Azərbaycanda dövlətin dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində kənd təsərrüfatı heyvanlarının sığortası davam edir.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, noyabrın 3-də kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ilk müqavilədən sonra fermerlərin fonda müraciətləri başlayıb.
Xatırladaq ki, yeni sığorta mexanizmi vasitəsilə 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür. Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, heyvanların sığortasında da hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir.
Qaydalara əsasən, sığortalanan heyvanlar peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”na uyğun olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların qidalanması qaydalara uyğun təmin edilməlidir.
Aqrar sığorta çərçivəsində heyvanların sığortalanması üçün iki sığorta zərfi təqdim edilir. Hər bir zərf üzrə iki fərqli azadolma məbləğləri seçə bilərlər – 10% və 20%.
Birinci sığorta zərfi baza risklərini əhatə edir
Buraya yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu və yanğın nəticəsində heyvanların ölümü, eləcə də heyvanların məcburi kəsimi aiddir.
Birinci zərfə aşağıdakı risklər aiddir:
yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü;
ilan və ya həşərat sancması nəticəsində heyvanın ölümü;
zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın ölümü;
təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) nəticəsində heyvanın ölümü;
yanğın nəticəsində heyvanın ölümü;
vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü;
sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi.
Heyvanların bu risklərdən sığortalanması üzrə sığorta tarifləri belədir:
|
Şərtsiz azadolma məbləği |
10% |
20% |
|
1 illik |
6.1% |
5.4% |
|
2 illik |
11.8% |
10.5% |
|
3 illik |
17.2% |
15.2% |
Başqa sözlə, fermerlər kənd təsərrüfatı heyvanlarını 10% azadolma şərti ilə 6,1%-lik sığorta tarifi ilə, 20% azadolma şərtində isə 5,4%-lik tariflə sığortalaya bilərlər.
Misal 1: Qiyməti 5 000 manat olan Simmental cinsli inək sığorta ediləndə
10%-lik azadolma halında sığorta haqqı 305 manat (5 000 x 6,1%) təşkil edir ki, bu məbləğin yarısını - 152,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
20%-lik azadolma halında isə ümumi sığorta haqqı 270 manat (5 000 x 5,4%) təşkil edir ki, bu məbləğin yarısını - 135 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Misal 2: Qiyməti 2000 manat olan yerli inək sığorta ediləndə
10%-lik azadolma halında sığorta haqqı 122 manat (2 000 x 6,1%) təşkil edir ki, bu məbləğin yarısını - 61 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
20%-lik azadolma halında isə ümumi sığorta haqqı 108 manat (2 000 x 5,4%) təşkil edir ki, bu məbləğin yarısını - 54 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
İkinci sığorta paketi əlavə riskləri də əhatə edir
Heyvanların sığortalanması üçün təklif olunan ikinci sığorta paketi, birincidə göstəriləndən əlavə riskləri də əhatə edir. İkinci paketdə əlavə risklərə heyvanların nəqliyyat vasitəsi (məsələn avtomobil və ya qatarla vurulması), heyvanların daşınması zamanı yol qəzası nəticəsində heyvanların ölümü, heyvanları cərəyan vurması, kimyəvi maddələrlə zəhərlənib ölməsi, eləcə də oğurlanması aiddir.