“Tanınmış tarixçi alimimiz Dilavər Əzimli koronavirus səbəbiylə Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxanasında müalicə alır. Hazırda süni tənəffüs aparatına qoşulmuş alimin sağlıq durumunun kritik olması ilə bağlı dostlar, media nümayəndələri, alimlər öz narahatçılığını mənimlə də bölüşür. Bildirmək istərdim ki, Dilavər müəllimin müalicə aldığı xəstəxananın FHN-nin tərkibində olmasını nəzərə alaraq, nazir Kəmaləddin Heydərovla danışdıq, dostların, ziyalıların narahatçılığını bölüşdük. Hörmətli nazir xəstəxananın baş həkimi ilə danışaraq, xəstənin vəziyyəti ilə yaxından maraqlandı və bir daha bildirmək istərdim ki, həkimlərimiz bugünədək Dilavər müəllimə (eləcə də digər xəstələrimizə) əllərindən gələn şəfqəti əsirgəmədikləri kimi, bundan sonra da öz xüsusi diqqətlərini əsirgəməyəcək, ona həssaslıqla yanaşacaqlar”.
Qənirə Paşayeva Kəmaləddin Heydərova zəng etdi
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.
“Minnətdarlıqla bildirmək istərdim ki nazir alimin müalicəsinin gedişini şəxsi nəzarətinə götürüb. Əziz media nümayəndələrinin, ziyalılarımızın diqqətinə çatdırmaq istərdim ki, Dilavər müəllimin həyat yoldaşı Arzu xanımla davamlı əlaqədəyik və bütün narahat olan dostlardan yeganə xahişimiz dualarını əsirgəməməkdir” – Q.Paşayeva bildirib.