Nəsimi rayonunda vətəndaşın evinin qanunsuz olaraq sökülməsi və tanımadığı bir qadın tərəfindən şantaj olunması barədə məlumat vermişdik. İndi həmin qadınla bağlı maraqlı faktlar ortaya çıxıb. Əvvəlcə vətəndaşın evinin sökülməsi məsələsini xatırladaq:
Belə ki, Nəsimi rayonunda yaşayan Mansur Ələkbərovun evi qanunsuz olaraq sökülüb. Vətəndaş deyir ki, bu özbaşınalıqda birbaşa günahkar Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.
Narazı vətəndaş qeyd edir ki, evinə ödənən kompensasiya ilə razı olmadığı halda, məhkəmə qərarı olmadan mülkiyyəti dağıdılıb.
Tikintini aparan şirkət kimi "Marin Grup" və "Gloria Palace" göstərilir. Adı çəkilən şirkətlərdən hansının tikintiyə və söküntüyə nəzarət etdiyini vətəndaş özü də bilmir.
İşin çox ilginc bir tərəfi var. Belə ki, Mansur Ələkbərov deyir ki, ev məsələsi ilə bağlı problemlər ortaya çıxan zaman həmin ərazidə yaşayan Surə adlı qadın onu təxribata çəkib. Kompensasiya ilə razılaşmadığı üçün ona təzyiqlər etməyə başlayıb.
Surə adlı qadın vətəndaşa niyə təzyiq etməlidir ki, tikinti şirkətinin şərtləri ilə razılaşsın?
Surə Vedili adlı bu xanım mübahisə zamanı hətta Mansur Ələkbərovu vuraraq ona bədən xəsarətləri də yetirib. Bununla bağlı polis şöbəsində araşdırma da aparılır.