44 günlük müharibədə ordusu darmadağın olunan və kapitulyasiyaya məcbur edilən Ermənistanda, eləcə də Dağlıq Qarabağın inzibati ərazilərinin bir hissəsində mövcudluğunu hələlik saxlaya bilmiş qondarma rejimin sıralarında revanş planları cızanların olduğu bəllidir. Ermənistanda baş nazir Nikol Paşinyanı devirmək üçün birləşən bədnam “Qarabağ” komitəsinin qurucularından biri, keçmiş müdafiə naziri Vazgen Manukyanı özlərinə müvəqqəti lider seçən müxalifət məhz revanş planları ilə hakimiyyətə gəlmək iddiasındadır. Dağlıq Qarabağdakı qondarma rejimin sıralarından da son günlər belə səslər eşidilməkdədir.
Azərbaycan prezidenti İlham Əliyev son çıxışlarında Ermənistanda və Dağlıq Qarabağda revanş barədə düşünən bəzi qüvvələrin olduğunu bildirib, onlara sərt xəbərdarlıq edib və deyib: əgər erməni faşizmi bir də baş qaldırmağa cəhd etsə onlara elə sarsıdıcı zərbə vurulacaq ki, öz adlarını belə unudacaqlar!
Əslində sağlam məntiqlə heç bir normal cəmiyyət bu cür sarsıdıcı məğlubiyyətdən və tam məhv olmanın astanasından Rusiyanın sayəsində son anda xilas olunandan sonra ən azından uzun illər boyu revanş haqda düşünməli deyildi. Müharibənin 10 noyabr üçtərəfli razılaşması əsasında başa çatmasından sonra həm Ermənistan rəhbərliyi, həm qurama rejim etiraf etdilər ki, bu təslimçilik aktı imzalanmasaydı Azərbaycan ordusunun Xankəndini azad etməsi, onların Ağdam-Ağdərə istiqamətindəki 20-25 minlik canlı qüvvəsini mühasirəyə alıb cəmi 2-3 günə məhv etməsi qaçılmaz olacaqdı.
Lakin erməni cəmiyyəti fərqlidir, sağalmaz xəstəliyə düçar olub və bu xəstəliyin təsirləri özünü məğlubiyyətdən dərhal sonra da büruzə verməyə başladı. Ordusu tamamilə darmadağın edilmiş və həm texnika, həm canlı qüvvə sarıdan çox ağır itkilər vermiş ölkədə, o cümlədən Azərbaycan ərazilərinin bir hissəsində mövcudluğunu saxlaya bilmiş qondarma rejimdə revanş haqda çağırışlar eşidildi.
Bəlli olduğu kimi Qarabağın azad edilməsi ilə nəticələnən müharibədən sonra Ermənistanda “xain” elan edilən Paşinyanın hakimiyyəti ciddi ölçüdə laxlayıb, eyni zamanda qondarma rejimin rəhbəri Araik Arutyunyan da “hakimiyyətdən və siyasətdən gedəcəyini” bildirib. Və birinci Qarabağ müharibəsinin səhra komandirlərindən biri, Xocalı canisi, general (“samozvanets”) Vitali Balasanyan “təhlükəsizlik şurasının katibi” vəzifəsinə təyin edilib. Bu günlərdə Yerevana baş çəkib Ermənistan televiziyasına müsahibə verən Balasanyan Dağlıq Qarabağda “yeni ordu qurmaq” planları haqda danışıb. O cümlədən “sərhəd qoşunları” yaradılacağını deyib. Və elan edib ki, bütün silahlı dəstələr “təhlükəsizlik şurasına”, yəni şəxsən ona tabe olacaq.
Ardınca Balasanyanın partiyası Araik Arutyunyanı “milli birlik hökuməti” qurmaq barədə razılaşmanı pozmaqda günahlandırıb istefaya çağırdı. Yəni aydındır ki, Robert Köçəryanın adamı hesab edilən Balasanyan qurama rejimin idarəçiliyini öz əlinə alır və orada yeni hərbi xunta rejimi yaratmağı planlaşdırır.
Lakin belə görünür ki, Araik Arutyunyan müqavimət göstərir və darmadağın edilmiş erməni birləşmələrinin qalıqlarını öz nəzarətində saxlamağa çalışır. Ötən gün o, Qarabağ müharibəsi ərzində erməni yalanlarını tirajlamaqla məşğul olan və Ermənistan ordusunun əslində necə acınacaqlı durumda olduğu barədə həqiqətlər üzə çıxanda gülünc duruma düşən “WarGonzo” layihəsinin rəhbəri Semyon Peqovla birlikdə erməni yaraqlılarının yeni tikilən mövqelərindən birinə baş çəkib. Və orada elan edib: “Bizim keyfiyyətcə yeni ordumuz olmalıdır, bu ordunun yaradılmasında müharibənin dərsləri, aparıcı ölkələrin təcrübəsi və müasir silah növləri nəzərə alınmalıdır”.
Xatırladaq ki, həm Araik Arutyunyan, həm Semyon Peqov (rusiyalı mediamaqnat Aram Qabrielyanovun “layihəsi” olan Peqov guya müharibə reportyoru kimi Dağlıq Qarabağa daxil olmuşdu, amma mühaibə bitsə də o, nəyə görəsə hələ də oralarda dolaşmaqdadır) barəsində Azərbaycan xüsusi xidmət orqanları bir neçə maddə ilə cinayət işi qaldırıb. Onların barəsində axtarış elan olunub.
Araik Arutyunyan və ya Vitali Balasanyan “yeni, müasir ordunu” necə quracaqları, bunun üçün milyardlarla dolları haradan alacaqları barədə hər hansı planlardan bəhs etməyiblər. Və bir əsas məsələni nəzərə almayıblar-müharibənin qalibi, Ermənistan ordusunu və onun Qarabağdakı işğalçı kontingentini darmadağın edən Azərbaycan məgər öz ərazilərinin bir hissəsində “yeni, müasir ordunun” yaradılmasını sakitcə oturub izləyəcək? (Bu məqamda prezident İlham Əliyevin yuxarıdakı sitatını bir daha xatırlatmaq lazım gəlir)