Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadənin müsahibəsi:
- Asim bəy, bu gün dünya gözünü ABŞ-da demokratiyanın gözardı olunduğu, Konqresə hücumun və insan itkisinə səbəb olan qarşıdurma xəbəri ilə açıb. ABŞ siyasi sisteminə və mühitinə bələd olan biri kimi baş verənləri necə qiymətləndirirsiniz?
- Əslində ABŞ seçki sistemində yeni dəyişikliklər edilib. Bundan sonra keçirilən seçkilər məğlub olan tərəfin ciddi narazılığına səbəb oldu. Ümumiyyətlə, ABŞ siyasi sistemində son vaxtlar ciddi problem yaranıb. Obamadan sonra qeyri-sistem siyasətçisi Donald Tramp prezident seçildi. Ölkədə baş verən siyasi proseslərə onun əks-mövqeyi, yəni müəyyən bir təbəqənin mövqeyini ifadə etməsi əslində ölkədə qütbləşməni alovlandırdı.
Seçki sistemində narazılıqlar, xüsusilə poçt vasitəsilə səsvermə ciddi narazılığa səbəb oldu. Tramp iddia edir ki, hətta siyahılarda olmayanlar, miqrantlar, səsvermə hüququna malik olmayanlar seçkilərdə iştirak edib. Bu öz-özlüyündə gərginliyə səbəb olub. Nəticədə seçkilərdə iştirak edən iddialı namizədlərdən biri seçkinin nəticəsini tanımayıb.
Əslində isə son illər ABŞ-da demoqrafiya dəyişib. O cümlədən sosialist ideyaları populyarlaşıb. Demokrat Partiyası da bunu öz siyasi üsul və texnologiyalarında ciddi şəkildə istifadə edir. Məsələn, 20-30 il əvvəl ABŞ-da sosialist siyasətçi təhqir kimi qəbul olunurdu. Bu gün isə kommunist ideologiyasını amerikalı siyasətçilər açıq şəkildə təbliğ etməklə məşğul olur. Müəyyən qədər ölkədə qütbləşmə yaranıb. Hollivudun ideologiyasını sərgiləyən ideologiya faktiki Demokrat Partiyası tərəfindən istifadə olunur. Çox maraqlı bir məqam var. Tvitter və Feysbuk Prezident Trampın hesabına senzura tətbiq edib və ya bloklayıb. Amma İran və Çin prezidentlərinin sosial şəbəkə hesabları hansısa senzuraya məruz qalmayıb. Bu, öüz-özlüyündə ABŞ-da medianın bir əldə cəmləşməsi, yeni bir siyasi strukturun yaradılmasının təzahürü kimi ortaya çıxır.
Bütün bunların nəticəsində çox təəssüf doğuran hadisə meydana çıxıb. Kapitoliyə hücum, Konqresin fəaliyyətini dayandırması, Vaşinqtonda fövqəladə vəziyyətin elan olunması, habelə dörd nəfərin öldürülməsi baş verdi. Bu, əlbəttə ki, ABŞ demokratik sisteminə olan ağır zərbədir. Eləcə də ABŞ-da müəyyən problemlərin mövcud olmasının dünyaya nümayişidir.
- Aydındır ki, Trampın kifayət qədər tərəfdarı var. Bundan sonra ABŞ-da siyasi proseslərin ssenarisi hansı istiqamətdə inkişaf edə bilər?
- İndi proses səngiməyə başlayıb, nəzarət altına alınıb. Eləcə də Konqres yeni seçilən Bayden-Harris cütlüyünü təsdiq edib. Bundan sonra qütbləşmə necə gedəcək, bunun ABŞ siyasi sisteminə hansı formada təsir göstərəcəyi narahatlıqla izlənilir. İndiki halda ən ciddi narazılığın səbəbi demokratiyanın təməl prinsipi olan azad sözün və medianın bir siyasi partiyanın nəzarəti altında olmasıdır. Bu, özlüyündə narahatlıq yaradan amillərdən biridir.
Digər narahatlıq sözsüz ki, bizneslə bağlıdır. Məsələn, bəzi ştatlarda yüksək vergilər tətbiq edilir və bu, demokratların sayəsində olub. Nəticədə biznes daha münasib vergi şəraiti olan ştatlara köçürülür. Bu məqam da ştatların arasında müəyyən qarşıdurmalara, təzyiqlərə səbəb olur. Mənə elə gəlir ki, ABŞ-da mövcud olan siyasi sistemdə yaxın müddətdə ciddi islahatlar olmalıdır. İki partiyaya əsaslanan sistem ola bilsin ki, dəyişəcək, bəlkə də ABŞ-da yeni siyasi partiyalar formalaşacaq və bunun nəticəsində müvafiq islahatlar həyata keçiriləcək.
Bu gün vəziyyət elədir ki, seçilən prezident və onun partiyası həm Senata, həm də Nümayəndələr Palatasına nəzarət edir. Bəzi siyasi təhlilçilər iddia edirlər ki, ABŞ-da solçu bir partiyalı sistem yaradılır və buna da kəskin etiraz edirlər. Ola bilsin ki, indi bu etirazlar daha çox ekspert çərçivəsində olduğundan səsi eşidilmir. Ümumən ölkədə gərginlik var, qütbləşmə prosesi gedir. Bu həm Amerikanın dünyadakı imicinə mənfi təsir göstərir, həm də ölkənin iqtisadi sahədə olacaq gələcək problemlərinin təhlükəsini nümayiş etdirir. İndiki halda prosesləri izləmək lazımdır. Hələlik kəskin və zorakı halların qarşısı alınıb. Ölkəyə 20 yanvardan sonra yeni şəxs rəhbərlik edəcək. Ümidvaram ki, gələcəkdə bu qarşıdurmaların qarşısını alacaq siyasi üsullardan istifadə ediləcək, dialoq mühiti açıq saxlanılacaq.