Ermənistanın hərbi təcavüzü nəticəsində mülkiyyətinə ziyan dəymiş Ağdam rayonu Zəngişalı kənd sakini Şahsuvar Şikar oğlu Məmmədov şikayət məktubu ilə müraciət edib.
Pravda.az-ın məlumatına görə, Ş.Məmmədov müraciətində bildirib ki, 44 günlük Vətən Müharibəsində Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb və nəticədə onun da evinə top mərmisi düşüb. Zərərçəkmişin sözlərinə görə, top mərmisi evin damını, bütün pəncərələri və məişət əşyalarını sıradan çıxarıb, otaqları bir-birindən ayran divarlarda çatlar əmələ gəlib. Ş.Məmmədov iddia edib ki, buna görə dövlətdən ona veriləcək maddi yardım Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən tam şəkildə ünvanına çatdırılmayıb:
“Oktyabrın 12-də Ağdam rayonu Zəngişalı kəndindəki evimə top mərmisi düşüb. Evimə ciddi ziyan dəyib. Qəlpələr bütün hər tərəfə səpələnib, qapı-pəncərələr, çilçıraqlar, şkaflar, termo, televizor, dolab, tozsoran, soyuducular, geyindiyimiz paltarlar yararsız hala düşüb. Evin özü də tam qəzalıdır. 12 pəncərədən heç biri əmələ gələsi deyil. Mərminin yaratdığı zərbə dalğası pəncərələrdən 3-nü tamamilə çərçivədən çıxarıb. Evin damı dağılıb, divarlar çatlayıb. 130 kvadratmetrə yaxın ev qəlpələrdən deşik-deşikdir. Nazirlər Kabinetinin yaratdığı işçi qrupunun üzvləri evimdə oldular, aktlaşdırma işləri apardılar, 3 dəqiqəlik videoçəkiliş etdilər. Bildirdilər ki, evə dəymiş ziyan dövlət tərəfindən aradan qaldırılacaq, əlavə olaraq məişət əşyalarına görə maddi yardım ödəniləcək. Dekabrın 14-də Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamda açıq şəkildə göstərilir ki, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə altı min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə min beş yüz manat məbləğində maddi yardım göstəriləcək. Dekabrın 17-də Baş nazir Əli Əsədovun imzaladığı Sərəncamla zərərçəkmiş əhaliyə maddi yardımın edilməsi üçün Ağdam Rayon İcra Hakimiyyətinə bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz manat vəsait köçürülüb. Əfsuslar olsun ki, Ağdam Rayon İcra Hakimiyyəti ayrılan vəsaiti təyinatı üzrə, tam şəkildə vətəndaşların hesabına köçürməyib”.
Zəngişalı kənd sakini Ş.Məmmədovun iddiasına görə, ona 6 min manat maddi yardım edilməsinə ciddi əsaslar olsa da Ağdam Rayon İcra Hakimiyyəti qeyri-obyektiv bölgü aparıb, cəmi min manat vəsait ödənilib: “Evimdəki şəxsi əşyalarım, o cümlədən televizor, iki soyuducu, tozsoran, paltar şkafları, paltaryuyan, geyimlər mərmi qəlpəsi nəticəsində yararsız hala düşməsinə baxmayaraq, mənə cəmi min manat maddi yardım ödənilib. Həmin məbləğ “Kapital Bank”ın Quzanlı qəsəbəsindəki filialında mənim adıma açılan karta köçürülüb. Belə haqsızlıqla təkcə mən deyil, əksər Ağdam rayon sakinləri üzləşiblər. Bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətinə, Zəngişalı kənd icra nümayəndəliyinə, “Kapital Bank”ın Quzanlı qəsəbəsindəki filialına edilən müraciətlərim, şikayətim cavabsız qalıb. Hər kəs “mən bilmirəm” deyib, məsuliyyəti boynundan atır. Saytınız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək kömək istəyirəm. Xahiş edirəm ki, bizə çatacaq vəsaitin, ayrılan maddi yardımın tam həcmdə ünvanına çatdırılmasına göstəriş verilsin”.