Yanvarın 1-də Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Pravda.az xəbər verir ki, Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının mühüm hadisə olduğunu qeyd edərək, bunun yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb.
Öz növbəsində Azərbaycan Prezidenti TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının həm ikitərəfli əlaqələrin inkişafı, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycan qazının Avropaya çatdırılmasını Cənub Qaz Dəhlizinin tamamlanması və bu tarixi layihədə iştirak edən ölkələrin uğurlu əməkdaşlığının təsdiqi kimi dəyərləndirib.
Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana və Avropanın digər ölkələrinə çatdırılmasının Avropanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması işinə böyük töhfə verəcəyini də bildiriblər.