“Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Azərbaycanın mədəniyyət siyasətinin gələcək inkişafını müəyyən edən prioritet istiqamətləri toxunub”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, Azərbaycan müstəqil olmadığı zaman assimlyasiya olunmamasında mədəniyyətimiz misilsiz rol oynayıb, Azərbaycan dili və mənəvi dəyərlər milli identifikasiyamızı müəyyən edib: “Azərbaycan müstəqillik əldə edəndən sonra da vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin simvolları sırasında Azərbaycan mədəniyyətini xüsusi qeyd etmək lazımdır. Prezident də çıxışında bu gün Azərbaycan dilinin, mədəniyyətinin qorunmasının vacibliyini vurğulayıb. Azərbaycan dili çox zəngindir, lakin dövlət başçısının qeyd etdiyi kimi bu dilə çoxlu sayda bəzi sözlər qarışıb ki, onlar dilimizin saflığına xələl gətirir. Ona görə də Prezidentin tövsiyələrini nəzərə almalıyıq”.
Millət vəkili Milli Məclisdə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çıxışlar etdiyini də xatırladıb: “Prezidentin də bu yöndə tövsiyələri ürəyimdən oldu. Yeri gəlmişkən, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il 1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Mənim sədri olduğum Vəhdət Partiyasında müavinlərimdən biri də böyük dilçi alimdir, bu sahəyə xüsusi diqqət yetiririk. Dövlət başçısının da qeyd etdiyi kimi, dünyada 50 milyon insanın ana dili olan Azərbaycan dilində danışır. Dilimizlə bağlı terminoloji, izahlı lüğətlərin hazırlanması ilə bağlı son illər xeyli işlər görülüb”.
T. Kərimli bildirib ki, Azərbaycan mədəni irsinin qorunması ilə bağlı UNESKO ilə əməkdaşlıq davam etməlidir: “Məsələn, müxtəlif ölkələrdə muğam sənəti inkişaf edib. Ancaq Azərbaycan xüsusi muğam mərkəzinə çevrilib. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın böyük rolunu xüsusi qeyd etmək lazımdır. Nəsiminin qəzəllərinin birində 12 muğamın hamısının adı çəkilir, yalnız bir muğamın adı fərqlidir. Bu da göstərir ki, məhz Azərbaycan muğamın beşiyidir. Onu da qeyd edim ki, mədəni irsimizin qorunması, gənc nəslin milli ruhda tərbiyə olunması, xüsusilə mədəniyyət xadimlərinə diqqət və qayğı yönündə əhəmiyyətli işlər görülür. Eyni zamanda tarixi, mədəni abidələrin qorunması, bərpası diqqət mərkəzindədir. Ötən dövrdə bu sahədə yol verilmiş pozuntular da aradan qaldırılır. Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən işğaldan azad edilmiş ərazilərdəki mədəniyyət abidələrinin qısa müddətdə yenidən siyahıya alınması və təftişinin aparılması ilə bağlı tapşırıq da verib. Eyni zamanda dini abidələr də diqqət mərkəzindədir. Məsələn, dünyada ən qədim məscidlərdən biri olan Şamaxıdakı Cümə məscidi bərpa olunub, Cənubi Qafqazda ən böyük məscidi olan Heydər məscidi istifadəyə verilib. O cümlədən xristian, alban kilsələri təmir və bərpa edilib. İşğaldan azad edilən ərazidə yerləşən Xudavəng monastırı da udin qardaşlarımıza qaytarılıb. Qafqaz Albaniyası 900 il mövcud olub, ancaq ermənilər bütün xristian abidələrini öz adlarına çıxmağa çalışır. Ermənilər Qafqaz Albaniyasının irsləri sırasına daxil olan Xudavəng monastırı da erməniləşdirməyə cəhd etmişdilər. Ancaq torpaqlarımızın işğaldan azad edilməsi ilə bu prosesin də artıq qarşısı alınıb. Ümumiyyətlə, Azərbaycan ərazisinin 20 faizə qədərini uzun müddət işğal altında saxlamış Ermənistan mədəni soyqırım da törədib. Bizim 60-dan çox məscidimiz dağıdılıb, şəhərlərimizi və kəndlərimizi viran qoyublar. Ancaq YUNESKO və digər beynəlxalq qurumlar indiyə qədər ermənilərin dağıtdığı mədəni abidələrimizlə maraqlanmayıb. Vətən müharibəsi dövründə bir kilsəyə təsadüfən kiçik zərər dəymişdi, tez reaksiyalar verilmişdi. Üstəlik, ermənilər milli musiqimizi, milli mətbəximizi də oğurlamağa çalışıblar. Biz Ermənistanın bütün bu əməllərinin də dünyada ifşa olunması istiqamətində ardıcıl iş aparmalı, təbliğata xüsusi önəm verməliyik.