Azərbaycanın dünya ticarətində və yeni ittifaqlarda yeri.
Azərbaycanda primitiv iqtisadi münasibətlərin, “dövlət kapitalizminin” ən pis formasının olması artıq heç kəsə sirr deyil. Uzun illərdir ki, Azərbaycan çoxşaxəli iqtisadi model qura, iqtisadiyyatı institutlaşdıra bilmədi – Neft Fondunun yaratdığı büdcə və iqtisadi fürsətlərdən istifadə edərək, hələ ki, yol alıb gedirik, amma hamıya da aydın olmalıdır ki, bu yol “iqtisadi dalana” dirənəcək.
Məmləkətin müstəqillikdən üzü bəri içində olduğu xroniki problemlərdən (korrupsiya, inhisarçılıq, mənur biznesi, azad olmayan məhkəmələr) çox yazıb-danışmışıq, bunları yadda saxlayaq, amma indi başqa, daha dərin problemləri və gələcəyi müzakirə etməyə cəhd edək.
Azərbaycan Beynəlxalq Təşkilatlara üzvlüyə və onlarla çoxtərəfli əməkdaşlığa həmişə qısqanclıqla yanaşıb. Düz 22 ildir ki, ÜTT-yə üzvlüklə bağlı mənasız danışıqlar aparır, AB ilə sazişi gecikdirir, Beynəlxalq İqtisadi institutlarla bağlı öhdəliklər götürməkdən imtina edir. Və bütün bunları “daxili bazarı qorumaq” üçün etdiyini bəyan etsə də, səbəb “primitiv məmur kapitalizmi” modelini qorumaqdır.
Vergi məsələsi.
Azərbaycan son 5 ildə Vergi Məcəlləsinə yüzlərlə əlavələr və dəyişikliklər edib, məqsəd o idi ki, ölkədə “kölgə iqtisadiyyatının” həcmi azalsın, məmləkətdə vergi ödəmə mədəniyyəti yaransın. Amma hökumət həmişəki kimi nəticədən başladı, səbəbləri araşdırıb bununla bağlı qərarlar ala bilmədi – bizdə “vergi verən” mədəniyyəti ona görə formalaşmır ki, dominant yanaşma “çörək verən” fəlsəfəsidir. Yəni, vətəndaş ödədiyi verginin geri dönüşünü ya görmür, ya da hiss etmir, amma hansısa məmurun müdaxiləsinin problemini daha tez həll etdiyini görür – nəticədə, “çörək verənə” sitayiş, dövlət institutlarına inamdan daha öndə olur. Bu təməl səbəbdir, bu səbəb isə seçkiyə bağlıdır, seçki institutu olmayan ölkələrdə vergi institutu da formalaşmır. Ona görə də bizim hökumət dolayı vergiləndirməyə üstünlük verir – cərimələr, pullu ali təhsil, ASAN xidmət, gömrükdə ƏDV (gömrük haqqında ayrıca bənd olacaq) və s. kimi dolayı alətlər normal vergi sisteminin olmamağının təzahürüdür. Vergi sistemi maksimum sadələşdirilməli, sahələr üzrə dövriyyədən vergi prinsipinə keçilməlidir.