“Aktyor var ki, 100-ə yaxın filmə çəkilir, yadda qalmır, amma mən bir filmdə çəkildim və tanındım. Bu bir tərəfdən yaxşıdır, digər bir tərəfdən də pis. Yaxşıdır ki, tanınıram, sevilirəm. Amma pis odur ki, efirlərə sırf bu filmlə bağlı çağırırlar. Adam bir filmdən nə qədər danışar? Ona görə də heç bir çəkilişə qatılmıram, verilişlərə getmirəm. Təkcə Roza Zərgərli çağıranda “hə” deyirəm, çünki o başqa insandır. Hər zaman sayır, hörmət edir. Onun “Bakı vaxtı ilə” verilişini xüsusilə izləyirəm”
Bunu “Bizim Cəbiş müəllim” filmində Makedon obrazının ifaçısı Aqil Ağacanov deyib. Sənətçi “Bizim Cəbiş müəllim” filmini ilk dəfə hərbi xidmətdə olarkən izlədiyini bildirib.
“Filmə çəkiləndən sonra hərbi xidmətə getdim, elə oldu ki, ekran işinə baxa bilmədim. Rusiyada xidmətdə idim, filmi ora göndərmişdilər. Əsgər yoldaşlarım filmə baxanda gözlərinə inanmadılar ki, oradakı mənəm. Sonra mənə münasibətləri daha da yaxşı oldu. Hərbi xidmətdən qayıdandan sonra kinostudiyaya getmədim, çünki aktyor olmaq istəmirdim. Restorana düzəlib, kababçı işlədim. Uzun illərdir ki, bu işlə məşğulam” - deyə bildirib.
Aqil Ağacanov filmə çəkilərkən heç bir çətinlik çəkmədiyini də bildirib.