Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa ölkəmizin gündəmində olan vacib mövzularla bağlı müsahibə verib.
- Fazil bəy, 2020-ci ilin yekunları ilə bağlı feysbuk statusunuzda diqqətimi çəkən bir məqam var idi. Xankəndi, Ağdərə, Əsgəranda bayrağımızın dalğalanması arzunuzu ifadə edərkən “bəlkə də 2021-ci ildə beşdə-beş qələbə qazanmağımız üçün rəmzi olaraq 55 günlük daha bir yürüşə ehtiyacımız olacaq”, yazmısınız. Açığı, Qarabağın sülhməramlılar və ermənilər olan hissəsindəki narahatlıq çoxlarında var. Üstəlik, ermənilərin revanş niyyətini də müşahidə edirik. Siz yaxın gələcəkdə növbəti savaşı, dediyiniz kimi, 55 günlük yürüşü gözləyirsinizmi?
- Bu qələbəyə baxışımı 44 günlük uğur üzərindən dörddə dördlük bir qiymətləndirmə ilə təqdim etmişdim. İndi bu 44 gündən daha böyük səbir və ağıl tələb edən simvolik olaraq 55 günə, yəni beşdə-beşlik nəticə əldə etməyə doğru çalışmamız lazım. Bunun üçün ilk növbədə 44 günlük savaşın cddi ictimai müzakirəsinə ehtiyacımız var. Uğurlarımızla yanaşı, səhvlərimizi də görməliyik. Satqınları, fərsizləri igidlərdən, cəsurlardan ayırmalıyıq. Satqınları həbsxanaya, fərsizləri məhəllələrdə domino oynamağa, igidləri, cəsurları isə iş başına gətirməliyik. Bu qələbə əsasən zabit və gizir heyətinin böyük şücaəti və şəhadəti nəticəsində qazanılıb. Demək ki, ixtisaslı əsgər hazırlığına günü bu gündən başlamalıyıq. Hərbi məktəblərdə tədrisin keyfiyyətini yüksəltməliyik. Hər hansı bir əsgər 1 il və yaxud 1 il 6 ay müddətində mənimsədiyi hərbi bilik və vərdişlərdən minimum səviyyədə test verdikdən sonra tərxis olunmalıdır. Əsgəri lazımi səviyyədə hazırlamayan komandirlərə qarşı sərt tənbeh tədbirləri tətbiq olunmalıdır. İlk növbədə Qarabağı deyil, ordu sistemimizi pultu başqa yerlərdə olan minalardan təmizləməliyik. Sülməramlıların yarada biləcəyi fəsadlar, ermənilərin revanşı məhz bizim onlara yaradacağımız boşluqlardan qaynaqlana bilər. İdeal sülməramlı missiyası onsuz da gözlənilən deyil. Əlimizdə bu missiyanı tarazlamaq üçün Türkiyə amili var. Azad etdiyimiz bütün ərazilərdə Türkiyə hərbi birləşmələrini tərəddüdsüz yerləşdirməliyik. Düşmən cinahında özbaşınalıq güclənərsə, birbaşa Qarabağda Türkiyə və Azərbaycan ordularının hərbi təlimlərini keçirmək zəruridir.
- Rus qoşunlarının Azərbaycanda sülhməramlı adı altında olması onsuz da birmənalı qarşılanmırdı. Üstəlik, rus əsgərlərinin bir sıra hallarda erməni mülki əhalisini deyil, hətta qanunsuz silahlı birləşmələri belə, himayə etmələri, onların ünvanına “tost” söyləmələri, həmin ərazilərdə qondarma rejimin “bayraq” adlandırdığı əski parçasının asılması sərt reaksiyalar doğurur. Vaxtilə Elçibəy hakimiyyətinin təmsilçisi olaraq rus əsgərinin Azərbaycandan çıxarılması prosesində iştirak etmiş biri kimi bu mənzərə sizə necə təsir edir?
- İndi biz otuz il öncəkindən fərqli Rusiya ilə üz-üzəyik. Hətta deyərdim ki, bu dəfə üz-üzədən daha çox, yan-yanayıq. Həm də bu dəfə biz Türkiyə ilə birlikdə Rusiya ilə yeni layihənin içindəyik. Bu layihənin uğuru bəlkə də bizdən və Türkiyədən daha çox Rusiyaya lazımdır. Regionun hərbi cəhətdən qaynar olması yerinə, iqtisadi cəhətdən qaynar xarakter alması daha çox Rusiyaya sərf edir. Ona görə də ilkin mərhələdə Rusiya sülhməramlıları fəaliyyət trayektoriyasını dəqiqləşdirməyə diqqət yetirir. İlk vaxtlar onların ermənilərin etimadını qazanmaq üçün müəyyən jestlər etməsi anlaşılandır. Ancaq bir qırmızı xətt var ki, oradan artıq böyük bir layihənin pozulması başlaya bilər. İnanmıram ki, ruslar bu dəfə qarşılarına çıxan fürsəti erməni maraqları üçün boşa çıxarsınlar. Burada sülhməramlı olaraq Rusiyanın başqa bölgələrdəki korlanmış imicinin bərpasından və regiona iqtisadi maraqlar baxımından uğurlu qayıdışından imtinanı nəzərdə tuturam. Azərbaycan öz maraqlarını Rusiya ilə açıq dialoqda bəyan etməlidir, eyni zamanda Türkiyənin də maraqlarını qətiyyətlə qorumalıdır. Ancaq bütün bunlardan öncə bölgədə ağıllı və sistemli məskunlaşmanı gecikdirməməliyik. Bizi ermənilərin hərbi yolla revanş variantları barədə düşünməsi çox da narahat etməməlidir. Əksinə, düşmənin bu davranışı bizə problemi kökündən həll etmək üçün ikinci və yekun fürsət yarada bilər. Ən təhlükəlisi ermənilərin iqtisadi açılımda təşəbbüskar rol alması olardı. Çünki bu sferada onların mövqe üstünlüyü əldə etməsini proqnozlaşdırmağı Azərbaycanın bolşevik inqilabından əvvəlki durumu ilə ciddi ədəbiyyatlardan tanış olanlar daha yaxşı bilərlər. Biz Qarabağ üçün doğru idarəetmə anlayışına və doğru kadr bankına sahib olsaq, nə sülhməramlılar, nə də ki, ermənilər bizim mənafelərimizə qarşı narahatedici addımlar ata bilərlər.
