Pravda.az sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun müsahibəsini təqdim edir:
– Tofiq müəllim, Azərbaycan və Ermənistan arasında müharibə dayandırıldı, əraziyə sülhməramlılar daxil oldu. Lakin bununla belə vaxtaşırı bölgədə separatçı ünsürlərin hücumlarının şahidi oluruq. Nə baş verir?
– Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında nəzərdə tutulmuş maddələrin bir çoxu icra edilsə də, etiraf edək ki, hələ icra edilməyən maddələr də var. Misal üçün, Ermənistan ordusunun Azərbaycan torpaqlarından tam çıxarılması. Bu proses mütləq getməlidir və bir nəfər belə erməni əsgəri Azərbaycanda qalmamalıdır.
O ki qaldı son günlər baş verən gərginliyə, buna səbəb odur ki, yerli ermənilərdən ibarət hərbi birləşmələrin tərk-silah olunması və buraxılması mərhələsi tam icra edilməyib. Halbuki bu, ən vacib məsələ idi. Hesab edirəm ki, bu məsələ 2021-ci ilin əvvəllərində öz həllini tapmalıdır. Bu prosesin bir neçə ay çəkə biləcəyini düşünürəm.
– Bu prosesdə Rusiya sülhməramlıları və Türkiyənin rolunu necə qiymətləndirirsiniz?
– Bəyannaməyə görə, bu bölgədə təhlükəsizliyi Rusiya sülhməramlıları və Azərbaycan Silahlı Qüvvələri təmin etməlidir. Təhlükəsizliyin düzgün təmin olunmasına isə müşahidəçilər olaraq Rusiya və Türkiyə nəzarət etməlidir. Xüsusilə Türkiyə… Son proseslər onu göstərir ki, qeyri-qanuni birləşmələr bölgədə problemə çevrilib. Əgər bir problem varsa, tez bir zamanda həll edilməlidir. Məndə olan məlumata görə, artıq müxtəlif yerlərdə başıboş erməni silahlıları rusiyalı sülhməramlılara da atəş açır, hücumlar təşkil edir. Bu xəbərlər nə dərəcə doğrudur, deyə bilmərəm, lakin reallıq ondan ibarətdir ki, erməni yaraqlıları Azərbaycana olduğu kimi, rus sülhməramlıları üçün də təhlükə mənbəyidir.