“El bir olsa, dağı oynadar yerindən”, – deyib atalarımız. Bu müdrik sözlərin təsdiqini ötən ilin payızında bir daha görüb, şahid olduq. Cəmi 44 günə düşmənin dizini yerə qoyduq. 30 ildə edə bilmədiyimizi cəmi 6 həftədə etdik. 44 gündə Azərbaycan xalqı 7-dən 77-dək yekdil oldu, yumruğu bir yerə vurdu. Heç kim bu müqəddəs savaşda yaxasını kənara çəkmədi. Evində çörəyi olmayan neçə soydaşımız bəlkədə neçə gün ac yatıb, ac durdu. Dözdü. Evin tək övladı əsgər paltarı geyindi, ata-ana demədi ki, niyə sən? Hər bir azərbaycanlı müsəlləh əsgər oldu. Ən qəribəsi bu idi ki, 27 sentyabra qədər bəlkə də hər gün söyülüb, tənqid olunan məmurlar haqqında da 44 gün ərzində heç kim danışmadı, dərdini içinə gömdü, “qurban olsun Prezidentimizə”, – dedi. Heç bir şəhid atası demədi ki, “belim qırıldı”, heç bir şəhid anası demədi ki, “evimin işığı söndü”. 44 gün ərzində hamının dilində bir söz bitdi: Hər şey Vətən üçün.
Xalqımızın monolit birliyi, ordumuzun qüdrəti və Ali Baş Komandanın iradəsi mümkünsüzü mümkün etdi. Təbii ki, respublika prezidenti bu qələbənin memarı oldu. Bu qələbə qalasını illər boyu kərpic-kərpic tikdi. Bir anlığa göz önünə gətirək. 2018-ci ilin aprelində Azərbaycanda prezident seçkiləri keçirildi. Seçkilərdə qəti qələbə çalan İlham Əliyev yeni hökumət qurdu. Bu hökumətdə bir çox yeni simalar yer aldı. Doğrudur, onların hamısı prezidentin etimadını və xalqın sevgisini qazanmadı. Amma hər halda onlar milli kadr idi. 5-ci kolonun üzvləri deyildilər.
Seçkilərdən az sonra İlham Əliyev ilk dəfə bəyan etdi ki, Azərbaycanda 5-ci kolon var. Bunu etiraf etməyin özü bir qəhrəmanlıq idi. Çünki, bu kolon əslində çox böyük xarici kəşfiyyat şəbəkəsi idi. Və hakimiiyyətin bütün qollarında yetərincə yuva salmışdı. Azərbaycan Prezidenti bir də ona görə qəhrəman idi ki, nəinki, 5-ci kolonun olmasını dedi, həm də ona qarşı açıq mübarizəyə başladı. Çünki xarici kəşfiyyat xidmətlərinin güclü agenturası fəaliyyətdə olduğu müddətdə ölkədə hər hansı bir inqilabi dəyişiklik etmək və müharibəyə başlamaq mümkün deyildi. Ona görə də prezident açıq şəkildə 5-ci kolonun üzərinə getdi. Birinci, güc strukturlarında vacib kadr dəyişikliyi aparıldı. Eyni vaxtda DİN, DTX rəhbərliyi, bir müddət sonra Baş prokuror dəyişdirildi. Novruz Məmmədovun Baş nazirlik müddəti bir ildən bir az çox çəkdi. İyul döyüşlərindən sonra isə Xarici İşlər naziri Elmar Məmmədyarovun 17 il, 4 aylıq hökmranlığına son qoyuldu. 5-ci kolonun Müdafiə Nazirliyindəki fəalları neytrallaşdırıldı və müharibənin başlanmasından bir müddət əvvəl Nəcməddin Sadıqov başda olmaqla xeyli geniralitet istefaya göndərildi. Ən böyük hadisə isə hakimiiyyətin “boz kardinalı” adlandırılan Ramiz Mehdiyevin yola salınması oldu. Buna qədərsə Ramiz Mehdiyevin “sağ əli” Əli Həsənov neytrallaşdırılmışdı.
Mən bu yazımda 5-ci kolonun digər üzvləri barədə yox, məhz Əli Həsənov haqqında danışmaq istəyirdim. Çünki Əli Həsənov Azərbaycan dövlətinə və xalqına son 30 ildə ən çox ziyan vuran iki məmurdan biridir. Və bəlkə də birincisidir. Əli Həsənovun statusu elə idi ki, göydə uçan quşdan da onun xəbəri olmalı idi. Əslində Əli bəyin də nəinki göydə uçan quşlardan, hətta yerdə sürünən zəhərli ilanlardan da xəbəri var idi. Əli Həsənov Ramiz Mehdiyevə arxalanaraq ölkədə bir cinayətkar şəbəkə yaratmışdı. Bu şəbəkə Hacı Məmmədovun qanqsterlərindən, Eldar Mahmudovun qoçularından daha qorxulu idi. Çünki Hacı Məmmədovun da, Eldar Mahmudovun hədəfləri lokal idi. Onları yalnız milyonçular maraqlandırırdı.
Əli Həsənovun isə hədəfi təmiz insanlar, doğrunu söyləyənlər və özünə, sözünə hörmət edənlər idi. Yəni Əli Həsənov Azərbaycanın genefondunu məhv etməklə məşğul idi. 25 illik hakimiyyəti dövründə o Azərbaycan mətbuatın görən gözünü kor, eşidən qulağını kar eləməyə çalışdı. Ətrafına yığdığı korazehin adamlarla nə qədər işıqlı ziyalının ürəyini partladıb öldürdü. Nə qədər kasıb,yetim jurnalisti barmaqlıqlar arxasına saldırdı. Bir anlığa diqqət edək. Əli Həsənov 1,4 ildir ki, siyasi səhnədə yoxdur. Amma bu müddətdə bir dənə də olsun jurnalist həbs olunmayıb. Bir dənə də olsun siyasi fəal incidilməyib. Necə deyərlər: Qurdla quzu bir yerdə otlayır. Əli Həsənov korporativ maraqları üçün bütün zamanlarda dövləti maraqları ayaqlar altına atırdı. O, öz statusundan istifadə edərək bütün məmurlardan “dolya” alırdı.
Onun haqq aldığı məmurlar siyahısında ən bərk gedən nazirlərin adı da vardı. İcra başçıları isə sadəcə Əli üçün xırda çibxərcliklər ödəyən məmurlar idi. Əli bəyin qurduğu texnologiya isə belə idi. O, bütün məmurlarla iş birliyinə getmişdi ki, sizi mətbuatdan qoruyacam. Və ən başlıcası mətbuatın sizin haqqınızda yazdıqlarını ölkə rəhbərliyinə çatmasının qarşısını alacam. Təbii ki, bu təklif istənilən məmur üçün cəlbedici idi. Ona görə də məmurların tam əksəriyyəti onunla separat danışığa gedirdi. Amma Əli Həsənov aldığı dolya ilə kifayətlənmirdi. Davamlı şəkildə həmin məmurları şantaj edirdi. Burda bir hadisəni xatırlatmaq istəyirəm. Təxminən 10-12 ilin söhbətidir. Yüksəkçinli bir məmur tanışım söhbət zamanı mənə gileyləndi ki, “ay qardaş, dişimi qurtlayanda da bu Əlinin xəbəri olur. Məni boğaza yığıb. Beş gündən bir zəng edir ki, bəs sənin haqqında filan məlumat var. Qəzetə vermək istəyirlər. Gör neynirsən?!” .