda həlak olanların say-hesabını deyə bilmərəm. Kamaz maşınları ilə, donmuş, şaxta vurmuş meyitlər gətirilirdi.
Ağdam məscidində onlar kəfənləndilər, Ağdam şəhidlər xiyabanında dəfn olundular. Bu gün gedənlər deyirlər ki , o şəhidlər xiyabanından əsər-əlamət qalmayıb. Uzundərə şəhidlər xiyabanı dolmuşdu, ikinci şəhidlər xiyabanı açılmışdı.
- Ağdamdan nə qədər məcburi köçkün Bakıya gəldi?
- O dövrdə Bakıda 42 min ağdamlı məcburi köçkün məskunlaşmışdı. Onların yerləşdirilməsi, işlə təminatı, problemlərinin həlli çox çətin məsələlər idi. Ölkə iqtisadi cəhətdən zəif idi, problemlər həddindən artıq çox idi, başıpozuqluq var idi. Hakimiyyətdə sabitlik yox idi. O dövr ən çətin dövrlər idi. Lakin çalışdıq ki, adamlarımıza bu çətinliklər zamanı müəyyən qədər kömək edə bilək.
3 il o qərargaha rəhbərlik etdim. Görünür, oradakı fəaliyyətimin Milli Məclisə deputat seçilməyimdə rolu oldu. Artıq camaatla daha çox ünsiyyətdə idim. Demək olar ki, bütün kateqoriyalarla əlaqələrim var idi. Daima əsgər analarının, şəhid ailələrinin yanında olmuşam. Əhali arasında olduğuma görə mənə o etimad göstərildi.