“Aparılan yüzlərlə elmi tədqiqatlara əsasən, o nəticəyə gəlmək olur ki, koronavirus xəstələrinin müalicəsində istifadə olunan "Favipiravir" heç də Azərbaycanda bir çox həkimlərin xəstələrə söylədiyi kimi effektli deyil. O, virusu deyildiyi kimi məhv eləmir və yaratdığı yan təsirlərinə görə istifadəsinə ciddi nəzarət edilməlidir”.
Bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, ən son tədqiqatlardan biri bu barədə indiyə qədər aparılan 1 798 elmi işin incələnməsi əsasında aparılıb:
"Son günlər Azərbaycanda da "Favipiravir"lə müalicə üsulu geniş vüsət alıb. Ev şəraitində müalicə olunan koronavirus xəstələrinin müalicələrində bu preparatdan geniş istifadə halları müşahidə olunur. Amma aparılan tutarlı elmi tədqiqatlara diqqət yetirsək bunun heç də doğru olmadığını görərik. Belə ki, ötən aylarda aparılan və toplam 1 798 elmi işin incələnməsinə əsaslanan araşdırmada xəstəliyin son günlərində "Favipiravir"lə müalicə olunan xəstələrdə kliniki pisləşmə daha az rast gəlinir, amma bu da statistik baxımdan digər qrupla müqayisədə əhəmiyyətli dərəcədə fərqlənmir. Bundan əlavə, insanlar bilməlidir ki, xəstəliyin sonlarına doğru insanlarda yaxşılaşmanın sırf bu dərmanın tətbiqinin nəticəsindən irəli gəldiyi sübut edilməyib".