Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Elə bu an qapıdan içəri Zeynəb Xanlarova daxil oldu”

1 119
Paylaş:
“Elə bu an qapıdan içəri Zeynəb Xanlarova daxil oldu”

Çox pis vaxtlar idi. Söhbət 1990-cı ilin yanvarından, daha doğrusu 20 Yanvar faciəsindən sonrakı zaman kəsiyindən gedir.

Azərinforumda işləyirdim. Yanvarın 22-də Ali Sovetin sədri Elmira  Qafarava fövqəladə sessiya elan etmişdi. İclas başlayar-başlamaz məlum oldu ki, onu çəkmək üçün kamera yoxdur. Məsələ deputatlar arasında ciddi müzakirə edilirdi. Onlar iclasın video çəkilişinin aparılmasının vacibliyini bildirirdilər. Yuxarıdan isə çəkilişin aparılmaması ilə bağlı göstəriş gəlmişdi. Məlum, AzTV-nin çəkiliş bloku da partladılmışdı.

Təbii, ziyalılar yuxarının bu qərarına əhəmiyyət vermək istəmirdilər. Ancaq zalda əhəmiyyət verib kameralarını gizlədənlər, çəkinənlər var idi. Elə bu an qapıdan içəri Zeynəb Xanlarova daxil oldu. Məsələdən xəbər tutdu. Onun söylədiyi bu fikirlər hələ də qulağımdadır. “Mənim xalqımın bundan ağır günü ola bilməz. Qoy, elə rus Zeynəb Xanlarovanı  öldürsün” dedi və zaldan çıxdı.

Zeynəb xanım sürücüsünün yanına getdi və ona özünə məxsus kameranı gətirməyi tapşırdı. Beləcə Azərbaycan Ali Sovetinin 20 Yanvar faciəsini pislənildiyi iclası Zeynəb Xanlarovanın kamerası ilə lentə alındı.

Deyirlər, qadının yaşını deməzlər. Ancaq mən deyəcəm. Çünki Zeynəb xanım həmin hadisədən sonra nəzərimdə kişilik mücəssiməsinə çevrilmiş simadır, şəxsiyyətdir. Sənəti ilə bərabər, mərdliyinə, çox kişilərdə olmayan kişiliyinə heyran qaldığım Zeynab xanımın dekabrın 28-də 84 yaşı tamam oldu.

Zeynəb Xanlarova adı Azərbaycan mədəniyyətində ayrıca bir dünyadır. O, tam yeni nəfəsdir, duyumdur, ahəngdir, böyük səsdir.

Zeynəb xanım musiqimizə kolorit gətirən obrazdır. Stereotipləri qırmağı bacaran obraz. Səsi ilə Azərbaycan yaradan məxsusi sənət dünyasıdır Zeynəb Xanlarova.

Zeynəb xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı arzulayıram.

Uca Tanrı Azərbaycan üçün döyünən ürəyini onu sevənlərə, dəyər verənlərə çox görməsin!

Zeynəb Xanlarovanı sevən, sənətinə, şəxsiyyətinə dəyər verən isə XALQ-dır.

Əflatun Amaşov

Mətbuat Şurasının sədri

Paylaş:

Ən son xəbərlər