Tanınmış şair Nüsrət Kəsəmənlinin oğlu, şair-aktyor Rəşad Kəsəmənli ilə müsahibəni təqdim edir.
- Ənənəvi sualla başlayırıq: sizi layihəyə dəvət edəndə atanızla bağlı ilk yadınıza düşən nə oldu?
- Yadıma heç nə düşmədi. Ona görə ki, heç nəyi unutmamışam. Həyatımız bir film kimidir. Eyni filmi hər gün görürsənsə, unudulası, qeyri-adi heç nə qalmır. Atam hər gün yanımdadı. Ruhən mənimlə birlikdədi. Bunu hiss edirəm. Sanki uzaq bir səfərdədir və nə vaxtsa qayıdacaq.
- Nüsrət müəllim sağlığında bəlkə də ən populyar şair idi. İndi necədir sizcə?
- Onu heç vaxt unutmadılar və unutmayacaqlar da.
- Adına çoxlu facebook səhifələri də yaradıblar. Siz yaratmısınız, ya oxucular?
- Oxucular. Mən heç onları tanımıram. Yaxşı malın reklama ehtiyacı yoxdu. Özü-özünü təbliğ edir. İnanın şeirlərini elə paylaşırlar, elə sevgiylə təqdim edirlər, mənə və ya başqasına ehtiyac qalmır. Nüsrət Kəsəmənlinin populyarlığı yenə də davam eləyir.
- Dostları...
- Atam öləndən sonra anladım ki, insan nə qədər sağdır, dostlarının doğrusu, saxtası bilinmir. Sağlığında ki, məclisinə yüzlərlə adam gəlirdi, sağlıq demək üçün növbəyə düzülürdü, elə bil onlar da o dünyaya getdilər. Aşağı-yuxarı dörd-beş dostu qaldı. Hətta bəlkə bir az şişirdirəm də bu rəqəmi.
- Adını çəkə bilərsiniz o dörd-beş adamın?
- Əlbəttə. Cabbar Musayev, Elxan Şirinov...
- Bunların arasında ədəbiyyat adamı yoxdu?
- Var. Zəlimxan Yaqub. Deyim ki, çox dəyərli insandır. Hər görüşəndə onun insanlığına bir daha valeh oluram. Oğluyla da yaxın dostluğum var.
- Məşhur üçlüyün üzvləri necə? Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu...
- Bu barədə danışmaq istəmirəm. Demirəm ki, kimsə vəfasızdı, kimsə pisdi, kimsə yaxşıdı... Sadəcə susmağa üstünlük verirəm. Mənim özümün də dostlarım var ki, nə qədər sağam, onların yolunda can-başla varam. Amma bilmirəm ki, mən öləndən sonra necə insana çevriləcəklər. Ona görə mən atamda heç vaxt səhv axtarmıram.
- Bu layihədə bütün məşhurların övladları ataları öləndən sonra onların dostlarından şikayətləndilər. Bəlkə, bu, təbii bir haldır, şikayətlənməyə əsas yoxdur?
- Elə deyil. Bir dəfə Cabbar Musayev maraqlı bir söz işlətdi. Dedi, mən Nüsrət üçün heç nə eləmirəm, o, mənim yerimdə olsa, daha çox eləyərdi. Belə dost qazanmaq da böyük işdir. Söhbət maddi yardımdan getmir.
- Nüsrət müəllimlə mənim də münasibətim vardı. Haqqımda yazı da yazıb... Ölümü mənə şok yaşatdı. İnana bilmirdim...
- Ölüm addım-addım yaxınlaşanda insan hazır olur, alışır. Elə ki, qəfil olur, siz deyən ki, şoka salır adamı.
- Özü də müalicədəydi İranda. Vəziyyəti də yaxşı idi...
- Elədi. Biz də gözləmirdik.
- Qardaşın səndən balacadı də?
- Hə. İki yaş balacadı. Atamın ölümünü gözləsək də, qəbul edə bilməzdik. Ağır idi.
