Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, ABŞ-dakı seçki prosesi və gələcək ABŞ-Azərbaycan münasibətləri barədə nə deyə bilərsiniz?
- ABŞ-da “unikal” və saxtakarlıqlarla dolu bir seçki keçirilməsi bu ölkənin prezidenti və onun ən yaxın tərəfdarları tərəfindən iddia olunur. Görünən odur ki, dövlət hakimiyyət orqanları tezliklə Trampdan canlarını qurtarmaq istəyirlər. Məhz bu səbədən Trampın tərəfdarlarının seçki saxtakarlıqlarına dair 62 iddiasına məhkəmələr qanun pozuntularına dair ciddi əsasların olmadığını əsas gətirib baxılmamış saxladı. Bu hal yarıbayarı parçalanmış ABŞ cəmiyyətində qarşılıqlı nifrəti və düşmənçiliyi bir az da artırdı. Bu düşmənçiliyin və nifrətin nəticəsi olaraq dünən etirazçıların Konqresə basqını nəticəsində 4 nəfərin öldürülməsi xüsusilə kədərli hadisə idi. Dünyada demokratiyanı təbliğ və təşviq edən ABŞ-da iqtidar müxalifətin seçkiləri saxtalaşdırdığını iddia edir. ABŞ-ın qeyri-demokratik hesab etdiyi ölkələrdə isə müxalifət iqtidarı seçkiləri saxtalaşdırmaqda günahlandırır. Hər iki düşərgədə seçkilərin saxtalaşdırıldığı, hakimiyyətin qeyri-legitim olduğu iddia olunur. Hər halda demokratik dünyanın lider ölkəsi olan ABŞ-da seçkidə baş verənlər üzücü və dünyada demokratik proseslərə kölgə salan pis nümunədir. Bu ölkənin dünyada demokratiyanı dəstəkləmək cəhdləri bundan sonra uzun müddət təəssüf ki, acı gülüş doğuracaq. Bu ölkədə son prezident seçkilərinin hamısında saxtakarlıqlar edilməsi barədə ittihamların olmasına rəğmən ABŞ siyasi elitası şəffaf və hər kəsin etimad göstərəcəyi seçki islahatlarından yayınır. ABŞ -da baş verənlər həm də dünya üçün dərs götürüləsi hadisədir. Bir daha təsdiq oldu ki, xalq seçki qutusu başına gələrkən öz məsuliyyətini hiss etməli, peşəkar səviyyədə siyasətlə məşğul olmamış şəxsləri yüksək dövlət vəzifələrinə seçməməli, bu tipli şəxslərin siyasi vəzifələrə təyin olunmasına etiraz etməlidir. İş adamı Trampın prezidentliyi ABŞ-ın öz tərəfdaşları ilə münasibətlərinin sərinləşməsinə, dünyada gərginliyin artmasına, böyük dövlətlərin təkbaşına istədiklərini etməsi meyllərinin güclənməsinə yol açdı.
Yeni administrasiyanın bizə münasibətinə gəldikdə isə, mən əsassız təzyiqlərin və ittihamların olacığını gözləyirəm. Çünki Baydenin ermənipərəst mövqeyinə görə Azərbaycana dövlət yardımlarını qadağan edən qanunun müəlliflərindən biri olduğunu hamımız bilirik. Yeni administrasiyanın bizə təzyiqlərinin kökündə də eyni motiv dayanacaq. Amma ümid edirəm ki, ABŞ-ın dövlət institutları Azərbaycanın ABŞ üçün əhəmiyyətini nəzərə alıb Prezidentin ifrata varmasının qarşısını alacaqlar.
- Füzulidə yeni hava limanının tikilməsinə və Şuşaya yeni avtomobil yolunun çəkilməsinə də münasibətinizi bilmək maraqlı olardı. Çünki Xocalıda hava limanı var və kommunikasiyaların açılması nəzərdə tutulursa Şuşaya da köhnə yollardan istifadə etməklə getmək olardı. Həmin pullarla onlarla yaşayış məntəqəsini bərpa etmək mümkün idi. Niyə bu tipli layihələrə böyük məbləğdə vəsait xərclənir?