Türkiyə Azərbaycanın Gəncə, Lənkəran və Qəbələ şəhərlərində hərbi aviabazalar açacaq.
Bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Azərbaycan Suriya, Qətər, İraq, Sudan, Şimali Kipr Türk Respublikası kimi ölkələrdən sonra Türkiyə hərbi bazalarının yerləşdirildiyi növbəti ölkə ola bilər.
Suriya: Bu ölkədə keçirilən antiterror əməliyyatlarından sonra Suriyanın şimalında minlərlə türk hərbçisinin olduğu ehtimal olunur. Onlar qaçqın problemi, terror təşkilatlarının hücumlarının qarşını almaq kimi missiyaları icra edirlər.
İraq: PKK-ya qarşı aparılan antiterror əməliyyatları çərçivəsində bu ölkənin müxtəlif şəhərlərində Türkiyə hərbi hissələrinin olduğu bildirilir.
Somali: Türkiyə ordusu burada iki vəzifəni yerinə yetirir. 2017-ci ildə paytaxt Moqadişuda açılan Somali Türk Qüvvələri Komandanlığı Somali ordusu üçün zabit kadrları yetişdirir. İkinci fəaliyyət ərazisi isə Ədən körfəzi, Somalinin sahil suları, Ərəb dənizi və ətraf akvatoriyadır. Türkiyə hərbçiləri Türkiyə ticarət gəmilərini dəniz qulduru hücumlarından və soyğunçuluqdan qoruyurlar.
Livan: Türkiyə əsgəri BMT Müvəqqəti Missiyası (UNIFIL) nəzdində vəzifəsini yerinə yetirir. 10 ildən çoxdur ki, Türkiyə UNIFIL-i dəstəkləyir. Bu ölkədəki türk əsgərlərinin sayı 100 nəfərə yaxındır.
Qətər: 2017-ci ildən bəri Türkiyənin bu ölkədə daimi hərbi bazası fəaliyyət göstərir.