Azərbaycanın şanlı zəfəri ilə yekunlaşan Vətən müharibəsi Qafqaz və Orta Asiyadakı türk ölkələrini də canlandırıb. Bu məqam günlərdir Rusiya mediasında müzakirə olunmaqdadır. Son proseslərdən sonra Türkiyənin regiondakı güclü rolunu və savaşın nəticələrini analiz edən “Moskovski komsomolets” qəzeti Ankaranın Orta Asiyadakı türk respublikaları ilə yeni hərbi-siyasi blok yaratmağı planladığını yazıb. Türkiyənin Özbəkistan, Qırğızıstan kimi ölkələrlə hərbi anlaşmalar imzaladığını, Qazaxıstanın “Bayraktar TB2” almağı hədəflədiyini qeyd edən qəzet yeni ittifaqa ilk qatılacaq ölkənin Türkmənistan olacağını səhifələrinə daşıyıb. Nəşrə görə, Türkiyə və Azərbaycan arasındakı “Tək millət, iki dövlət” şüarının yerini indi “Tək millət, beş dövlət” almağa başlayıb. “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli “Şərq”ə deyib ki, Ankaranın məqsədi türk dünyasının birliyinə nail olmaqdır. Ekspertin sözlərinə görə, belə bir niyyət Moskvanı narahat etməyə bilməz: “Rus mediasında Türkiyənin uzun müddət Moskvanın çətiri altında olan türk respublikaları ilə yaxınlığı qabardılır və təhlükəli fakt kimi müzakirə olunur. Rus ekspertlər “Ərdoğan Turan qurur” deyərək öz təşvişlərini gizlətmirlər. Qazaxıstanın “Bayraktar TB2” almaq niyyəti də Kremli narahat edən məqamlardandır.
Rus mediasında panikaya səbəb olan başlıca amil isə “Bir millət, beş dövlət” şüarının aktuallaşmasıdır. Türkiyənin sadəcə türk ölkələri ilə deyil, Ukrayna və Gürcüstanla hərbi müqavilələri də Rusiyanın kefini pozur.