“Rus ordusu heç vaxt sülhməramlı ola bilməz. Tarixi vərəqləsək, rus hərbçisi haraya ayaq basıbsa, orada mütləq qan, qırğın, ərazi işğalı olubdur. Rusiya imperiyası daim öz ərazisini başqa xalqların torpaqlarını zəbt etmək hesabına genişləndirib. Uzaq keçmişə getmək lazım deyil. Yaxın tariximizin Gürcüstan, Dnestryanı, Ukrayna, Krım olayları buna sübutdur. İndi də Qazaxıstana qarşı ərazi iddiaları irəli sürməyə başlayıblar. Ermənilər harda bir kilsə görsə, “bura bizim torpaqdır” dediyi kimi, bunlar da harada 5-6 min rus yaşayırsa, “orada soydaşlarımıza təzyiq edirlər, onları qırırlar” “arqument”ləri ilə həmin ərazini özününküləşdirməyə çalışırlar...”
Azərbaycan dövlətçiliyinin, ordusunun yenicə formalaşdığı “körpəlik” çağlarında olduğu 1990-cı illərin çox mürəkkəb, ziddiyyətlli şəraitində Müdafiə naziri və digər hərbi vəzifələrdə çalışmış, həm sovet ordusunda xidməti boyu, həm də 1-ci Qarabağ savaşı zamanı Rusiya hərbçiləri ilə kifayət qədər ünsiyyətdə olmuş general-mayor Tacəddin Mehdiyev Moderator.az-a açıqlamasında məlum 10 Noyabr razılaşmasından keçən son iki aya yaxın dövrdə Rusiya sülhməramlı kontingentinin Qarabağdakı davranışlarını təhlil edərkən söyləyib.
“Dünən - yanvarın 6-da Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çox diplomatik şəkildə Rusiya sülhməramlılarının Qarabağda öz funksiyalarından kənara çıxmasını tənqid etməsi məni bu mövzuda ciddi düşünməyə vadar etdi...
Uzun illər sovet ordusunda hərbi xidmətdə olduğum dövrdə, eləcə də 1-ci Qarabağ müharibəsi zamanı onlarla kifayət qədər ünsiyyətdə olduğumdan rus hərbçilərinin psixologiya və xarakterinə gözəl bələdəm. Bunların qabağından qaçdıqca daha da azğınlaşırlar. Elə ki, gücünü, “dişi”ni göstərirsən, başlayırlar “zadni xod” edib geri çəkilməyə...
Yəni Rusiya qarşısında bu qorxu hissini birdəfəlik atmaq lazımdır. 1 milyonluq çeçen xalqı bunlarla illərlə döyüşdülər. Şeyx Şamil bu imperiya ilə 30 ilə yaxın vuruşdu... Onu nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan dövləti də, ordusu da artıq 1990-cı illərdəki kimi zəif deyil, kifayət qədər güclüdür. Üstəlik, Türkiyə kimi qardaşımız, arxamızda dayanıbsa, biz nədən qorxmalıyıq...
Konkret Qarabağdakı Rusiya sülhməramlılarına gəldikdə, öncə sual yaranır ki, necə oldu, məhz razılaşmanın imzalandığı 10 noyabr gecəsi artıq Ulyanovskda rus ordu birləşmələrinin Azərbaycana gəlməyə hazır vəziyyətdə dayandığı bilindi? Belə çıxır ki, bu, Putinin öncədən qurduğu senari olub...
İkincisi, məlum bəyanatda Laçın “dəhlizi”nin hava ilə 5 km enində nəzərdə tutulması ilə də razılaşmaq olmur. Gorus-Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin etmək üçün bu qədər məsafəyə ehtiyac yoxdur. Eyni zamanda bu halda uzaqda qalan Azərbaycan ordusu həmin yolla keçirilənlərə nəzarət edə bilmir... Yəni, ermənilər də, ruslar da buradan Qarabağa, Xankəndinə, kimi, yaxud nəyi istəsələr, keçirə bilərlər... Odur ki, Laçın yolunun Ermənistanla sərhəd məntəqəsindən keçən hissəsində Rusiya hərbçiləriylə yanaşı, mütləq Azərbaycanın Sərhəd və Gömrük xidməti əməkdaşları da dayanmalı və oradan keçən adamların şəxsiyyətinə, texnika və yüklərə nəzarət etməlidirlər. Rusiya hərbçiləri isə yalnız həmin yolla Ermənistana və Qarabağa qanuni şəkildə, yəni Azərbaycan sərhədçi və gömrükçülərinin razılığıyla gedib-gələn erməni və ya xarici vətəndaşların təhlükəsizliyini təmin etməli, gizli silah-sursat və ya digər qanunsuz əşyalar keçirildiyi müəyyən olunduğu halda bunun qarşısını almaqda Azərbaycan tərəfinə dəstək olmalıdır...
Üçüncüsü, bu günədək niyə Türk əsgərləri də ruslar kimi Qarabağa yerləşməyib? Və ümumiyyətlə, anlamaq olmur ki, Ermənistanın strateji, hərbi müttəfiqi olan, bu ölkədə bazası yerləşən, KTMT-nin üzvü olan Rusiya ordusu sülhməramlı adıyla Azərbaycan torpağına gələ bilir, ancaq Türkiyə gələ bilmir? Azərbaycan nədən Türkiyə ilə birbaşa hərbi saziş bağlayıb bu dövlətin burada bazasını yaratmır? Axı Ermənistanı sözsüz müdafiə edəcəyi bəlli olan Rusiyanın Qarabağa 1960, ancaq Türkiyənin cəmi 36 hərbçisi gəlirsə, burada tarazlıq, ədalət pozulur? Niyə Türkiyə əsgərləri də eyni sayda gəlməli deyil? Yəni əgər biz müharibəni dayandırırdıqsa, Azərbaycan torpağında - Qarabağda Rusiya ilə eyni funksiyanı, özü də bərabər nisbətdə Türkiyə də daşımalıydı...