Bu həftədən Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Yeni çağırışlar” onlayn müzakirə proqramına start veriləcək.
Pravda.az xəbər verir ki, proqramın təhsilin idarə olunması üzrə mütəxəssis, “T-network”-un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayılması planlaşdırılır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın ilk qonağı dünyaca məşhur Khan Academy-nin qurucusu və CEO-su Sal Khan olacaq. Görüş 7 yanvar saat 19.00-da Təhsil Nazirliyinin “Facebook” səhifəsindən canlı yayımlanacaq.
Sal Khan dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunun və Harvard universitetinin məzunudur. O, 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan Khan Academy ilə bütün dünyaya səs salıb. Bill Gates, Elon Musk kimi dünya şöhrətli şəxslər onun gördüyü işləri yüksək qiymətləndiriblər.