Müsavat Partiyasının başqanı Arif Hacılı deputatlığa namizədliyin qeydə alınması üçün tələb olunan seçici imzalarını toplasa da, 15 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyasına təqdim edə bilmir.
Pravda.az-ın xəbərinə görə, bu barədə A.Hacılı özü məlumat verib.
“Maliyyə arayışı almalı olduğum banklar, əmlakım barədə sənəd almalı olduğum reyestr idarələri, iş yerlərindən arayış verməli olan idarə və müəssələr 5 gündür ki, işləmir. Daha 2 gün işləməyəcək. Müsavat namizədlərinin artıq imzaları toplayıb başa çatdırdıqları 50-dən çox seçki dairəsində eyni vəziyyətdir.
Hələ bələdiyyə seçkiləri günlərində də DSK-lar bir neçə gün parlament seçkilərinə aid funksiyalarını yerinə yetirmədi. Cəmi iki ay olan seçki kampaniyasının 15% də belə oğurlanır.
Hələ başqa, daha böyük problem var. Qanuna görə namizəd olmaq üçün DSK-lara müraciət müddəti təqribən 4 həftə nəzərdə tutulsa da, bu, dekabrın 30-dan demək olar ki, mümkünsüz olub. DSK-dan bildiriş aldıqdan sonra bankda hesab açılmalı, yalnız bundan da 1 gün sonra imza toplamağa başlamaq olar. 8 gün banklar işləmir. Təsəvvür edin, DSK ərizəçiyə 5 gün müddətinə cavab verməlidir. Əgər dekabrın 25-də DSK-ya müraciət etmiş şəxsə 5 gün sonra cavab verilirsə, 8 gün də banklar işləmirsə, namizəd yalnız yanvarın 7-də bank hesabı aça və yanvarın 8-də, müraciət etdikdən iki həftə sonra imza toplamağa başlaya bilər. Seçki hüququnun ciddi pozuntusudur. Müsavat Partiyasının müvafiq idarələrin bayram günlərində işləməsi və ya qeydiyyat müddətinin 7 gün uzadılması tələbinə isə əməl olunmadı. Seçki hüququnun, qanunların pozulması və saxtakarlıqlara qarşı mübarizəmiz davam edəcək” – A.Hacılı qeyd edib.
Qeyd: Hazırda həmin seçki dairəsinin deputatı Ülvi Quliyevdir. O, hazırda da deputatlığa namizəddir. Yeni Azərbaycan Partiyası isə 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində 15 saylı Yasamal birinci seçki dairəsindən tanınmış uroloq Rauf Nağıyevin namizədliyini irəli sürüb.