- Həmişə deyirdi, uşaqlıda sıxıntı görmüşəm, ona görə övladlarımı bir az da ərköyün böyüdəcəm.
- Şəxsən mən ərköyün böyüməmişəm. Düzdü, atam mənim üçün hər şeyi eləyib, ancaq bu ərköyünlük deyildi. Sərbəstlik desək daha doğru olar.
- Məsələn, nə qədər pul verirdi sənə?
- Utanırdım istəməyə. Elə mövzular varıydı çox sərbəst danışırdıq, amma pul istəyə bilmirdim. Bu, onu narahat edirdi. Deyirdi, məcburam şkafa pul qoyam ki, ehtiyacın olsa götürəsən. Soruşanda da demirdim ki, lazımdır, ya yox.
- Dinə həvəslisiz bir az...
- Bəli. Mən də, qardaşım da.
- Amma atanız şeirlərində və müsahibələrində dinə istehza edirdi...
- Atam Allahı sevən adam idi. Baxın, molla sözünə camaat arasında ironik münasibət var. Halbuki, müəllim, din alimi deməkdir. O sözü bu günə qoyanlar qoyub. Ucuzlaşdırıblar. O günü maraqlı bir söz oxudum, yadımda qaldı. Deyir, islamı insanların hərəkətinə görə yox, insanları islamın qaydalarına görə mühakimə edin. Əgər mən müsəlman olaraq yüz oyundan çıxıramsa, sən dini niyə söyürsən? Atam bəzi din xadimlərini tənqid edirdi. Onun dindar insanlar arasında da yaxşı dostları vardı.
- Evinizdə Quran var idi?
- Həmişə evimizdə azı beş dənə Quran olub. Hətta biri o qədər qədimdir ki, əsl muzey eksponatıdır.
- Sizin dini seçməyinizdə atanızın rolu olub?
- Əlbəttə. Gözümü açandan evimizdə “Allah” sözü eşitmişəm. Anlamışam ki, hər şeyə görə Allaha borcluyuq və ona şükr etməliyik. Düzdü namaz qılmağa altı-yeddi il əvvəl başlamışam, amma inancım ağlım kəsəndən var.
- Nüsrət Kəsəmənli gəncliyində çox nadinc idi...
- Mən də tələbə vaxtı nadinc idim. Dostlar ovaxtkı macəralarımı hələ də danışırlar. Amma hər şeyin bir çərçivəsi var. Eləcə də dəcəlliyin... Heç kimə ziyan vurmamalısan.
- Bir dəfə ananızın müsahibəsini oxudum. Demişdi ki, övladlarımın heç birinin şair olmasını istəmirəm.
- Yəqin çətinliyinə, məsuliyyətinə görə deyib. Bəlkə də uzaqgörənlik edib.
- Hansı mənada?
- Bu gün şairlərə hansı hörməti qoyurlar?
- Amma Nüsrətə hörmət qoyuldu...
- Mən də onu deyirəm ki, o vaxt vardı, bu gün isə yoxdur.
- Nüsrətin bir “Etiraf” şeiri var, orda özü etiraf edib ki, xanımını çox incidib.
- Bu faktdır. Nə danım? Bu, kişilərin doxsan doqquz tam onda doqquz faizinin problemidir. Sadəcə atam şair olduğu üçün bunu etiraf edirdi, başqaları eləmir.
- Nəzərə alaq ki, hər qadın da sizin ananız deyil. Qorxuludur etiraf eləmək.
- Bəli. Hər qadın da mənim anam deyil. Atama o cəsarəti verən mənim anam idi. Atam həmişə deyirdi, həyatda ən böyük şansım, həyat yoldaşımın belə bir xanım olmasıdır.
- Onun bir şeiri də vardı: Arazın zindanı – otağın küncü... Elə bil bu günü görürmüş. Sizcə nə idi bu? İntuisiyamı?