- Necə bilirsiniz, Rusiya sülhməramlıları gələcəkdə Azərbaycan üçün ciddi başağrısına çevrilə bilərmi?
- Əgər Türkiyədən kənar bölgədə başqa bir blokun və ya ölkənin qoşunu sülhməramlı adı ilə olsaydı, yenə də eyni sualı özümüzə verəcəkdik. Unutmayaq ki, sentyabrın 27-sindən öncə rus qoşunu birbaşa ermənilərin yanında idi və Dağlıq Qarabağdakı qondarma rejimin bütün üzdəniraq liderləri Rusiya xüsusi xidmət orqanlarının agentləri kimi tanınırdı. Və Rusiyanın də pərdə arxasından nə edib-etməyəcəyinə qarşı hansısa təminatımız yox idi. Xocalı qətliamını törətmiş 366-cı alay hələ məsələnin bəlli olan tərəfi idi. Bu qondarma rejimə silahların əksəriyyətini də bir çox hallarda ödənişsiz formada Rusiya vermişdi. İndi özümüzə sual verək ki, o Rusiya daha təhlükəli idi, yoxsa sulhməramlı statusla, həm bizim 5 illik razılığımızla, həm də 2 min hərbçi sayı ilə bitərəflik öhdəliyi götürmüş Rusiya? Üstəgəl, artıq Dağlıq Qarabağ yalnız Azərbaycanın deyil, həm də Türkiyənin şərəf məsələsidirsə, bu qədər pessimizmə qapılmamızın adı nədir? Əlbəttə, proses tam arzuladığımız məcrada getməyə bilər, ancaq Qarabağ savaşında da hər şey arzuladığımız kimi deyildi ki? Qətiyyətimizlə və Türkiyəmizin açıq dəstəyi ilə, habelə Rusiyanın açıq neytrallığı ilə prosesi öz xeyrimizə çevirdiksə, bunun davamı da niyə başqa cür olsun? Rusiya ilə dostluq və anlaşma təmaslarımızı gücləndirməliyik, Türkiyəyə hərbi və iqtisadi sferada açıq meydan verməliyik. Bütün hallarda zirvələrdən və qələbə əhvalından gələcəyə baxan bizik, qoy düzənlikdəkilər və məğlublar daha çox narahat olsunlar.
- Qarabağdakı ermənilərdən hələ kimsə Azərbaycanın bayrağı altında yaşamaq istəyini açıq ifadə etməyib. Belə olan halda, Qarabağ erməniləri ilə bağlı hansı addımların atılmasını zəruri sayırsınız?
- Onlar hələ ki Azərbaycan bayrağı altında yaşamağa layiq deyillər. Hələ ki terrorçu zehniyyətindən, daşnak ideologiyasından sağlam düşüncəyə yönəlməyiblərsə, onlardan nəyi açıq ifadə etməyi gözləyirik? Vaxtı çatanda onlar quzu-quzu bayrağımızın altından keçəcəklər. Dövlətimizin indiki strategiyasına diqqət yetirin, ərazilərin minadan təmizlənməsi, sərhədlərimizin bərpası, addım-addım məskunlaşma, iqtisadi layihələri gerçəkləşdirməyə prioritet məsələ kimi baxılır. Erməni məsələsi bu prosesin içində zamanla çözüləcək, xüsusi xidmət orqanlarımız, polisimiz, ordumuz, mülki təsisatlarımız gecə-gündüz ərazidə məqsədyönlü şəkildə çalışırlar.
- Hökumətin iştirakı ilə parlamentdə keçirilən 2021-ci ilin büdcə müzakirələrindən razı qaldınızmı?
- Büdcə müzakirələri bir növ ekstremal şəraitdə gerçəkləşdi. Hökumət ilin sonunadək yaxşı ki, büdcə zərfini müzakirəyə təqdim edə bildi. Maraqlı müzakirə oldu. Əlbəttə, burada Milli Məclisin sədri xanım Qafarovanın müzakirələrdə çıxış etmək istəyən bütün millət vəkillərinə geniş imkan yaratmasını xüsusi olaraq qeyd etməliyəm. Hökumətin təmsilçiləri də müzakirələrdə qaldırılan məsələlərə qaneedici həssaslıq göstərdilər və əksər sualları əhatəli cavablandırdılar. Büdcə kəsiri çox böyükdür, daxili borclanma da rekord səviyyədədir, ancaq unutmayaq ki, həm pandemiya ilə, həm də erməni vəhşiləri ilə savaşdan yeni çıxmış bir dövlət üçün bu, normal göstəricilər sayılmalıdır.