Müğənni Nadir Qafarzadənin müsahibəsini təqdim edirik:
- 2020-ci ilin son günüdür. Ümumilikdə bu ili necə dəyərləndirirsiniz?
- 2020-ci il bizdən doğmalarımızı aldı. İlin 3-cü ayında koronavirus adlı bir bəla qapımızı döydü. Əslində bu virus Dekabr ayında Çində başlamışdı. Mart ayından bizləri öz ağuşuna aldı. Bu virus özü ilə birlikdə işsizlik, xəstəlik, evə qapanma, yoluxma kimi bir bəla gətirdi. Bu yaşadıqlarımız dəhşət idi. 2020-ci ildə çoxlu itkilərimiz oldu. Bununla bərabər Azərbaycan tarixi üçün qızıl hərflərlə yazılan bir il kimi də dəyərləndirmək olar. Belə ki, Sentyabrın 27-dən II Qarabağ müharibəsi başladı. Azərbaycanın rəşadətli orudusu 44 gün ərzində I Qarabağ müharibəsində işğal olunmuş torpaqlarımızı azad etdi. Biz bu müharibədən qalib kimi çıxdıq. Bu qələbə bizə asan başa gəlmədi. Torpaq uğrunda igid övladlarımız, qardaşlarımız canlarından keçdilər. 3 minə yaxın şəhidimiz var. Allah onlara rəhmət etsin. Qələbə xəbərinə sevinsək də bir gözümüz güldüsə, bir gözümüz ağladı. Bilmədik gülək, yoxsa ağlayaq. Amma olan oldu.
Bu gün də 2020-ci ili yola salırıq, yeni il gəlir. Dünya Azərbaycanlıların həmrəylik günüdür. Yeni ili qarşılasaq da üzümüz gülmür. Bayramı evdə oturub, şəhidlərimizə yas tuturaq keçiririk.
- Pandemiya döməmində nələr yaşadınız?
- İnsanların xasiyyətində, bir-birlərinə olan münasibətində xeyli dəyişikliklər baş verdi. Hətta bir qrup insanlar birləşərək kimisə ləkələmək istədilər. Bununla nə əldə etdiklərini bilmədim. O insanı gözdən salmaq üçün tamaşaçını onun üstünə qaldırırlar. İnsan səhv edə bilər. Allahdan başqa hər kəs səhv etməyə qadirdir. Yıxılan insanların üstünə bu qədər gedilməz. Onsuz da ititrə-itirə gedirik. Pandemiyadan insanlar dünyasını dəyişdi. Nə qədər ailələr əziyyət çəkdi, hələ də müalicə olunan, yoluxan, bu virusla mübarizə aparan vətəndaşlarımız var.
- Siz bu müddətdə nələr etdiniz?
- Karantin qyadalarına əməl edərək evə qapanmışam. Günlərlə evdən çıxmıram. Çıxsam hara gedəcəm? Hər yer bağlıdır. Şəhərimiz boz rəng alıb.
- 2021-ci ildən gözləntiləriniz nələrdir?
- 2021-ci ildə çox şey dəyişə bilər. Dəyişikliyin olması üçünsə bizlər də səy göstərməliyik. Eşitdiyimə görə Mart, Aprel aylarında həyat yaxşı mənada dəyişəcək. İş yerləri açılacaq, evlərə ruzi gələcək. Beyinlər təmizlənəcək. Hazırda insanlar çaşqın vəziyyətdədirlər. Bilmirlər sevinsinlər, yoxsa ağlasınlar. Amma həyat davam edir. Bu ağır vəziyyətdən birlikdə səy göstərərək çıxmalıyıq. Hər qaranlıq gecənin bir gündüzü var. Sabaha ümidlə, sevinclə getməliyik. Düşməni özümüzə güldürməməliyik. Şəhid qardaşlarımız bizə görə canlarından keçiblər ki, sağ qalan insanlar gözəl yaşasınlar, sevincli günlər görsünlər. İndi onların ruhu şad olacaq.