Məşhurlar 2021-ci ildən gözləntiləri nələrdir?
Pravda.az sənətçilərlə sorğunu təqdim edir:
Müğənni Günay İbrahimli 2021-ci ildən gözləntilərinin çox olduğunu deyib: "2020-ci ildə həyata keçirə bilmədiyimiz arzularımız yerinə yetsin. Çox məqsədlərimiz yarımçıq qaldı, pandemiya oldu. Çox sevinirəm ki, 2020-ci ildə Qarabağ işğaldan azad edildi. O bizə ən böyük hədiyyə oldu. Bu mənim arzularımdan biri idi və çin oldu. Bir qarabağlı olaraq hər zaman torpaqlarımızın işğaldan azad edilməsini istəyirdim. 2021-ci ildə Qarabağa getmək, hər qarış torpağımızı gəzmək istəyirəm. İşimlə, karyeramla bağlı böyük layihələrim var. Onların həyata keçməsini istəyirəm. Arzular tükənməzdir. 2021-ci ildə hər kəsə sağlam can arzu edirəm. Və Allah hər kəsi arzusuna çatdırsın".
Rəqqasə-aktrisa Oksana Rəsulova normal həyata qayıdacağımıza ümid bəslədiyini bildirib: "2021-ci ildə hər şey yaxşı olacaq. Hər şey qaydasına düşəcək, normal həyata qayıdacağıq. İnsanlar böhrandan çıxa biləcək. İnşallah ki, hər şey yaxşı olacaq".
Müğənni Zamiq Hüseynov deyib ki, 2020-ci il əfsus ki, xoş olmayan hadisələrlə başladı: "Buna baxmayaraq, il sonu ürək açan sürprizlərlə rastlaşdıq. Sevindirici hal oldu ki, 2020-ci il Zəfər ili kimi yaddaşımıza həkk olundu. 30 ilin həsrəti sona çatdı. Cənnət guşəmiz Qarabağımıza qovuşduq! 2021-ci ildən gözləntilərim var. Öncə arzu edirəm ki, pandemiya bitsin, əvvəlki yaşam tərzimizə qayıdaq, toy mərasimləri başlasın. Hamının evində toy-büsatlı günlər yaşansın. Mən də yeni mahnı, klip və konsert proqramları ilə pərəstişkarlarımın intizarına son qoymaq istəyirəm! Hər kəsə sevgi dolu günlər arzulayıram!".
Tele-aparıcı Turan İbrahimov da "2021-ci ildən orijinal nə isə gözləmirəm. Təbii ki, hər kəsin istədiklərini arzu edirəm. Həyatımız ötən ildəki kimi normal keçsin, artığını istəmirəm. Maddi rifahımız o qədər yaxşı olsun ki, 2021-ci ildə gəzmədiyimiz, görmədiyimiz yerlərə gedə, yemədiyimizi yeyə, geyinə bilmədiyimizi geyinə bilək. 2021-ci ildən qeyri-adi heç nə istəyə bilməyəcəm, həyatımız normallaşsın", -deyə qeyd edib.