Bir Həsən Zeynalov var. Vaxtilə Qarsda Azərbaycanın Baş konsulu işləyib, sonra İstanbulda Azərbaycanın Baş konsulu işləyib. Hazırda Türkmənistan və Əfqanıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridi.
Nümayəndəlikdə işləyəndə Məmməd Arazla bağlı bir tədbirdə tanış oldum Həsən Zeynalovla. Tale elə gətirdi ki, oğlum onun oğluyla bir yerdə ən çətin, ən ağır Türkiyə Polis Akademiyasında birlikdə bu çətinliyə, bu ağırlığa dözdü. Bu gün ikisi də Daxili İşlər Nazirliyində, xüsusi xidmət orqanlarında müəyyən vəzifələr tuturlar. Və öz vəzifələrini də layiqincə yerinə yetirirlər.
Başlayaq Həsən Zeynalovun Qarsdakı Baş konsul vəzifəsindən. Həmin vaxt Azərbaycan jurnalistləri, mən də içlərində olmaqla bir neçə məsələnin şahidi olmuşuq.
Bu adam Qarsda Baş konsul olarkən Kərbəlayı İsmayılın Iqdırda abidəsini götürtmüşdü.
Bilməyənlər üçün deyim. Türkiyənin müəyyən qanunları var, heç kim o qanundan çıxa bilməz. Yəni Kərbəlayı İsmayılın qəbri üzərində abidə ucaldırsansa, Türkiyə qanunlarına görə bu yasaqdır. Amma o yasağı qaldıra bildi. Təbii ki, Azərbaycanın dövlət başçısı da bu məsələdə Həsən Zeynalova yardımçı oldu. Və Həsən Zeynalov təkcə Iqdırda Kərbəlayı İsmayılın büstünü qaldırmadı, eyni zamanda həmin qəbiristanlıqda yatanların bütün məzarlarına diqqət göstərdi.
Həsən Zeynalov Qarsda Baş konsul işləyərkən orda bir erməni və türk dostluğuyla bağlı hündürlüyü təxminən 60 metr olan bir abidə ucaldılmışdı.
Həmin vaxt Azərbaycanın aparıcı mediaları Həsən Zeynalovun çağırışı ilə bağlı dövlət hesabına Qarsa getdi. Mən də o tədbirlərdə iştirak edirdim. Və məhz Həsən Zeynalovun apardığı mübarizə nəticəsində həmin abidənin tamamlanması dayandırıldı. Bu çox asan məsələ deyildi. Həmin vaxt az qalmışdı ki, Türkiyə ilə Ermənistanın sərhədi açılsın.
Türkiyə ilə Ermənistanın sərhədinin açılışı da dayandırıldı, həmin abidənin başa çatdırılması da dayandırıldı. Demək olar ki, məsələ bitmişdi.
Daha sonra sayın Rəcəb Tayyib Ərdoğan Həsən Zeynalovun Türkiyənin Kültür nazirliyinə yazdıqları məktublarını və s. nəzərə alaraq həmin abidənin «ücübə» olduğunu söylədi və həmin abidə söküldü.
Yeri gəlmişkən, Iqdırda ermənilərin yaratdıqları qətliamlarla bağlı azərbaycanlı professor, memar Cəfər Qiyasinin hazırladığı bir abidə var. Abidə beş qılıncla yaradılmış bir türk çadırıdır, özü də Boz qurd qılınclarıyla. Deməli, gün çıxanda İrəvandan həmin abidə görünür.
Yeri gəlmişkən, Cəfər Qiyasi bu abidəyə görə alacağı təxminən 300-400 min dollar qonorardan imtina edib.
Ən maraqlısı nədir? Deməli, Həsən Zeynalov Qarsda Azərbaycanın Baş konsuludur, biz bir neçə dəfə onun qonağı olduq. Bilirsiniz nəyə şahidlik etdik? Qarsda Azərbaycan türkləri üstünlük təşkil edir. Onlar hər hansı bir problem olanda Qarsın valisinə və ya bələdiyyə başqanına deyil, dərdlərini, problemlərini Həsən Zeynalova söyləyirdilər.
Şahidi olmuşam, birinin evi damır, biri uşağının təhsil haqqını ödəyə bilmir, birinin toyu var və sair və ilaxır onlar Həsən Zeynalovun yanına gəlirlər. Elə bil ki, Həsən Zeynalov Qarsın icra başçısıdı və hamısına kömək edirdi.
Qarsda Heydər Əliyev parkı yaratmışdı və Heydər Əliyevin büstünü qoydurmuşdu. Və hər gün büstün üzərinə təkcə Həsən Zeynalov yox, Baş konsuluğumuz yox, həm də qarslılar gül qoyurdular, əklil qoyurdular. Adama ləzzət edirdi.
Sonra Həsən Zeynalovu İstanbul Baş konsulluğuna göndərdilər.
Ona qədər İstanbul Baş konsulluğu İstiqlal caddəsində yerləşirdi (Allah Abbas Abdullaya rəhmət eləsin, çalışırdı ki, 1918-ci ildəki səfirliyi bərpa eləsin).
Deməli, İstanbulun bahalı yerləri var, özü də çox bahalı. Və Möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə ən bahalı yerdə Azərbaycan Baş konsulluğu üçün torpaq alındı. Və Həsən Zeynalov ən qısa zamanda həmin ərazidə Baş konsulluq üçün bina tikdi.
Mən İstanbula getmişdim. Həsən müəllim məni tikilməkdə olan Baş konsulluğa apardı, möhtəşəm bir bina tikirdi, Azərbaycanın adına layiq. Və sonra da həmin binada Baş konsulluq işə başlayanda da oldum. Doğrudan Azərbaycanın adına layiq idi.
Deyə bilərsiniz ki, Möhtərəm Prezident deyib, o da tikdirib, burda nə var ki?
Var! Ağcabədidə Cənab İlham Əliyev gedən abadlıq işləriylə tanış olanda çox razı qaldı. Və mən dedim ki, Möhtərəm Prezident, bunlar hamısı Sizin diqqət ayırdığınıza görədi.