Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Mənə dedi ki, komandir, bax gör öləcəm?”

1 270
Paylaş:
“Mənə dedi ki, komandir, bax gör öləcəm?”

Döyüşlərə qatıldığım andan tabeliyimizdə olan döyüşçülərin hərəkətlərinə diqqət edirdim. MAXE Nurəhmədov Ramin Maarif oğlu məndə xüsusi güvən yaradan döyüşçülərdən biri idi. Gecə tapşırıqlarında əsasən Manqa komandiri kimi yanımda onu götürürdüm. Hətta Gecəgözlü kəndində bir Taborun yerinə döyüşməyə 15 nəfər heyətlə getdikdə iki dəfə onu yanımda götürdüm. Tapşırıqları çox məsuliyyətlə yerinə yetirirdi, gecələri yatmırdı...

Taborumuzun Fizuli rayonunda gedən döyüşlərdə Müdafiə Nazirliyi tərəfindən fərqləndirildiyini bildirib bizi XTQ-lə birlikdə Şuşa istiqamətinə gətirmişdilər.

 Bir gün XTQ-dən bir polkovnik-leytenant bizim bölüyü Çanaqçı kəndi yaxınlığındakı meşədə qarşılayıb əməliyyata apardı. Sol cinahımızdan Naxçıvandan gələn XTQ qrupu, sağdan Yaşamanın XTQ-sindən bir qrup düşmən arxasına sızdı. Biz isə Qırmızı Bazara gedən əsas yolu kəsdik. Ermənilərin Qırmızı Bazara köməyə  gətirdikləri qüvvələrin qarşısını almalı idik.

 Tapşırıqlarımızı aldıqdan sonra hərə öz istiqamətinə getdi... Bir neçə saatdan sonra yolda pusqumuzu qurduq və döyüşlər başladı.

 Üç qrupa bölünüb tapşırığı yerinə yetirirdik. Yolun içindəki qrupa mən, məndən solda meşənin qurtaracağındakı 8 nəfərlik qrupa MAXE Nuriyev Xalid, mənimlə üzbə-üz yolun o biri tərəfindəki qrupa isə baş leytenant Heydərli Heydər rəhbərlik edirdi. İki gün idi ki tapşırığı itkisiz yerinə yetirirdik.

 MAXE Nurəhmədov Ramin bölgüdə Heydərlinin qrupuna düşmüşdü. Günorta saatlarında gecəgörmə cihazına batareya götürmək üçün Nurəhmədov və bir neçə əsgər biz tərəfə keçdi. Nurəhmədovu gördükdə təklif elədim ki, mənim yanımda uzanıb yatsın. Çünki gecələr çox məsuliyyətli xidmət aparırdı. Ona görə də istəmirdim yorğun olsun. Mənə dedi ki, "komandir, onsuzda yuxudan doymaq olmur, yorğun deyiləm birazdan yataram" deyib getdilər.

Təxminən yarım saat sonra ermənilər yenidən həmləyə başladı. Əsgərlər qaçaraq yanıma gələrək Nurəhmədovun vurulduğunu dedilər. Biraz sonra Nurəhmədov güllə yağışı altında mən olan tərəfə keçirildi. Çatan kimi yarasını açıb yarasına baxdıq. Snayperlə qarın nahiyəsindən vurulmuşdu. Mənə dedi ki, komandir, bax gör öləcəm? Dedim narahat olma güllə həyati vacib orqanlara dəyməyib. İndi səni hospitala çatdıracağıq. Yarasını sarıdıqdan sonra plaş-çadırın üzərinə qoyaraq 6 əsgərlə birlikdə qaçaraq Çanaqçıya çatdırmaları tapşırdım. Rabitə əlaqəmiz kəsildiyi üçün təxliyə qrupu çağıra bilmirdik. Əsgərlərim dayanmadan əllərində bir neçə km məsafəni qaçıraraq Nurəhmədovu kəndə çatdırıb, ermənilər qoyub qaçdığı maşınlardan biri ilə hospitala çatdırmışdılar.

 Hospitala çatana qədər də huşu özündə olmuşdu...

Həmin döyüşlərdə Nurəhmədov şəhid oldu, 6 nəfər də yüngül yaralandı.

Atəşkəs elan olunduqdan sonra Şuşada Nurəhmədovun şəhid olduğunu eşitdik. Bütün bölük yasa batdıq

Ruhun şad olsun Azərbaycanın igid oğlu!

Fərəc Kərimli

Müsavat Partiyası başqanının müavini

Paylaş:

Ən son xəbərlər