Prezident İlham Əliyevin sərəncamı ilə Həsən Həsənov Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Pravda.az xəbər verir ki, Həsən Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olub. 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək, Bakıya gəlib və Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırıb. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirib. Tələbəlik dövründə qrup, fakültə və institut Komsomol Komitəsinin katibi olmuşdur. 1962-ci ildə Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilib. Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatının üzvü olub.
1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı (1962), Yasamal rayon Komsomol Komitəsinin katibi (1962–1965), Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri vəzifələrində çalışmışdır (1965–1966). 1966–1967-ci illərdə Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunun aspiranturada elmi-tədqiqatla məşğul olub.
1967–1969-cu iliərdə AKP MK-da təlimatçı vəzifəsində çalışıb.
1969–1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində işləmişdir. 1971-ci ildə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri (1971–1975), şöbə müdirinin müavini (1975) vəzifəsində çalışıb.
1975–1978-ci illərdə Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi, 1978–1979-cu illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi, 1979–1981-ci illərdə isə Kirovabad Şəhər Partiya Komitəsinin 1-ci Katibi vəzifələrində işləyib.